Üçüncü Dünya müharibəsi başlayır? - HƏRBİ EKSPERT AÇIQLADI

Üçüncü Dünya müharibəsi başlayır? - HƏRBİ EKSPERT AÇIQLADI

“İkinci Dünya Müharibəsi bitdikdən sonra dünya iki qütbə, yəni sosialist və kapitalist qütblərinə bölündü. Dünyada həm iqtisadi, həm siyasi, həm də hərbi kontekstdə münaqişələr baş verirdi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.


Onun sözlərinə görə, kiçik dövlətlərdə lokal müharibələr baş verirdi: “Bu müharibələr hibrid müharibələr formatında həyata keçirilirdi. ABŞ-ın hərbi əməliyyatlar apardığı ərazilərdə sovet hərbi kontingenti gizli yolla həmin ölkələrə kömək edirdi və bu münaqişələr getdikcə alovlanırdı, hər iki tərəf bir-birini məbluğ etmək üçün müəyyən tədbirlər həyata keçirirdi. Lakin soyuq müharibə bitdikdən sonra artıq dünyada iki qütblük məsələsi sıradan çıxdı. Dünya bir növ idarə olunmağa başladı. Yəni ABŞ, Britaniya və Rusiya strateji tərəfdaşlıq formatında fəaliyyət göstərməyə başladılar. Böyük dövlətlərin formatı yarandı və bu format dünyadakı bu cür müharibələrin qarşısını almaq üçün bütün potensialını ortaya qoydu. Hal-hazırda Ukraniyada qərb yönümlü qüvvələrin güclənməsi ilə Rusiya ilə Qərb arasında yaranan gərginliyi soyuq müharibənin yeni başlanğıcı, yeni formatda inkişafı kimi dəyərləndirilməlidir. Düşünmürəm ki, gələcəkdə Üçüncü Dünya müharibəsinin başlanmasına bir rəvac verilsin. Bu baxımdan "The Wall Street Journal" qəzetinin eksperti Endryu Mista bildirdiyi yaxın beş ildə böyük dövlətlər arasında silahlı münaqişə baş verə bilər fikri soyuq müharibə anlamına gəlir. Yəni böyük dövlətlərin bir-biriləri açıq şəkildə müharibə aparması dünyanın sonuna gətirib çıxarda bilər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə