Azərbaycanın siyasi-diplomatik uğurlarının Brüssel səhifəsi - MƏQALƏ
Son bir neçə ilin ölkəmizin siyasi tarixinin ən məhsuldar zamanları olduğunu desək yəqin ki, səhv etmiş olmarıq. 03 oktyabr 2019-cu il tarixində ölkə başçımızın Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası zamanı səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ilə başlayan bu proses bu gün də yüksələn xətlə davam etməkdədir. Yazının başlıq hissəsində həmin tarixi çıxışı xatırlatmağımız əlbəttə ki, əbəs deyil. Məhz həmin çıxış müasir diplomatiyamızdakı dönüş anının rəmzidir. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın həmin ilin avqust ayında Ümumerməni Oyunların keçirilməsiylə bağlı Xankəndinə səfəri zamanı “Qarabağ Ermənistandır, vəssəlam! ” ifadəsinə cavab olaraq ölkə başçımız tərəfindən beynəlxalq auditoriyada böyük qətiyyətlə, əzmkarlıqla verilən bu cavab siyasi tariximizə qızıl hərflərlə həkk olundu. Bundan sonra artıq sülh danışıqlarının faktiki olaraq öz əhəmiyyətini itirdiyi təsdiq olundu və beləliklə, Azərbaycanın xarici siyasətində hücum diplomatiyasının izləri daha aşkar şəkildə görünməyə başladı. Azərbaycanın qalibiyyəti ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra isə bölgədə yaranan yeni reallıqlar fonunda beynəlxalq auditoriyada Azərbaycanın gücünün və nüfuzunun daha da artması ilə bu gün xarici siyasətdə ən məhsuldar dövrlərimizi yaşayırıq. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat, həmçinin 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlar Azərbaycanın öz iradəsini, milli maraqlarını tamamilə ifadə edən tarixi sənədlər kimi dediklərimizin sübutu və təsdiqidir. Son günlərdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində ölkə başçımızın görüşləri, görüşlər nəticəsində əldə olunan nəticələr və ifadə olunan fikirlər bu paltformada da Azərbaycanın istəyinə nail olduğunun açıq ifadəsidir. İlk öncə qeyd edək ki, cənab İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə, NATO-nun Baş katibi Yens Stoltenberqlə, Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə, Fransa Respublikasının Prezidenti Emmanuel Makronla ikitərəfli və çoxtərəfli görüşlər həyata keçirib. Ölkə başçımıza göstərilən bu böyük diqqət əlbəttə ki, ölkəmizin siyasi arenadakı çəkisindən və nüfuzundan xəbər verir.
Qeyd edək ki, ölkə başçımızın NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündən sonra Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı baş tutub. Mətbuat konfransı bir çox maraqlı anlarla yaddaşlara həkk olunub. Ilk olaraq ən çox diqqət çəkən məsələlərdən biri sözsüz ki, Zəngəzur dəhlizində Ermənistanın gömrük yoxlamaları keçirmək iddiaları ilə bağlı suala ölkə başçımızın birmənalı cavabı idi. Belə ki, cənab İlham Əliyev suala cavabında tarixi 10 noyabr Bəyanatını xatırladaraq Zəngəzur dəhlizinin icrasının Ermənistan üçün öhdəlik olduğunu bildirdi. Bəli, Bəyanatın doqquzuncu bəndini xatırlayaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Beləliklə, bənddə də açıq-aydın görünür ki, Ermənistan tərəfi Azərbaycanla, onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin bərpası üzrə öhdəlik götürüb. Digər bir tərəfdən tarixi bəyanatın altıncı bəndinin son hissəsini xatırlayaq: “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. Faktlar da ortaya qoyur ki, hüquqi cəhətdən Zəngəzur və Laçın dəhlizləri bir-biri ilə eynilik təşkil edir. Bəs onda necə ola bilər ki, Azərbaycan öz sözünə, imzasına sadiqlik nümayiş etdirərək dəhliz boyunca insanların və nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edir. Ancaq Ermənistan tərəfi hələ də buna qarşı müqavimət göstərməyə çalışır. Bu hansı hüquqa, hansı qanuna uyğundur? Əlbəttə ki, heç birinə. Üstəlik bir reallığı da nəzərə alsaq ki, hazırda Azərbaycan – qalib, Ermənistan isə məğlub ölkədir, onda ümumiyyətlə Ermənistanın bu məntiqsiz mövqeyinin nə qədər absurd olduğu bir daha və daha qabarıq formada nəzər çarpır.
Qısaca, ölkə başçımızın da dediyi kimi, Zəngəzur dəhlizinin icrası Ermənistanın 10 noyabr Bəyanatından irəli gələn öhdəliyidir. Və gec-tez bu öhdəlik yerinə yetiriləcəkdir. Əgər Ermənistan Zəngəzur dəhlizində öz gömrük qurumlarının istifadəsi ilə bağlı israr edərsə, onda təbii olaraq Azərbaycan da eyni hüququnu Laçında reallaşdıracaq. Beləliklə, qərar Ermənistan tərəfinindir, ya hər iki dəhlizdə gömrük qurumları fəaliyyət göstərəcək, ya da heç birində. Ədalət bunu tələb edir. Onu da qeyd edək ki, artıq Azərbaycan və Ermənistan rəhbərlikləri Zəngəzur dəhlizi boyu dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılığa gəlib. Eyni zamanda, magistral yolun inşasına dair razılıq əldə edilib. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb.
Mətbuat konfransında növbəti sual azərbaycanlı jurnalist tərəfindən verildi. Sual, Azərbaycan-Ermənistan arasında sülh sazişi bağlamaqda NATO-nun oynaya biləcəyi rolla bağlı idi. Baş katib Yens Stoltenberq cavabında bildirdi ki, NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. Həmçinin o da vurğulandı ki, NATO diplomatik səyləri, üçtərəfli səyləri və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini güclü şəkildə dəstəkləyir.
Sonda Brüssel görüşlərinin nəticələrini ümumiləşdirsək, deyə bilərik ki, Prezident İlham Əliyev Moskva və Soçidən sonra Brüsseldən də Azərbaycanın siyasi-diplomatik qələbəsini təmin edən lider kimi qayıtdı. Azərbaycanın mövqeyi yekunda verilən bəyanatda öz əksini tapdı. Sərhədlərin və ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsi, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması Azərbaycanın mövqeyidir və bu mövqe beynəlxalq dəstək qazanmaqdadır. Artıq bu mövqe NATO-dan da dəstək qazanmış sayıla bilər.
Samir Hüseynov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB