Medianın inkişafına təkan verəcək növbəti qanun TƏHLİL

Medianın inkişafına təkan verəcək növbəti qanun TƏHLİL

Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” tarixi fərmanı “Media haqqında” qanunun qəbuluna yol açdı

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın bütün sahələrində islahatlar gedir. Və bu gün mətbuat sahəsində geniş islahatlara başlanılması və bu islahatların davamı olaraq “Media haqqında” qanun layihəsinin hazırlanıb, geniş müzakirəyə çıxarılması bir daha dövlətin medianın inkişafına göstərdiyi diqqət və qayğısının göstəricisidir. Dekabrın 10-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi başlayıb və dekabrın 14-də parlamentin keçirilən plenar iclasında “Media haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil, 78 maddədən ibarətdir. Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Yeni qanunda qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 (üç) ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 (üç) iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.

Mediasının inkişaf etdirilməsi dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir

Azərbaycan mediasının inkişaf etdirilməsi hazırda dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir. Azərbaycan dövləti üçün milli informasiya məkanında davamlı inkişaf və irəliləyişə nail olmaq məsələsi də daim ön planda olub. Ancaq tarixi qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra görülən əməli işlər dövlətin bu inkişafa xüsusi diqqətini növbəti dəfə ortaya qoyub. Bu mənada 12 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman böyük önəm daşıyır.

Sözügedən sənədlə Medianın İnkişafı Agentliyinin və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə qarşıya tapşırıq qoyuldu. Odur ki, media sahəsindəki islahatlar və onun tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsinin təcəssümünə çevrildi. Atılmış addımlar isə, ilk növbədə, ölkəmizdə media sahəsindəki problemlərin həllinə, medianın inkişafı üçün daha geniş imkanların yaradılmasına hədəflənib.

Dünya praktikasında medianın inkişafı üçün qanunların işlək və dövrün çağırışlarına cavab verdiyi mühitlər daha əlverişli sayılır. Ölkəmizdə qəbul edilməsi gündəmdə olan «MEDİA haqqında» yeni qanun da məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi bir addım kimi qarşımıza çıxır. Bu qanun layihəsi Azərbaycan mətbuatının tarixində yeni mərhələyə start verilməsi anlamına gələcək və inkişaf perspektivləri baxımından yeni imkanlar təmin edəcək. Sözügedən proses həmçinin yeni reallıqları, çağırış və prosesləri özündə əks etdirir desək yanılmarıq. Çünki Azərbaycanda media sahəsində fəaliyyətlə bağlı qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun 22 il bundan əvvəl qəbul edilib. Dünya tarixi üçün qısa sayılsa da, ümumən digər bütün sahələrdəki inkişafı və yenilikləri nəzərə aldıqda, sözügedən müddət olduqca böyük müddət hesab olunur. Buna görə də, 1999-cu ildə qəbul olunmuş hazırkı qanuna bu günə qədər 79 dəfə dəyişiklik edilməsi zərurəti olub. Lakin buna baxmayaraq, hələ də müasir dövrün çağırışlarını tam olaraq qarşılamır. Bu mənada yeni qanun layihəsinin hazırlanması dövlətin ölkə mediasının müasir tələblər əsasında inkişafına təkan vermək istəyini ortaya qoyur.

“Media haqqında” qanun xalqla, ictimaiyyətlə media arasında inamın, etimadın gücləndirilməsini təmin edəcək

“Media haqqında” qanun layihəsi ilə birlikdə ölkəmizdə media subyektlərinin dəqiq təsnifatı və eyni zamanda jurnalistlərin sosial portreti müəyyən ediləcək. Belə ki, yeni qanun jurnalist peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək. İctimaiyyət arasında jurnalistika sahəsinə və ümumən jurnalistlərə qarşı formalaşan mənfi təsəvvürlərin ləğv olunmasına öz töhfəsini verəcək. Başqa sözlə ictimaiyyətlə media arasındakı qarşılıqlı etimadın güclənməsini təmin edəcək. Yeni layihə təkcə media ilə ictimaiyyət arasındakı münasibətlərə təsir göstərməyəcək, eyni zamanda, dövlətlə münasibətlərdə hüquqi mənzərənin konkretləşməsinə təsir göstərəcək. Bir sözlə, bu qanun ölkə jurnalistikasında yeni bir mərhələ olacaq, mediya və mediya işçiləri üçün yeni imkanlar yaradacaq, onların səmərəli fəaliyyətinə təkan verəcək.Yeni qəbul ediləcək qanun jurnalistikaya və eyni zamanda, jurnalistlərə qarşı formalaşan neqativ təsəvvürləri aradan qaldıracaq. “Media haqqında” qanun xalqla, ictimaiyyətlə media arasında inamın, etimadın gücləndirilməsini təmin edəcək və heç bir əsası olmadan özünü jurnalist adlandıran, özlərini jurnalist kimi təqdim edən və jurnalistikadan heç bir anlayışı olmayan insanların qarşının alınmasına xidmət edəcək.

Bir sözlə, tarixi qələbəmizlə yekunlaşan İkinci Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. Və bu gün Azərbaycanda media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir.

Beləliklə, “MEDİA haqqında" yeni qanun Azərbaycan mətbuatı üçün yeni üfüqlər açacaq, milli media məhsulunun istehsalını stimullaşdırmaqla, yerli medianın inkişafına təkan verəcək, informasiya təhlükəsizliyini qorumaqla yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına şərait yaradacaqdır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə