Dövlətin sosial qayğısı davamlı xarakter daşıyır - DEPUTAT ŞƏRH ETDİ

Dövlətin sosial qayğısı davamlı xarakter daşıyır - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirmiş əlillərin sosial problemləri də daim diqqət mərkəzindədir. Onların mənzillə təminatı, minik avtomobilləri ilə təmin edilməsi, məişət şəraitlərinin yaxşılaşdırılması və sosial müdafiəsi ildən-ilə gücləndirilir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Prezident İlham Əliyevin “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması" haqqında Fərmanını şərh edərkən bildirib.

Deputat qeyd edib ki, bu sənəd ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş qəhrəman Vətən övladlarına və şəhid ailələrinə dövlətimizin növbəti sosial qayğısı hesab edilə bilər: “Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının, onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən görülən işlər əhatəli xarakter daşıyır. 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra dövlətimiz ərazi bütövlüyümüzün təmin olunmasında fədakarlıq göstərmiş bütün hərbçilərə və onların ailələrinə davamlı olaraq mühüm imtiyazlar, güzəştlər etməkdədir. Son bir ildə dövlət başçısı tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazların əhatə dairəsi genişləndirilib, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin sosial müdafiəsi ilə bağlı bir sıra güzəştlər də nəzərdə tutulub. Şəhid ailələrinə Prezident təqaüdü, şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə hər bir ailə üzvünə 80 manat məbləğində müavinət müəyyən edilib. Bütün şəhid ailəsi üzvlərinin mənzil və ya fərdi evlə, avtomobillə təmin edilməsi nəzərdə tutulub. Şəhid ailəsi üzvlərinin sanatoriya-kurort müalicəsi xərcləri dövlət tərəfindən ödənilir, şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar. Ailə üzvləri ilk növbədə, növbədənkənar işlə təmin olunur, yaxud özünüməşğulluğa cəlb edilir. Şəhid ailəsi üzvləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər nəzərdə tutulub. Eləcə də, qazilərimiz üçün dövlətin kifayət qədər sosial dəstəyi vardır. Onlara Prezident təqaüdü və aylıq müavinətlər ödənilir, mənzil və avtomobil təminatı davamlı olaraq yerinə yetirilir. İşlə təmin edilməsi üçün xüsusi imtiyazları var, qazilərimizin övladları təhsil haqqını ödəməkdən azaddırlar. Həmçinin, Prezidentin “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və qanunlarda, Əmək və Vergi Məcəllələrinə dəyişikliklər etməsi Vətən müharibəsi iştirakçılarının ailələrinə müxtəlif sosial güzəştlərin tətbiqinə səbəb olub. Eyni zamanda, Vətən müharibəsi qəhrəmanları gəlir vergisindən azad olunublar. Bütün bu qərarlar bir daha Azərbaycan hökumətinin ordumuza, hərbçilərimizə davamlı olaraq öz sosial qayğısını artırmaq niyyətini göstərir”.

A Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin qayğısı sayəsində şəhid ailələri üçün aylıq təqaüd 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb: “I qrup əlilliyi olanlara, o cümlədən I qrup müharibə və 20 Yanvar əlillərinə qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis olunub. Bundan başqa, dövlətimiz bu sosial qruplara müxtəlif güzəştlər edir, onların övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, müxtəlif sosial imtiyazlar verilib. Bütün bunlar həmin şəxslərə dövlətin daha etibarlı və ən yüksək qayğısı hesab edilə bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə