Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilib
Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda keçirilən VIII hesabat-seçki Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilib. Prezident İlham Əliyev çıxışlarının birində belə deyib: "1997-ci ildə Azərbaycan idman ictimaiyyəti bu etimadı mənə göstərib. Hesab edirəm ki, mən bu şərəfli missiyanı bu günə qədər icra edirəm. Baxmayaraq ki, o vaxtdan altı il sonra mən ölkə Prezidenti seçilmişəm. Əlbəttə ki, mənim məsuliyyətim böyük dərəcədə artıb. Ancaq Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çalışıram ki, idmanın inkişafı ilə bağlı bütün məsələlərə diqqət yetirim".
Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə Sədrlik etdiyi bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. Belə ki, Ulu Öndər tərəfindən Atlanta Oyunlarına hazırlıq haqqında sərəncamın imzalanması, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini vermiş oldu. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi. Həmin zamandan Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında da böyük canlanma diqqətdən yayınmayıb. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarında iştirak edib. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunub. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkatı tarixində ən böyük uğuru idi.
Qısa bir müddətdə Milli Olimpiya Komitəsinin 1998-ci ildən başlayaraq, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən müasir idman qurğularının yaradılması istiqamətində apardığı layihələrin artıq ilk nümunələri tamamlanaraq idman ictimaiyyətinə təqdim edildi. Bakıda ilk Olimpiya Kompleksi və Milli Olimpiya Komitəsinin yeni inzibatı binası istifadəyə verildi. Yeni idman qurğularının tikintisi nəinki paytaxtda, eləcə də ölkəmizin bütün regionlarında geniş vüsət aldı. Bu layihələr ölkədə idmanın kütləviliyinin artırılması, regional səviyyəli yarışların keçirilməsində paytaxtdan kənarda məşğul olan gənc idmançıların müasir idman qurğularından istifadədən zövq alması üçün gözəl imkanlar yaradır.2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında, idman tariximizdə ilk dəfə olaraq, 5 medal qazandı. Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanın gənc atletləri beşi qızıl olmaqla 12 medal qazanaraq, 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur. Bütün bunlar Cənab İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələridir.
Prezident Cənab İlham Əliyevin həm ölkə idmanına, həm də ümumiyyətlə beynəlxalq Olimpiya Hərəkatının inkişafı üçün verdiyi töhfələr diqqətdən yayınmır. 2004-cü ilin aprel ayında Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Hərəkatında göstərdiyi görkəmli xidmətlərinə görə təşkilatın ən yüksək mükafatını - "Olimpiya Ordeni"ni təqdim edir. Bu, Cənab Prezidentin böyük səylərinin yüksək səmərə verdiyinin, ölkəmizin nəzərəçarpan nailiyyətlər əldə etdiyinin beynəlxalq təşkilatlar tərəfindən tanınması deməkdir.
2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə "Bədən tərbiyəsi və idman günü" olaraq təsis edilməsi bədən tərbiyəsi və idman ictimaiyyəti arasında yüksək əhval-ruhiyyəyə səbəb oldu. Bu günün seçilmə səbəbi də təsadüfi deyildi. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, sağlam həyat tərzini və idmanın inkişaf tələblərini təmin etmək məqsədilə əsaslı vəsait ayıraraq, İdman Fondunu yaratmış və beləliklə, böyük uğurların təməli qoyulmuşdu.
"İDMAN DOSTLUĞU MÖHKƏMLƏNDİRƏN, XALQLARARASI MÜNASİBƏTLƏRİ GÜCLƏNDİRƏN ÖNƏMLİ BİR AMİLDİR"
Artıq MOK beynəlxalq miqyasda böyük nüfuz qazanıb, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilib. Yeni idman qurğularının ölkəmizdə olması beynəlxalq səviyyəli yarışların təşkili üçün də lazımı şəraiti təmin edir. Odur ki, 1999-cu ildən başlayaraq, beynəlxalq idman tədbirlərini ölkəmizdə təşkil etmək bir ənənə halını almışdır. Ötən dövr ərzində Azərbaycanda təşkil edilmiş beynəlxalq səviyyəli yarışların sayı artıq yüzlərlə ölçülür və ilbəil artır. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları da buna nümunədir. Belə ki, müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi Olimpiya növlərinə daxil olan idman yarışları, məhz Azərbaycanda keçirilib. Əlbəttə ki, son illərdə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi də buna imkan yaradıb. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə Avropa Olimpiya Komitəsinin inamı idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətlidir. İlk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə apardı. Yarışlar Bakıda 21 idman obyektində keçirildi. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdi və özünü dünyada idman ölkəsi olaraq tanıda bildi. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. İdman arenalarında Azərbaycanın Dövlət Himninin 75 dəfə səslənməsi, təbii ki, böyük qürurdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Bu Oyunların keçirilməsi həm ölkəmizin potensialını, həm bizim siyasətimizi, həm də imkanlarımızı göstərir. Çünki bu Oyunlar, sadəcə olaraq, idman yarışları deyil. İdman dostluğu möhkəmləndirən, xalqlararası münasibətləri gücləndirən önəmli bir amildir.Bir şəhərdə cəmi iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir".
Qeyd edək ki, Minskdə keçirilən İkinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. Ümumilikdə, 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb. Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, İkinci Avropa Oyunlarında da Rusiya komandası medal siyahısında birinci yeri tutdu. Azərbaycan Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etdi. Ölkəmizdə keçirilən yarışlar və Azərbaycanın beynəlxalq oyunlarda iştirakı Azərbaycanın idman siyasətinin qələbəsi və beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin, idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin təzahürüdür.
XVI YAY PARALİMPİYA OYUNLARI AZƏRBAYCANIN İDMAN TARİXİNDƏ YENİ HADİSƏYƏ ÇEVRİLDİ
2019-cu ilin iyul ayında Bakıda təşkil olunmuş XV Avropa Gənclər Yay Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı oldu. 48 ölkəni təmsil edən 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı. Azərbaycan komandası Avropanın Rusiya, Böyük Britaniya və Türkiyə istisna olmaqla, bütün ölkələrini, o cümlədən Fransa, Almaniya, İtaliya, Ukrayna, İspaniya, Çexiya, Hollandiya, Belarus, İsveçrə, Avstriya və başqalarını qabaqlayaraq, festivalda 23 medal qazanmış və ümumi komanda hesabında 4-cü olmuşdur.Tokio 2020 Yay Olimpiya Oyunları bütün dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayında keçirildi. Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında 3 gümüş və 4 bürünc medal qazanan Azərbaycan idmançıları yarışı 67-ci, medalların sayına görə 31-ci sırada tamamladılar.
İdmanın kütləviliyinə nail olmaq, gənclərin sağlam böyüməsini təmin etmək və onları zərərli vərdişlərdən uzaqlaşmalarını təmin etmək məqəsdilə ölkədə 48 olimpiya idman kompleksləri istifadəyə verilmişdir. Onu da vurğulayaq ki, Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakını da uğurla başa vurdu. XVI Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 529 dəst medal uğrunda yarışlar keçirildi və yarışlarda Azərbaycan möhtəşəm uğurlara imza atmış oldu. Belə ki, Azərbaycan millisi yarışlarda 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanmış oldu. Bu, Azərbaycanın idman tarixində yeni hadisəyə çevrildi. Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 20-ci, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri sırasında 1-ci, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb. Dörd idmançımız isə "Tokio-2020"də rekordlara imza atıb. Əlbəttə ki, bu Azərbaycan idmanının, paralimpiyaçılarımzın gücünün göstəricisidir. Azərbaycanın 25 illik paralimpiya tarixində bu, ən uğurlu Paralimpiya Oyunları kimi tarixiləşdi.
"İDMANIN İNKİŞAFI XALQIN SAĞLAMLIĞIDIR VƏ AZƏRBAYCAN XALQI SAĞLAM OLMALIDIR"
Ölkə Prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin MOK, Gənclər və İdman Nazirliyi tərəfindən təqaüdlərlə təmin etməsi də ölkəmiz də Olimpiya Hərəkatına müsbət təsir edən amillər sırasındadır. MOK Azərbaycanda idmanın və Respublika Olimpiya Hərəkatının inkişafına xüsusi qayğı göstərir. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. Bu gün Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilib. Azərbaycanın bölgələrində onlarla müasir Olimpiya İdman Kompleksi tikilib. Bakıda isə ən müasir idman infrastrukturu mövcuddur. 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəz və s. müasir idman qurğularıdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda, Azərbaycan gənclərini sağlam və fəal həyat tərzinə təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013–2023-cü illəri əhatə edən İnkişaf Strategiyası həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan: "Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB