Ermənistan heç bir zaman Azərbaycanla müqayisə edilə bilməz - DEPUTAT ŞƏRH ETDİ

"Cənab Prezidentə dünyanın aparıcı mətbuat orqanlarının nümayəndələrinin tez-tez müraciət etməsi onun şəxsiyyətinin, fəaliyyətinin dünya üçün böyük maraq doğurmasından irəli gəlir. Onun apardığı siyasət Azərbaycan ərazi bütövlüyünü təmin etməyə, regionda yeni reallıq yaratmağa imkan verdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, cənab Prezident bu gün dünya ölkələri arasında mehriban əməkdaşlığın, qarşılıqlı dəstəyin fəal təbliğatçılarından biridir: "İspaniyanın tanınmış mətbuat orqanına müsahibəsi zamanı o Azərbaycanı bir daha bütün müsbət çalarları ilə göstərə bildi. Ermənistanla münasibətlər məsələsinə toxunduqda müharibənin bitdiyi artıq yeni dönəmin başladığını vurguladı".

Deputat sözlərinə belə davam edib: "Ermənistan daxilində revanşizmin olduğu bugün hər kəsə aydındır. Ancaq bugün cənab Prezident bildirdiyi kimi Ermənistanın Azərbaycana qarşı hərbi gücü yoxdur. Ermənistan öz iqtisadiyyatını qura bilmir, Ermənistan qonşu dövlətlərlə sıx əməkdaşlıq qura bilmir, Ermənistan bugün qonşu dövlətlərin torpaqlarına iddia edir və 90-cı illərin keçid dövrünün hələ də xülyası ilə yaşayır. Heç bir zaman o Azərbaycanla müqayisə edilə bilməz, heç bir zaman Azərbaycanın qüdrətinə çata bilməz. Bununla belə Azərbaycan keçmişin vərəqini çevirmək, yeni münasibətlər qurmağa Ermənistanla həmişə hazırdır. Ermənistan əgər Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd edəcəksə, Azərbaycanla hərb dilində danışmaq istəyəcəksə onun aldığı cavab Vətən müharibəsindən də qat-qat ağır olacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə