Azərbaycan mövqeyi aydın, birmənalı, qətiyyətli və konkretdir - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində olduqca aktual və əhəmiyyətli məsələlərə toxundu, Azərbaycanın prinsipial yanaşmasını - qətiyyətli mövqeyini diqqətə çatdırdı, bölgədə hazırkı vəziyyət və regional proseslərin gələcəyi ilə əlaqədar vacib mesajlar verdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, dövlət başçısının səsləndirdiyi fikirlər, ilk növbədə, qalib Azərbaycanın gələcəyə yönəlik aydın strateji baxışlarının olduğunu və prinsipial məsələlərdə milli maraqlara əsaslanan konkret yanaşma sərgilədiyini bir daha təsdiqlədi: “Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazır olduğunu, bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilmədiyini bir daha nəzərə çatdırdı. Həqiqətən, bu gün sülh müqaviləsinin imzalanması məsələsi böyük aktuallıq kəsb edir və xüsusi önəm daşıyır. Azərbaycan mövqeyi aydın, birmənalı, qətiyyətli və konkretdir. Ermənistan qarşısındakı şərtlərimiz də bəllidir: məğlub ölkə yeni şəraitdə reallıqlara uyğun davranmalı, praqmatik mövqe sərgiləməlidir, öz qonşuları ilə normal münasibətlər qurmalı, ərazi iddialarından əl çəkməlidir. Eyni zamanda, Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparılmalı, sülh müqaviləsinə hazırlıq işlərinə başlanılmalıdır. Ermənistan siyasi rəhbərliyi yaxşı anlayır və anlamalıdır ki, o, eləcə də ona havadarlıq edən bəzi xarici güc mərkəzləri regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyillər. Ona görə də qalib və haqlı Azərbaycanın diktəsi fonunda reallıqlarla tam barışaraq şərtləri qəbul etmək və beynəlxalq hüquq normalarına uyğun davranış sərgiləmək məcburiyyətindədir. Ermənistan hazırkı mərhələdə sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışsa da, birdəfəlik geosiyasi qaçış şansı yoxdur. Azərbaycanın geostrateji pressinqi qarşısında iqtisadi və siyasi taqətdən düşən Ermənistan sülh müqaviləsinə imza atacaq. Sadəcə, məğlub ölkə və ona havadarlıq edən qüvvələr anlamalıdırlar ki, zaman onların əleyhinə işləyir”.
“Azərbaycan Prezidenti bəhs olunan müsahibəsində, həmçinin Zəngəzur dəhlizinin açılmasından, kommunikasiyaların bərpasından bəhs etdi. Əlbəttə, Zəngəzur dəhlizinin yaradılması təkcə Azərbaycanın deyil, eyni zamanda, regionda bütün xalqlar və dövlətlərin mənafeyinə xidmət edən, həmçinin Avrasiyada bir çox ölkəyə iqtisadi və siyasi mənfəət vəd edən təşəbbüsdür. Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi Azərbaycan Prezidentinin siyasi iradəsinin, milli məzmunlu qlobal düşüncəsinin və gələcəyə aydın strateji baxışının ifadəsidir. Digər tərəfdən, bu, təkcə kommunikasiyaların bərpası, nəqliyyat-tranzit xəttinin yaradılması təşəbbüsü deyil, özündə siyasi, iqtisadi, mənəvi və tarixi məqamları ehtiva edən məsələdir”,-deyə politoloq əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB