İrəvan Brüsseldə Bakının məngənəsindən çıxa bilmədisə... ANALİTİK+AKTUAL
Paşinyanın Əliyevin qətiyyətli şətrləri qarşısında inadkarlığı onun vəziyyətini daha da kritikləşdirir
Brüsseldə Şərq tərəfdaşlığı sammiti çərçivəsində cərəyan edən hadisələr dünya gündəminin ən çox danışılan mövzularından biri oldu.

Bu xüsusda, Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun mənzil qərargahında keçirilən görüşü və Alyansın Baş katibi Yens Stoltenberqlə çıxış etdiyi brifinqdə hər iki tərəfin irəli sürdükləri fikirləri, o cümlədən, Azərbaycanın NATO əməkdaşlığı çərçivəsində göstərdiyi fəaliyyətinin yüksək şəkildə qiymətləndirilməsi, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə baş tutan görüş və görüş sözügedən əsnasında qarşılıqlı etimad və səmimiyyət faktorunun mövcudluğu diqqət mərkəzində idi.

SİA mövzu ilə bağlı təhlilini təqdim edir:
Söz yox ki, bu görüşlərin təməlində dayanan əsas mövzular Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər idi ki, burada Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı, həmçinin mövqeyi diqqət mərkəzinə çevrilmişdi.
Şərtləri İlham Əliyev diktə edir!
Belə ki, münaqişənin başa çatmasından bir ildən çox vaxt ötdüyünə baxmayaraq, Ermənistan rəhbərliyi hazırkı dövrə qədər imzalanma ilə nəticələnmiş bəyanatlardakı öhdəliklərinə əməl etməkdən ciddi-cəhdlə yayınırdı. Əsasən, Zəngəzur dəhlizinin açılması ətrafında müxtəlif manipulyasiyalar və spekulyasiyalar edən Nikol Paşinyanın haqsızlığı, uğursuz inadkarlığı da nəzərlərdən yayınmadığı üçün bu məsələdə Azərbaycanın nümayiş etdirəcəyi mövqeyi hər kəsdə daha çox maraq doğururdu. Daha dəqiq desək, Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən proseslərə qətiyyətli münasibəti və bəyanatları səbirsizliklə gözlənilirdi.

Beləliklə, dövlət başçımız Zəngəzur dəhlizi ilə bağlı ümumi razılığa gəlinməyəcəyi halda, Laçın dəhlizində buraxılış-keçid məntəqələrinin qurulacağı barədə bəyanat səsləndirdi və onun bəyanatı dərhal erməni tərəfində panik reaksiyaya səbəb oldu. Misal üçün, həmin bəyanatdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan Facebook sosial şəbəkəsində iddia etməyə başladı ki, guya Azərbaycan regional kommunikasiyaların açılması məsələsini dalana sıxışdırır. O, Azərbaycanın ölkə başçısının regional kommunikasiyalarını Laçın dəhlizi ilə paralel tutmasını qəbul etmədiyini deyir və Ermənistan üçün qəbulolunmaz olduğunu bildirir. Ancaq erməni baş nazir bir faktı unudub ki, o, müharibədən uduzmuş tərəf kimi çıxıb və şərtləri də o deyil, məhz İlham Əliyev diktə edir!
Moskva Bakıdan hansı xahişi edib?
Paşinyan Brüsseldəki üçtərəfli görüşü zamanı bu mövzunu dilə gətirəcəyini də bildirirdi. Amma erməni baş nazirinin bu fikirləri elə fikir olaraq qaldı və görüşlər əsnasında Bakının mövqeyi diqqətə alındı, yəni Prezident İlham Əliyevin yüksək diplomatiyası və praqmatikliyi, habelə, qətiyyəti Nikol Paşinyanın fikirlərini, sözün əsl mənasında, alt-üst etdi.
Bu zaman haqlı olaraq sual yaranır: Bəs prosesi daha aydın tərzdə necə şərh edə bilərik?
Söz yox ki, biz Brüssel görüşündən əvvəl keçirilmiş Soçi görüşünü yenidən yada salmalı və xüsusilə, Rusiya prezidenti Vladimir Putinin Zəngəzur dəhlizi ilə bağlı anonslarını xatırlamalıyıq. Çünki Brüsselə qədər bu mövzunun Putinlə də müzakirə edilməsi faktdır. Hətta açıqlanmasa da, Soçidə Laçın dəhlizi mövzusunun da qaldırıldığını kifayət qədər ehtimal etmək mümkündür. Belə ki, əgər Laçın dəhlizində Azərbaycana məxsus buraxılış-keçid məntəqələri yaradılarsa, bu fakt orada fəaliyyət göstərən Rusiya sülhməramlıları kontingentinin nüfuzuna ciddi xələl vura bilər. Bunu Moskva da yaxşı bilir, dərk edir və..!

Və əgər İrəvan Zəngəzur dəhlizi ilə bağlı inadkarlığını, müqavimətini göstərməyə davam edəcəksə, necə deyərlər, iki ayağını bir başmağa dirəyəcəksə, bu zaman Azərbaycan Prezidentinin inamla, qətiyyətlə Laçında Azərbaycana məxsus sərhəd-buraxılış məntəqələrinin açılması ətrafında səsləndirdiyi bəyanatının dərhal, hər an reallığa çevirləcəyi mümkünlüyünü deyə bilərik. Söz yox ki, bu gün sanksiyalara uğrayan və Moskvaya da hava-su kimi lazım olan, iqtisadiyyatına yalnız müsbət təsirlər göstərəcək Zəngəzur dəhlizi planı realizə olunmayacaqsa, Moskva Bakıdan İrəvanı sıxışdırmaq xahişini edə bilər və çox yəqin ki, edib də...
Laçın və Zəngəzur dəhlizlərinin bənzərlikləri və ya dəhlizdə Azərbaycana məxsus gömrük-buraxılış məntəqəsinin qurulması şərtə çevrilib
Bu gün Ermənistan yaxşı bilir ki, Laçın dəhlizində Azərbaycan postlarının qurulması Rusiya sülhməramlıları kontingentinin müvəqqəti nəzarətinə verilmiş ərazilərdəki separatçıların sürətlə həmin bölgələri tərk etməsi ilə nəticəsini tapacaq. Bu baxımdan, Moskva da hər halda fəaliyyət müddəti başa çatmamış sülhməramlılarının vaxtından əvvəl Xankəndini tərk etmələrində maraqlı deyil, çünki Kreml yaxşı bilir ki, əks halda onun beynəlxalq reputasiyası, siyasi imici sürətlə enə bilər. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi Azərbaycanın tələbləri əsasında realizə olunacaq. Yəni Rusiya Ermənistanı küncə sıxışdırmağa nail olub və əks halda, Azərbaycanın bütün vasitələrdən istifadə edərək həmin planı həyata keçirəcəyinə şübhə də yoxdur.

Ancaq biz buradan digər nəticələri də hasil edə bilərik. Laçın və Zəngəzur dəhlizləri həqiqətən də bənzərdirlər. Zəngəzur dəhlizi Ermənistanın mövcud ərazilərindən keçir, Laçın dəhlizi isə Azərbaycanın suveren ərazilərindədir. Ermənistan üzərinə düşən öhdəliyinə əməl edərsə, hər iki dəhlizlərdə nəzarət və təhlükəsizlik mexanizmini Rusiya təmin edəcək. Və əgər Zəngəzur dəhlizində gömrük məntəqələri olmayacaqsa, Laçında da eyni olacaq. Yəni Azərbaycan onun ərazisində yaşayan ermənilər üçün Ermənistandan gələn yüklərə gömrük rüsumları tətbiq etməyəcək, eləcə də Ermənistan Azərbaycanın Zəngəzur dəhlizindən keçən yüklərinə gömrük rüsumları qoymayacaq. Əgər Ermənistan buna razı deyilsə, demək, Laçın dəhlizində Azərbaycana məxsus gömrük-buraxılış məntəqəsinin qurulması şərtə çevriləcək.
Paşinyan dəmir yolu barədə danışarkən Laçın dəhlizinin avtomobil yolu olduğunu unudub
Beləliklə, Paşinyanın hələ görüşlərdən əvvəlki bəyanatının sıfır həddində olmasını və görüşdən sonrakı bəyanatının da bu cür olduğunu ifadə edə bilərik. O üçtərəfli görüşdən sonra bildirib ki, Azərbaycan Prezidenti ilə dəmir yolunun işə salınması barədə razılığa gəlinib. Lakin dəmir yolu beynəlxalq hüquq çərçivəsində və gömrük qanunları, qarşılıqlı prinsiplər, ölkələrin suverenliyi və yuridiksiyaları əsasında işləyəcək. Ermənistan dəmir yolu vasitəsi ilə İran İslam Respublikasına və Rusiya Federasiyasına keçmək imkanını əldə edəcək. Paşinyan bu ətrafda tərəflər arasında əlaqələrin davam edilməsi barədə də razılıq əldə olunduğunu bildirib.

Ancaq Paşinyan dəmir yolu barədə danışarkən Laçın dəhlizinin avtomobil yolu olduğunu da unudub, buna görə də onun nala-mıxa döyəcləməsi yalnız onun zərərinə işləyən amil kimi qiymətləndirilə bilər.
Beləliklə, əgər Paşinyan həqiqətən də gömrük və s. ətrafında fikirlərini şərh edibsə, demək, Laçın dəhlizində Azərbaycana məxsus gömrük-buraxılışı məntəqələrinin yaradılması dövlət başçımızın da vurğuladığı kimi reallığa çevrilə bilər. Hər halda, İrəvanın yenə də düşünməyə vaxtı olsa da, artıq bu vaxt da kifayət qədər daralıb və daraldıqca da vəziyyəti çıxılmazlığa doğru inkişaf edir. Əslində, Nikol Paşinyanın Brüsselə bağladığı ümidləri də boşa çıxdı və Bakının məngənəsindən xilas ola bilmədi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB