Dövlət medianın mütərəqqi dəyərlər əsasında inkişafında maraqlıdır ŞƏRH

Dövlət medianın mütərəqqi dəyərlər əsasında inkişafında maraqlıdır ŞƏRH

“Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir

Söz azadlığı və fikir plüralizmi dünyada demokratik inkişafın əsas meyarlarından sayılır. Demokratik inkişaf yolu seçən Azərbaycanda da həyata keçirilən dövlət siyasətinin istiqamətlərindən birini medianın sərbəst fəaliyyəti üçün şəraitin yaradılması təşkil edir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra bəzi məhdudiyyətlərdən, senzuradan xilas edilən Azərbaycan mediası ötən dövrdə mühüm irəliləyişə nail olub.

Xüsusilə də, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər ölkəmizdə hər bir sahədə yeni reallıqlar yaratdı. Məhz bu yeni reallıqlardan irəli gələrək ölkəmizdə medianın tənzimlənməsi üçün yeni qanun layihəsinin hazırlanması zərurətini əsas götürərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırıq verildi. Və dekabrın 10-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında ictimai müzakirəyə çıxarılan Cənab Prezident İlham Əliyevin ölkədə medianın inkişafına xidmət edən “Media haqqında” qanun layihəsi bir daha milli informasiya məkanında dövlət üçün prioritet olduğunun göstəricisidir.

Media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir

Qeyd edək ki, bu gün bütün dünyada məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu 1999-cu ildə qəbul olunub və bu qanuna indiyədək 79 dəfə dəyişiklik edilib, bir sıra maddələri tamamilə çıxarılıb. Bununla belə, bu qanun müasir çağırışlarla uzlaşmır. Məhz bu baxımdan da media və informasiya sahəsində baş verən sürətli dəyişikliklərə əsasən, yeni qanun - “Media haqqında” qanun layihəsinin qəbulunu tarixi zərurətə çevirib.

9 fəsil, 78 maddədən ibarət olan qanun lahiyəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Həmçinin, qanun layihəsində jurnalistlərin Media Reyestrinə daxil edilməsi nəzərdə tutulur və bu, könüllü xarakter daşıyır. Layihəyə əsasən, Medianın İnkişafı Agentliyi tərəfindən jurnalistlərə xüsusi vəsiqə veriləcək. Ancaq jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək. Eyni zamanda, qanuna əsasən, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur.

Bir sözlə, bütün bunlar onu göstərir ki, layihəyə daxil edilmiş mütərəqqi normalar sayəsində ölkə mediasında şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinin əsaslarının təmin edilməsi, ictimaiyyət və media arasında qarşılıqlı etimadın gücləndirilməsi mümkün olacaq. Ümumiyyətlə, qanun layihəsi ölkədə KİV-in inkişafı üçün əlverişli imkanlar yaratmaqla yanaşı, həm də qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək. Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, “Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verən mütərəqqi sənəd olmaqla yanaşı, jurnalistikaya və eyni zamanda, jurnalistlərə qarşı formalaşan neqativ təsəvvürləri aradan qaldıracaq, xalqla, ictimaiyyətlə media arasında inamın, etimadın gücləndirilməsini təmin edəcək.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə