“Brüsseldə razılaşmaların olunacağı istisna edilmir” - ÖZƏL-MÜNASİBƏT

“Brüsseldə razılaşmaların olunacağı istisna edilmir” - ÖZƏL-MÜNASİBƏT

“Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Xatırlatmaq üçün deyim ki, “Şərq Tərəfdaşlığı” proqramı - Polşa və İsveçin Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsüdür”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, bu proqram rəsmi olaraq mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir və Avropa İttifaqının altı qonşu ölkəsi ilə Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna- regional əməkdaşlığın inkişafını nəzərdə tutur: “Uzun müddətdir haqqında danışılan iki ölkə liderinin görüşündən və aparılacaq müzakirələrdən ciddi bir nəticə gözləməyə dəyərmi? Güman edirəm ki, danışıqlar ermənilərin istədiklərinin əksinə olaraq heç bir nəticə verməyəcək. Avropa strukturlarını, ilk növbədə, Avropa İttifaqını və ATƏT-in Minsk qrupunu fəallaşdırmaqda Ermənistan çox maraqlıdır və bu mövqeni Soçi danışıqları zamanı N.Paşinyan açıq şəkildə ortaya qoydu. “Əzəli və əbədi” müttəfiqi sayılan Rusiyaya etimadsızlıq ifadə edən Baş nazir əsas danışıqların Rusiyanın vasitəçiliyi ilə aparılmasına etiraz etdi. Azərbaycan-Ermənistan danışıqlarının yalnız Minsk Qrupu çərçivəsində aparıla biləcəyini bəyan etdi”.

A.Səmədov onu da bildirib ki, bu şəraitdə ermənilər Avropa İttifaqının danışıqlarda aktiv rol ala bilməyəcəyini yaxşı başa düşürlər və ümid edirlər ki, bu nüfuzlu qurum Minsk Qrupuna dəstək verə, danışıqları Rusiyanın inhisarından çıxarmağa kömək edə bilər: “Ermənilərin bu ümidlərini Brüssel görüşləri doğrulda biləcəkmi? İnanmıram. Cənubi Qafqazda Rusiyanın və Türkiyənin gücü, malik olduqları təsir imkanları nə Avropa İttifaqında, nə də ATƏT-in Minsk qrupunda yoxdur. Ona görə bütün göstərilən cəhdlər, təşəbbüslər istənilən nəticəni verməyəcək. Ancaq cəhdlər mütləq həm indi, həm də sonrakı günlərdə mütləq olacaq. Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin xoş məramlarının, razılaşmalara bağlılığın ifadə olunduğu bəyanatın qəbul olunacağı istisna olunmur. Bu danışıqların bundan artıq nəticə verməsi qeyri-mümkündür. Ən əsası bu danışıqlar ermənilərin xam xəyallarının puç olduğu növbəti görüş olacağı şübhə doğurmur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə