“Əvvəla onu qeyd etmək lazımdır ki, Brüssel görüşünün əhəmiyyətini azaldan bir məqam o oldu ki, Soçi görüşü bu görüşdən öncə keçirildi. Yəni, artıq məlumdur ki, Soçi görüşündə Azərbaycan, Ermənistan və Rusiya tərəfi arasında müəyyən məsələlərə dair razılıqlar ldə olunubdur. Burada birgə kamissiyanın yaradılması, nəqliyyat infrastruktur yollarının açılması, sərhədlərin demarkasiya, delimitasiya prosesi ilə bağlı bəzi razılaşmaların əldə olunduğu və tərəflərin öhdəliklər göötürdüyü, xüsusilə də Ermənistanın öhdəlik götürdüyü məlumdur. Ümumiyyətlə, Kreml Soçi görüşünü Brüssel görüşündən öncəyə salaraq əslinə qalanda Qərbə bu mesajı verdi ki, Cənubi Qafqazdakı məsələlər yalnız region ölkələrini əhatə edir və bura kənar güclərin daxil olmasına Kreml imkan verməyəcək. Düzdür, ATƏT-in Minsk Qrupu da proseslərə artıq qoşulubdur, lakin nəzərə almaq lazımdır ki, Rusiya özü də burada həmsədr ölkədir və bu mənada biz Rusiyanın yenə daha üstün mövqedə olduğunu görürük. Yəni, Rusiya Qərbin Ermənistanın istədiyi kimi, regiona gəlməsinə maraqlı deyil.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Turan Rzayev deyib.

Politoloq vurğulayıb ki, Brüssel görüşündən çox da böyük bir şey gözləmir.
“Ümumiyyətlə, Qərbdə keçirilən toplantıların əksəriyyətində məsləhət xarakterli bəyanatlar verilir və Soçi görüşündə tərəflərin əldə etdiyi razılaşmaya bənzər razılaşmanın Brüssel görüşündə əldə ediləcəyini düşünmürəm. Sadəcə tərəflər öhdəliklərinə riayət edəcəklərinə söz verə, regionda gərginliyin azalması ilə bağlı öhdəliklər götürə bilərlər. Ermənistan tərəfi indiki halda maksimum dərəcədə çalışır ki, Rusiyanın prosesdəki təsiri azalsın və bu mənada Qərbin dəstəyini almağa ümid edir, amma hər halda bunu bacarıb-bacarmayacağını zaman göstərəcək. Hesab edirəm ki, Brüssel görüşü Ermənistanın “meydançasında” keçirilən görüş təəssüratı yaratsa da, Soçi görüşü qədər təsirli nəticələr əldə edilməyəcək və Brüssel görüşü sonrası yenidən ölkə başçıları və xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşlərdə Soçi görüşündə əldə edilən razılaşmaların icrasına dair artıq konkret yol xəritəsi çəkiləcəkdir.
Mənim Brüssel görüşündən, sözün düzü çox böyük bir gözləntim yoxdur, çünki Qərbin hazırda regiona təsiri məsələsi çox deyil. Ümumiyyətlə, Azərbaycanın və Türkiyənin 3+3 formatını təklif etməsi və burada Rusiyanın da, İran və Ermənistanın da iştirak etməsi əslində ondan xəbər verir ki, region ölkələri regionun problemlərini yenə öz daxilində həll etmək istəyirlər və burada artıq İran, Rusiya və Türkiyə faktorunu nəzərə alsaq, Ermənistanın söz sahibi olduğunu deyə bilmərik. Bu mənada region ölkələri kənar qüvvələrin regiona gəlməsini istəmir və Brüssel görüşü sadəcə məsləhət xarakterli bir görüş olacaq. Bu görüşdə Qərb Azərbaycana bir təsir edə bilməyək ki, hansısa öhdəlikləri götürsün və Qərbin belə bir təzyiq vasitəsi yoxdur, amma Rusiya məsələyə dair Ermənistana bu təzyiqi edə bilər və Ermənistan üzərinə konkret öhdəlikləri də götürübdür. Hesab edirəm ki, Brüssel görüşündən sonra keçiriləcək görüşdə bu məsələlər yenidən müzakirə ediləcək və Ermənistan yeni öhdəliklər götürəcəkdir.
ATƏT-in Minsk Qrupunun 27 illik dırnaqarası fəaliyyətini nəzərə alsaq, deyə bilərik ki, Qərbin göstərdiyi təşəbbüs, Qərbin irəli sürdüyü təkliflər elə təklif olaraq da qalıb və buna riayət edilməyib, ümumiyyətlə icra edilməyibdir. Bu mənada da deyə bilərik ki, Rusiyanın Soçi görüşündə təklif etdiyi, tərəflərə prosesi nizamlamağa dair çağırışlar daha məqbuldur, nəinki Qərbin təklif edəcəkləri. Ola bilər ki, Qərb prosesin nizamlanmasına dair müəyyən bir təklif irəli sürsün, amma biz hər halda bu təklifin Brüssel görüşündən sonra keçiriləcək görüşlərdə icra edilib-edilməyəcəyini görəcəyik”, deyə politoloq Turan Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB