Milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan TƏHLİL

Milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan TƏHLİL

Prezident İlham Əliyev: “Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub”

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 24 600 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 747, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 548, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 305 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 894 072, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 120 573, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617 224, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 156 275 təşkil edir. Koronavirus (COVID-19) infeksiyasına 1 226 yeni yoluxma faktı qeydə alınıb, 1 649 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib.

Azərbaycan Prezidenti pandemiyaya qarşı qlobal mübarizədə liderlik edir

Pandemiya başlanan zamandan Azərbaycan COVİD-19-la mübarizə üzrə bir çox təşəbbüslərin müəllifi olub, yəni Azərbaycan həm bu təşəbbüslərin müəllifi olub, həm də bu istiqamətdə əməli addımlar atan, öndə gedən ölkələrdən biridir. İlk gündən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə bu təşəbbüslər irəli sürülüb. Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.

Onu da qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə koronavirusa qarşı mübarizə istiqamətində 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Eyni zamanda, Azərbaycan dünyada koronavirusa qarşı vaksinlərin bərabər və ədalətli bölüşdürülməsi üçün də təşəbbüslə çıxış edib və məhz ölkəmizin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə 133 ölkənin dəstəyi ilə qəbul edilib. Azərbaycan, həmçinin, COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub.

2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınamış, Azərbaycanın Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamə irəli sürəcəyini elan etmişdi. Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunaraq qəbul edildi, 171 ölkə qətnamənin lehinə səs verdi. Təqdirəlayiq haldır ki, heç bir ölkə qətnamənin əleyhinə səs vermədi. Sözügedən Qətnamə dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.

Qeyd etmək lazımdır ki, qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Qeyd etmək lazımdır ki, bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının göstəricisidir. Qeyd edək ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər zaman gündəliyində olub.

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan bütün dünyada gedən prosseslərə biganə deyil və bütün dünya əhalisinin təhlükəsizliyinin, sağlamlığının, insanların rifahının qorunması istiqamətində fəaliyyət göstərir. Məhz bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin istər daxili, istərsə də xarici siyasəti dünyanın nüfuzlu ölkələrinin, aparıcı beynəlxalq təşkilatların rəhbərləri tərəfindən daim yüksək dəyərləndirilir. Dövlətimizin başçısının beynəlxalq aləmdə səmərəli fəaliyyətinə verilən yüksək qiymət, habelə respublikamızın beynəlxalq əməkdaşlıqda tutduğu fəal mövqe, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi hər zaman xüsusi vurğulanır.

Prezident İlham Əliyev: “Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq”

Azərbaycan cari ilin yanvar ayının ortalarından COVID-19-a qarşı peyvəndlənmə kampaniyasına başlayıb. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub. Bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır”.

Azərbaycanın pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi istiqamətində atdığı mühüm addımlardan danışan Prezident İlham Əliyev deyib ki, biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı edib.

Rəşad Mahmudov: “Azərbaycan pandemiya ilə mübarizədə də ümumbəşəri dəyərlərə sadiq olduğunu bütün dünyaya nümayiş etdirir”

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr olunan 74-cü sessiyasında ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında sessiyanın bağlanış mərasimində Prezident İlham Əliyevin videoformatda çıxışının təqdim edilməsi də bu fikrin bariz ifadəsidir”. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov deyib. Deputatın sözlərinə görə, uzun müddətdir dünyanı cənginə alan bu dəhşətli virusla qarşılaşan ilk vaxtlardan etibarən Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Respublikamız ÜST-nin pandemiyaya qarşı qlobal mübarizədə fəaliyyətini, eyni zamanda, bu qurumun qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini yüksək səviyyədə dəstəkləməklə yanaşı, adıçəkilən təşkilatla səmərəli əməkdaşlıq edib. Məhz bunun nəticəsidir ki, ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb.

Rəşad Mahmudov onu da bildirib ki, üçüncü dozanın vurulmasından başqa seçimimiz yoxdur: «Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster (üçüncü) doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Əlbəttə ki, bunlar birmənalı olaraq dünya səhiyyə qurumlarının apardıqları tədqiqatların nəticəsi olaraq ortaya qoyulmuş həqiqətlərdir".

Onun sözlərinə görə, rəsmi məlumatlara görə, hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var: "Ona görə də buster dozanın alınması sürətləndirilməlidir. Dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. Koronavirusun ştamlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur. Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticisimlər koronavirusun ştamlarına qarşı güclüdür. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. ABŞ Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin və Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozanın istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir".

Adil Qeybulla: "Yalnız bir yol var - insanlar özünü qorumalıdır, vəssalam..!"

Tibb elmləri doktoru, professor Adil Qeybulla yoluxmanın sürətlə artması ilə bağlı bildirib ki, yalnız bir yol var – insanlar özünü qorumalıdır, vəssalam: «Birdəfəlik yadınızda saxlayın, bu xəstəlik insandan insana keçir. Maska taxılsa, sosial məsafə və əllərin tez-tez dezinfeksiyası gözənilsə, yoluxmanın sayını azaltmaq olar. İnsanlar bir-birini qoruya bilər. Təəssüf ki, insanlar bir müddət buna riayət etmədi. Vətəndaşları yetərincə təlimatlandırmadan karantin qaydalarının yumşaldılması böyük səhv oldu. İnsanları arxayınlaşdırmaq yox, onlara virusla birgə yaşamağı öyrətmək lazım idi. Bu yanlışlığın nəticəsi olaraq karantin rejimi yumşaldıqdan sonra insanların arxayınlaşması yoluxmanın artmasına şərait yaratdı. İnsanlar maskasız, heç bir sosial məsafə gözləmədən və dezinfeksiya qaydalarına əməl etmədən gəzdilər. Bu gün artıq biz bunun nəticələrini görürük. Biz artıq pik dövrünə doğru gedirik. Yoluxma sayının artım tendensiyası hələ bir müddət davam edəcək".

Professor bu bəladan yan keçməyin yolunu ancaq və ancaq qorunmaqda görür:

"Vətəndaşlar gigiyenik qaydalara ciddi əməl etməsələr, heç bir tədbirin xeyri olmayacaq. Hökumətin qərarlarını bir kənara qoyaq, insanlar da özünü qorumalıdır. Nə qədər ki insanlar buna əməl etməyəcək, problem daha da artacaq. Yalnız bir yol var: insanlar özünü qorumalıdır, vəssalam! Başqa variant yoxdur".

İnfeksionist Mərdan Əliyev: "Üçüncü doza 19-20 dəfə ağırlaşma və ölüm hallarının qarşısını alır"

"Bir müddətdir koronavirusdan sağalanların sayında əvvəlki dövrlə müqayisədə azalma var". Bu fikirləri açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib. Onun sözlərinə görə, hazırda yoluxma sayında yenidən artım müşahidə edilir: “Əvvəldən də məlum idi ki, payız aylarında yenidən artım müşahidə ediləcək. Yəqin ki, bu artımlar hələ davam edəcək. Üzü yaya doğru azalma qeydə alına bilər. Hansı tempdə artım olacaq, rəqəmlərin mində qalacağı, ya sürətlə iki minlərə qədər qalxacağını dəqiq demək mümkün deyil. Hər halda keçən il və ondan öncəki ildəki qədər olmayacaq”.

İnfeksionist koronavirusa qarşı vaksinlərin ilk başlarda hansı dərəcədə qoruyuculuğu ilə bağlı insanlarda şübhələr olduğunu bildirib: “Sonradan araşdırmalarla məlum oldu ki, vaksinlər insanları virusa yoluxmadan və ağırlaşmadan kifayət qədər qoruyur. Son araşdırmalar artıq üçüncü dozanın (buster) da vacibliyini aydınlaşdırıb. Buster doza 19-20 dəfə ağırlaşma və ölüm hallarının qarşısını alır. Bu o deməkdir ki, üçüncü doza vaksin vurduranlarda ağırlaşma halları sıfıra yaxın olur. Bu, çox böyük nəticədir. Ümumiyyətlə, ücüncü dozanı CoronaVaxdan 3-4 ay sonra, Pfizerdən isə maksimum 6 ay sonra vurdurmaq lazımdır. Çünki ikinci dozadan 5-6 ay sonra insan xəstələnə və ağır keçirə bilər. Bu səbəbdən üçüncü dozanı vurdurmaq məsləhət görülür”.

Bir sözlə, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasətin, xalq-dövlət, dövlət-xalq birliyinin və həmrəyliyinin bariz nümunəsi məhz budur. Hər şey xalq üçündür, hər şey vətəndaşların rifahı, qayğısız, xoşbəxt gələcəyi üçündür. Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, möhtərəm Prezidentimiz İlham Əliyev də bu gün Azərbaycanı böyük bəlalardan qoruyur. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Onun vaxtında atdığı uğurlu addımlar, verdiyi müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır. Və vətəndaşlar COVID-19-un müalicəsi üçün vaksin vuurdurmalı, ən əsası da mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümüzü və ətrafımızı qorumağa davam etməliyik.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə