“Hər bir azərbaycanlı bir daha hiss etdi ki, onun müdrik lideri, prezidenti var” - DEPUTAT ŞƏRH ETDİ

“Hər bir azərbaycanlı bir daha hiss etdi ki, onun müdrik lideri, prezidenti var” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ən görkəmli simalarından biridir. 2003-cü ildə cənab İlham Əliyev böyük səs çoxluğu ilə, üstünlüyü ilə prezident seçkilərində qalib olaraq Azərbaycan Respublikasının Prezidenti seçilən zaman demişdir ki, mən hər bir azərbaycanlının prezidenti olacam.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Millət vəkili vurğulayıb ki, həqiqətən də qısa zaman kəsiyində hər bir azərbaycanlı bir daha hiss etdi ki, onun müdrik, uzaqgörən, dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik olan bir lideri, bir prezidenti var.

“Prezident kimi fəaliyyətə başladığı ilk vaxtlardan cənab İlham Əliyev əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, müvafiq olaraq məşğulluğun təmin olunması, bütün regionların simasının dəyişdirilməsi, ən müasir tələblərə cavab verən infrastruktur quruculuq işlərinin həyata keçirilməsi, beynəlxalq münasibətlər sistemində və beynəlxalq əməkdaşlıq sistemində ölkəmizin layiqli, təsirli rolunun təmin olunması istiqamətində çox təsirli addımlar atdı. Həqiqətən də qısa zaman kəsiyində ölkəmizin ən müxtəlif sahələrdə böyük potensialı formalaşdı. Ən müxtəlif istiqamətlərdə ölkə Prezidenti tərəfindən atılan addımlar Azərbaycanın həm sosial-iqtisadi durumunda, həm müdafiə qabiliyyətinin artmasında, həm də az öncə qeyd etdiyim kimi, dövlətlərarası münasibətlər sistemində çox böyük təsirli rol oynamış oldu.

Nəzərə almaq lazımdır ki, ölkəmizə qarşı Ermənistanın işğalçılıq siyasəti, aqressiyası davam edirdi. 2003-cü ildə cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra, vaxtilə Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş unikal inkişaf strategiyası müasir dövrün tələblərinə uyğun yeni elementlərlə zənginləşdirilərək həyata keçirilməyə başladı və bu strategiya bütün hallarda həm də dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına hesablanmışdır və cənab İlham Əliyev tərəfindən bütün istiqmətlərdə həyata keçirilən layihələr, atılan addımlar, gerçəkləşdirilən siyasət həm də Azərbaycan xalqının, Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunmasına yaxınlaşdırırdı. Yəni, birincisi beynəlxalq münasibətlər sistemində Azərbaycan həyata keçirməyə başladığı hücum diplomatiyası ilə münaqişə vəziyyətində ədalətli mövqelərini dünyaya qəbul etdirməyə başladı. Ermənistanın aqressor dövlət obrazı beynəlxalq ictimai şüurda formalaşdırıldı və möhkəmləndirilməyə başladı. Bu bizim hücum diplomatiyamızın çox böyük tövhəsi idi. Beynəlxalq tribunalardan, beynəlxalq platformalardan sərgilənən əsas mövqe ondan ibarət olmağa başladı ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində etibarlı həll oluna bilə. Bu, cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi və diplomatik uğurlarımız təbii ki, münaqişə vəziyyətində mövqelərimizi möhkəmləndirməklə, yəni ədalətli mövqelərimizi möhkəmləndirməklə yanaşı, həm də gələcək addımlarımızın etibarlı bünövrəsini formalaşdırdı. Yəni, 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını inamla işğaldan azad etdi, tarixinin qızıl səhifəsini yaratdı və bu səhifənin yaradıcısı birmənalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinn müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu müharibənin elə ilk günlərində təcavüzkar, işğalçı Ermənistan ordusunu darmadağın etdi və 44-cü gün Ermənistan kapitulyasiya sənədini imzalamaq məcburiyyəti qarşısında qaldı.

Biz gördük ki, ölkəmizin haqq savaşına qarşı çox da ciddi çıxışlar olmadı. Təbii ki, bəzi istisna hallar baş verdi, amma bütövlükdə Azərbaycan öz mövqelərini inamla qoruya bildi. Bunun da səbəbi ondan ibarət idi ki, vaxtilə artıq biz kifayət qədər ciddi siyasi dividentlər əldə etmişdik. Cənab Prezident bütün beynəlxalq tribunalardan, bütün təsirli platformalardan Azərbaycanın haqq səsini təkcə dünyaya çatdırmaqla kifayətlənməmişdi, eyni zamanda dünyaya qəbul etdirməyi bacarmışdı. Bax, onun Vətən müharibəsinə qədər təmin etdiyi bu siyasi, diplomatik qələbə bizim sonrakı hərbi qələbəmizin çox təsirli elementlərini formalaşdırmış oldu. 44 günlük Vətən müharibəsi dövründə dünyanın 30-dan artıq nüfuzlu media orqanlarına müsahibə verən cənab Prezident mövqelərimizi olduqca ciddi arqumentlərə söykənərək, inamla müdafiə etməyi bacardı və yaxşı xatırlayırıq ki, cənab Prezidentə qarşı ünvanlanan suallar bir çox hallarda qərəzli xarakteri ilə aydın seçilirdi, amma cənab Prezidentin ensiklopedik bilik dairəsi, müdrik baxışları, dövlət idarəçiliyi sahəsində unikal, böyük təcrübəsi imkan verirdi ki, bütün təxribatçı xarakterli, bütün qərəzli suallara səlist cavab versin və ölkəmizin mövqelərini, milli maraqlarımıza uyğun şəkildə inamla qorusun və hər bir media orqanı Azərbaycanın baxışlarını bir daha düyaya çatdırmaq üçün böyük ustalıqla istifadə etdi. Hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi, strateji baxışları, siyasi uzaqgörənliyi Azərbaycan torpaqlarının indiki olduqca mürəkkəb bir şəraitdə işğaldan azad olunmasına imkan verdi.

Cənab Prezident 2003-cü ildən əminliklə deyirdi ki, biz öz torpaqlarımıza qayıdacağıq, danışıqlar nəticə verməsə hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik, torpaqlarımızın bir qarışını belə ermənilərə güzəştə getməyəcəyik. Həqiqətən də ölkə Prezidentinin sözləri ilə əməlləri bir-birini dəqiqliklə tamamladı. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, amma bununla yanaşı hər zaman nümayiş etdirdi ki, bizim xalqımız, dövlətimiz sülhsevər xalqdır, regional təhlükəsizliyin məsuliyyətini dərk edən, öz üzərində daşımağa hazır olan bir xalqdır, dövlətdir və bu proseslərin önündə də Azərbaycan Prezidenti cənab İlham Əliyev dayanır.

Mən hesab edirəm ki, cənab Prezidentin 60 illik yubileyinin torpaqlarımızın işğaldan azad olunduğu bir mərhələyə, zamana təsadüf etməsinin özü də İlhaidən gələn bir xoşbəxtlikdir. Biz artıq bundan sonrakı mərhələdə bütün tarixlərimizi, bizim üçün önəmli olan tarixlərimizi çox böyük fərəh, sevinc hissi ilə qeyd edəcəyik, çünki artıq yeni bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələ Azərbaycan dövlətinin yeni rifah, tərəqqi mərhələsidir, Azərbaycan dövlətinin təhlükəsizliyinin daha etibarlı təmin olunacağı bir mərhələdir və bütün bunları Azərbaycan dövlətinə, Azərbaycan xalqına bəxş edən liderimiz cənab İlham Əliyevdir”, deyə Elşad Mirbəşiroğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə