Xalqın əbədi lideri - MƏQALƏ

Milli müstəqillik tarix boyu bütün xalqların, millətlərin ən çox arzusunda olduqları mənəvi istəyin əsas faktoru olmuşdur. Yaxın tarixi təcrübə onu göstərir ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəs şərti hesab olunur.

Məhz Azərbaycanın milli müstəqilliyinin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə nəsib oldu. Bəli, bu gün əminliklə söyləmək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən, azadlıq adlı neməti xalqa çatdıra bilən fenomenal şəxsiyyətdir.

Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, təməlində məhz Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu dayanır.

Heydər Əliyevin həm SSRİ-yə rəhbərlik etdiyi dövürdə, eləcə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, ölkəmizin inkişafının təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan əhəmiyyətli işlər görmüş, ölkənin inkişafı üçün vacib qərarlar vermişdir.

Eyni zamanda, ölkədə gərgin və böhranlı siyasi vəziyyət yarandıqda xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, olkənin böhrandan çıxarda biləcək yeganə siyasi lider kimi məhz ona arxalanmışdır.

Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər 1993-cü ildən başlayaraq ölkəni düşdüyü xaosdan, bölünmə, parçalanma təhlükəsindən xilas etdi.

Qısa müddət ərzində ölkənin həyatında aparıcı rol oynayan ictimai-siyasi şəxsləri ətrafında birləşdirərək Naxçıvanda 1992-ci il noyabrın 21-də keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi.

Digər tərəfdən, ölkədə 1993-cü ilin iyun hadisələri zamanı yaranmış olduqca çətin vəziyyət zamanı xalqın tələb və təkidi, iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Heydər Əliyev Bakıya geri dönmüş, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi istiqamətində tarixi missiyasını həyata keçirməyə başlamışdır.

1993-cü il oktyabrında keçirilən seçkilərinin nəticələrinə müvafiq olaraq bir daha xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ən qısa zaman kəsiyində özünün ümummilli maraqlara xidmət edən və ali dövlətçilik prinsiplərinə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, vətəndaş birliyini, bütövlüyü və inkişafı təmin etmiş oldu.

Ümummilli lider Heydər Əliyev özünün bütün həyatı boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən hiss etmiş və bu arzunu öz həyat fəaliyyətinin əsas məqsədinə çevirmişdir. O, hər zaman istər çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlərində müstəqillik ideyasını xalqa açılamağa çalışmışdır.

Azərbaycanın inkişaf dövrünü əhatə edən tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Hər zaman ölkənin çətin vəziyyətində xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini həyata keçirərək, dünyanın tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur.

Şahin Seyidzadə, Millət vəkili

Bütün xəbərlər Facebook səhifəmizdə