Bütün dünyaya Azərbaycanın gücünü bir daha nümayiş etdirən günlərdən biri də, 10 dekabr 2020-ci il tarixində Bakı şəhərində keçirilən möhtəşəm Zəfər Paradı oldu. Bu parad, qəhrəman Azərbaycan Ordusunun və onun müzəffər Ali Baş Komandanı İlham Əliyevin 44 gün davam edən “Dəmir Yumruq” hərbi əməliyyatında qazandığı tarixi qələbənin təcəssümü idi.
Hər bir azərbaycanlıya böyük qürur və dərin fəxr hissi yaşadan, 30 illik vətən torpağının həsrətinə son qoyan, müqəddəs bayrağımızı bu torpaqlarda dalğalandıran şanlı ordumuz bu dəfə, öz müasir silah və texnikaları ilə Azadlıq meydanında parad yürüşünə çıxdı.
“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".
Həqiqətən də, Azadlıq meydanında bundan əvvəl də, onlarla parad yürüşləri keçirilib, lakin, 10 dekabr günü keçirilən bu möhtəşəm tədbir öz tarixi əhəmiyyəti ilə möhtəşəm bir parad kimi bütün azərbaycanlıların xatirində unudulmaz bir gün kimi qaldı. Çünki, bu parad haqq yolunda, haqq uğrunda döyüşən və qalib olan ordunun paradı idi. Həmən gün nəinki Azadlıq meydanında, Bakının bütün küçə və prospektlərdə də, Azərbaycan Əskərinin addımlarının səsi hər bir paytaxt sakini üçün, sanki, qürurlandırıcı, vətənpərvərlik hissini yüksəldən bir musiqi idi.
Paradda əyani şəkildə nümayiş etdirilən, Silahlı Qüvvələrimizin istifadəsində olan texnika və silah-sursat bütün dünyaya Azərbaycan Ordusunun maddi-texniki bazasının nə qədər zəngin olduğunu və arsenalının müasir silahlarla təchiz edildiyini sübut etdi.
Dahilərdən biri belə demişdir: “Sən ağıl tüfəngini doldur, çaxmaq özü işə düşəcək”.
Bəli, Azərbaycanın Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə etdiyi texnikalar bütün dünyanın diqqətində idi. Çünki, Azırbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin davamçısı olaraq Azərbaycan Ordusunu inkşaf etdirdi, müasir texnikalarla yanaşı, orduda savadlı kadrların yetişdirilməsinə nail oldu. Azərbaycan Ordusunun zabitləri qardaş Türkiyə Respublikasında uzun illər mərhələli şəkildə təhsil aldılar və təlimlərdən keçdilər. Müasir hərb sənətinə sahib oldular. Bu səbəbdən də, müharibə dövründə Azərbaycan Ordusundan bir nəfər belə geri çəkilmədi, amma, Ermənistan ordusunda isə 10 minlərlə fərarilik halları baş verdi.
Bu gün iftixarla deyirik ki, ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı dünya hərb tarixində silinməz izlər buraxdı. Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli silah-sursat və texnikalar hərbi qənimət olaraq götürüldü. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edildi, saz vəziyyətdə ələ keçirilənləri isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə verildi. Azadlıq meydanındakı möhtəşəm paradda keçən hərbi texnikaların sırasında vaxtilə Ermənistana məxsus olan, texnikaların da yer alması sevindirici məqam idi. Bu, hər birimizdə iftixar və milli qürur doğururdu.
Uca Allahın izni ilə, biz, Ordumuzun var oluşu ilə Yurdumuzun var oluşuna nail olduq!
Mürsəl Mürsəlov,
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş Direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB