Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Zəfər paradı - MƏQALƏ

Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Zəfər paradı - MƏQALƏ

“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
İlham Əliyev

Zəfər paradı qalib bir ölkənin haqqı ilə qazandığı qələbəsinin bütün dünyaya nümayişi idi. Rəhbərimizin düzgün siyasəti nəticəsində Ordumuz yüksək döyüş ruhuyla anbaan Qələbəyə yaxınlaşdı. Və Cənab İlham Əliyevin Qələbə müjdəsi ilə xalqımızı müjdələdiyi günü bizə yaşatdı. Azərbaycan ordusu zəfəri tam təmin edən uğurlu hərbi əməliyyatlar keçirdi.
Əlbəttə, Vətən Müharibəsi bütün müharibələrdə olduğu kimi qan-qadasız ötüşmədi. Müqəddəs torpağımız and yerimiz olan 2908 qəhrəman şəhidin qanı ilə suvarıldı, torpağımız uğrunda sağlamlığından keçən qazilərimiz oldu.
44 günün hər azad günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Təbii ki, hər an siyasi və hərbi meydanda yanımızda olan qardaş ölkəmiz hərbi paradda da ön cərgələrdə olmalı idi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Onlar da bizim sevincimizə şərik olmuşdular.
İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır.Qoy bütün dünya duysun: “Bu, Qardaşlığın Zəfəridir”. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkə vətəndaşlarının əllərində Azərbaycan və Türkiyə bayraqları ilə Qələbəni qeyd etməsi qardaşlığın ən gözəl sübutu idi. Biz birik və birlikdə daha da güclüyük.
Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.
Şuşa şəhəri azadedildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmiş və nümayiş etdirilmişdir.
Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Bəli, Azərbaycan ordusu Ali Baş Komandanımızın əmri ilə haqq uğrunda vuruşurdu və bu ordumuzun ruh yüksəkliyinə səbəb oldu. Güclü bir dövlətin, güclü sərkərdənin igid əsgərləri qələbə qazanmaya bilməzdi. Eyni zamanda Ermənistan ordusu mənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari oldu. Təcavüzkar Erməni əsgəri qəhrəman Azərbaycan əsgəri qarşısında dura bilmədi.
Qələbədən sonra hamının böyük marağına səbəb olan Hərbi Qənimətlər Parkı nəinki yerli əhalinin, paytaxta gələn əcnəbi qonaqların da diqqətini özünə cəlb edir. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Parkı ziyarət edən gənclərimizin, məktəblilərin vətənpərvərlik hisslərini daha da gücləndirir. Tarixçilərimizə isə burada nümayiş etdirilən hərbi qənimətlər vasitəsilə tariximizi daha dəqiqliyi ilə və ətraflı aşılamaq üçün daha da böyük imkan yaradır.
Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görür. Qələbəni əldə etmək nə qədər çətin olsa da, qərəman əsgərlərimiz bir o qədər qalib gələcəklərinə inam ilə vuruşduğunun şahidi oluruq.
İgid oğullarımızın bu qəhrəmanlıqları , təbii ki, dövlət tərəfindən mükafatlandırıldı. Hər zaman vətəndaşına qayğı ilə yanaşan dövlətimiz tərəfindən igidlərimiz orden və medallarla təltif olundular. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən qayğının təzahürüdür. Hələ də bu proses davam edir.
Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Düzgün qurulmuş iqtisadiyyatımızın köməyi ilə biz qələbəyə addım-addım yaxınlaşdıq.
Bəli, Azərbaycan Zəfər paradında qürurla addımladı. Bizim Qələbəmiz düzgün aparılan siyasətin nəticəsidir. Azərbaycanın tarixinə hələ daha neçə qələbələr yazılacaq.

Şəbnəm Vahabova
Xəzər rayonu, Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə