10 DEKABR ZƏFƏR PARADI - Qarabağın statusunun olmayacağının Azadlıq meydanında nümayişidir TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “NƏ QƏDƏR Kİ, MƏN PREZİDENTƏM, STATUS OLMAYACAQ”

2020-ci il noyabrın 10-da Zəfərin möhürü olan üçtərəfli bəyanatın imzalanmasından bir il keçməsinə baxmayaraq Ermənistan hələ də anlamır ki, yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir. Bəli, həqiqət əbədidir. Bu gün Azərbaycan dövlətinin diplomatik “Dəmir yumruq” siyasəti nəticəsində 20 faizdən çox torpaqlarımızı 30 il həsrətdə saxlayan, “böyük Ermənistan” xülyasına, “24 aprel” stereotipinin ağ yalanlarına 44 gün ərzində son qoyuldu, əzə bildi. Bu Azarbaycanın haqq yolu idi və həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Bu əzm xalq-dövlət birliyinin, inamının qələbəsidir, bu Ali Baş Komandanın, Azərbaycan Prezidentinin "Dəmir yumruq" siyasətinin qələbəsi, xalq-iqtidar-ordu birliyinin həqiqətidir. Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Və belə olan halda sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır. Çünki bu gün Qarabağa hansısa statusun verilməsi ümumiyyətlə, mümkün deyil. Çünki bu gün şərtləri qaliblər diktə edir. Belə olan halda statusla bağlı məsələ yoxdur!

Qalib Lider xalqa müraciətində dediyi kimi: «Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Uzun illər bunlar “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu Paşinyan, deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, status olmayacaq!».

ŞƏRTLƏRİ QALİB LİDER DİKTƏ EDİR: “NƏ QƏDƏR Kİ, MƏN PREZİDENTƏM, STATUS OLMAYACAQ!”

Bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir və o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret müddət göstərilməsə, bu vaxtı Azərbaycan müəyyən edəcək. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Dövlət İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu.Bəli, üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, status-kvo, “Dağlıq Qarabağ” adlı ərazi vahidi ləğv edildi. Və beləliklə, bu qələbənin nümayişi 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında bir daha dünyaya göstərildi. Bu Paradla Qarabağ Azərbaycandır! nidasının təntənəsi, "Dağlıq Qarabağın" statusunun olmayacağının Azadlıq meydanında nümayişi, işğalçı Ermənistanın yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkməsinin nümayişi idi.

Çünki bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və heç bir statusdan söhbət gedə bilməz! Bu isə Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur.Bütün bu söylənilənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, “Nə qədər mən Prezidentəm, heç bir statusdan söhbət gedə bilməz!” deyən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Və «Ermənistanın hünəri varsa, tanısın «Dağlıq Qarabağ respublikası»nı. Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!» – bu Azərbaycan Prezidentinin sözü, tələbidir!. Və 2016-cı ildən bu yana Azərbaycanı işğalla barışdırmağın qeyri-mümkünlüyünü idrak etməyiblərsə, onlar fil qulağında yatıb.

Qalib Liderimiz, Prezident İlham Əliyevin növbəti mesajı: «Dağlıq Qarabağ respublikası» yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil qutusuna atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar". Yenə də Azərbaycan Prezidentinin nitqindən: «Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır!”.

Bir sözlə, 10 dekabr Zəfər Paradı -Qarabağın statusunun olmayacağının, dünya tarixinə ədaləti bərpa etməyə qadir ölkə kimi daxil olan Azərbaycanın böyük Zəfərinin, Qələbə bayraqlarının Azadlıq meydanında nümayişidir. Müstəqilliyimizin ilk Zəfər Paradın mübarək, Azərbaycan xalqı!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...