"Heydər Əliyev irsinin öyrənilməsi dərsləri" çərçivəsində akademik seminar keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə "Heydər Əliyev irsinin öyrənilməsi dərsləri" çərçivəsində növbəti akademik seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər, önünə gül dəstələri qoyublar, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair film nümayiş etdirilib.

Daha sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən söz açıb.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov məruzə ilə çıxış edərək məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini qeyd edib.

YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib. Bildirib ki, digər mühüm sahələr kimi aktual hesab olunan təhsil də Ulu Öndərin qayğısı və diqqəti ilə bugünkü inkişaf səviyyəsinə yüksəlib.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Mərkəzi Aparatının şöbə müdiri Rufiz Qonaqov müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin dövlətimizin tarixində və beynəlxalq aləmdəki rolu, qadın, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat veriblər.

Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda mükafatlandırma mərasimi olub, bir qrup şəxsə YAP Nizami rayon təşkilatının Fəxri fərmanları və təşəkkürnamələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə