Paşinyan oğlunu məhbuslarla dəyişərmi? - POPULİZM

"Mən hələ də bütün erməni əsirlərin qaytarılması müqabilində oğlumu Azərbaycana göndərməyə hazıram". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 8-də parlamentin iclasında təşkil olunmuş hökumət saatında müxalifətin “Ermənistan” blokundan olan deputat Elinar Vardanyanın sualını cavablandırarkən deyib.

Ermənistan hökumətinin başçısı xatırladıb ki, onun seçki kampaniyası zamanı səsləndirdiyi təklif qüvvədə qalır: “O vaxt Ermənistan hakimiyyəti rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə mənim təklifimi Azərbaycana çatdırmışdı. Hələlik heç bir cavab yoxdur”.

Baş nazir bir daha vurğulayıb ki, hər bir ələ keçirilmə hadisəsi hərtərəfli araşdırılmalıdır: “Bununla belə, hakimiyyət bütün hərbi əsirlərin geri qaytarılması məqsədi ilə fəaliyyətini davam etdirir”.

Qeyd edək ki, Paşinyanın "məhbuslar" deyəndə əslində 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə göndərilmiş terrorçuları nəzərdə tutur. Həmin şəxslər konkret olaraq cinayət törədiblər, qanunsuz olaraq Azərbaycan ərazilərinə həm də silahla keçiblər, məqsədləri də dinc sakinlərə, ərazidə dislokasiya olunmuş Azərbaycan əsgərlərinə qarşı terror aktı törətmək olub. Üstəlik quruculuq, bərpa işləri ilə məşğul olan şəxslərə qarşı cinayət törədib, onların həyatına qəsd ediblər. Paşinyanın oğlu isə ən uzağı Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz hərbi xidmət keçdiyinə görə müvafiq cəza ala bilər. Paşinyanın söylədiklərinə gəlincə, bu, yalnız daxili auditoriyaya, üstəlik terrorçuların yaxınlarını sakitləşdirməyə hesablanmış bir addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə