YAP ilə AK Parti arasında münasibətlər yeni müstəviyə qədəm qoyub - TAHİR BUDAQOV

Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında münasibətlər bu ildən başlayaraq yeni müstəviyə qədəm qoyub. İyun ayında Partiyamızın mənim rəhbərlik etdiyim nümayəndə heyəti Ankaraya səfər edib və o zaman ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu memorandum çərçivəsində iki ölkə rəhbərlərinin bir-birinə olan qardaşlıq, dostluq münasibətlərindən bəhrələnərək, onların bu münasibətini bir örnək kimi qəbul edərək iki qardaş ölkənin iqtidar partiyaları arasındakı əlaqələrin keyfiyyətcə yeni müstəviyə qaldırılması bir məqsəd kimi qarşıya qoyulub. SİA-nın məlumatına görə, bu fikirləri Türkiyəyə səfəri zamanı AZƏRTAC-a müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ifadə edib.

Ötən qısa dövr ərzində qarşılıqlı əməkdaşlıq istiqamətdə bir çox işlərin görüldüyünü bildirən YAP sədrinin müavini deyib: “Bizim səfərimizdən sonra AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi böyük bir nümayəndə heyətinin Bakıya səfəri oldu və heyət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildi. Həmin səfər çərçivəsində də Gəncə şəhərində çox önəmli konfransımız baş tutdu. Bundan əlavə, YAP ilə AK Parti arasında münasibətlərin daha da inkişaf etdirilməsi, partiyaların təcrübələrindən qarşılıqlı faydalanma, bəhrələnmə məsələləri ilə bağlı onlayn formatda bir sıra görüşlərimiz, konfranslarımız təşkil edilib. Eyni zamanda, hər iki partiyanın gənclər qolları arasında da çox sıx təmaslar qurulub. Fikrimcə, onların da bu formatda əməkdaşlığı bizim partiyalar arasındakı münasibətlərə yeni bir dinamika gətirib. Hazırda bizim Türkiyə səfərimiz çərçivəsində AK Partidə keçirilən görüş də bu istiqamətdə işlərin davam etdirilməsi, növbəti perspektiv planlarımızın müzakirəsinə həsr olunub. Eyni zamanda, biz birgə mətbuat konfransı keçirərək həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinə imzalanan razılaşma protokollarının icrası ilə bağlı qısa hesabat, eləcə də gələcək əməkdaşlığımızın istiqamətləri barədə açıqlamalar verdik”.

Bütün xəbərlər Facebook səhifəmizdə