Sədr müavinləri İstanbulda birgə mətbuat konfransı keçiriblər - VİDEO-FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. YAP nümayəndə heyətinə Milli Məclisin deputatı Ramil Həsən daxildir. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində dekabrın 7-də YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər.

Qonaqları və tədbir iştirakçılarını salamlayan AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş Azərbaycan nümayəndə heyətini bir daha Türkiyədə görməkdən məmnunluq hissi duyduğunu bildirib. Ölkəmizin ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisini xatırladan AK Parti Sədrinin birinci müavini deyib: “Bir millət, iki dövlət” tezisi çərçivəsində Türkiyə ilə Azərbaycan arasındaki dostluq və qardaşlıq illər keçdikcə daha da dərinləşib, güclənib. Azərbaycanın Qarabağı işğaldan azad etdiyi 44 günlük müharibə zamanı Türkiyənin həm dövlət, həm də millət olaraq azərbaycanlı qardaşlarımıza verdiyi dəstək və sonrakı əməkdaşlığımızla Türkiyə-Azərbaycan münasibətləri yeni müstəviyə qədəm qoyub. Bu çərçivədə müharibədən sonrakı dövr ərzində Azərbaycanın azad edilən Qarabağ bölgəsinin abadlaşdırılması, yenidən qurulması yolunda Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır. Həm infrastrukturun yenilənməsi, həm də oradakı kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün işlərimiz ciddi şəkildə davam edir. Xüsusilə iki ölkə liderinin imzaladığı Şuşa Bəyannaməsindən sonra ölkələrimiz arasındakı münasibətlərdə yeni dövr başladığı kimi, Qafqazda da yeni sülh perspektivi meydana gəlib. Uzun zaman davam edən işğala son qoyulması və beynəlxalq hüquqdan irəli gələrək Azərbaycanın Qarabağı işğaldan azad etmək istiqamətində keçirdiyi əməliyyat Zəfərlə nəticələndikdən sonra yeni dövrün başladığını hamımız görürük. Bu dövrün bundan sonrakı əsası Qafqazda sülhün bərqərar olmasıdır. Bunun üçün də Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstan bu bölgənin altı ölkəsi olaraq ortaq məsələlərini birlikdə həll etmək iradəsini ortaya qoyması Qafqazda yeni sülh dövrünün başlaması üçün vacib addımdır. Bu addımın atıla bilməsi üçün Türkiyə ilə Azərbaycan münasibətlərini sürətlə inkişaf etdirir. Bu çərçivədə hər sahədə olduğu kimi, dövlətlər və millətlər arasındakı münasibətləri daha da dərinləşdirmək istiqamətində yolumuza davam edirik. Yenə bu çərçivədə hər iki ölkənin iqtidar - Yeni Azərbaycan və Ədalət və İnkişaf partiyaları arasında çox güclü əlaqələr qurulub, bu münasibətlər iki dövlətin tək millət olaraq irəliyə doğru addımlamasında təkanverici qüvvə olacaq”.

Pandemiya şərtlərinə baxmayaraq, iki iqtidar partiya arasında qarşılıqlı görüşlərin keçirildiyini, səfərlərin təşkil olunduğunu xatırladan N.Kurtulmuş bildirib: “Bundan sonrakı dövrdə ölkələrimiz arasındakı əlaqələri iki güclü siyasi partiyanın və iki güclü siyasi liderin iradəsi ilə davam etdirəcəyik. Partiyalarımızın bu nümunəvi əlaqələri iki ölkə arasında münasibətlərin təzahürüdür. Ümid edirik ki, türk dünyasındakı digər siyasi partiyaların və digər dövlətlərin iştirakı ilə əlaqələrimizi genişləndirərək yolumuza davam edəcəyik”.

Çıxışı zamanı bu gün regionda və beynəlxalq miqyasda mühüm reallıqlardan birinin Azərbaycan-Türkiyə münasibətləri olduğunu vurğulayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib: “Biz mütəmadi olaraq belə bir ifadə eşidirik: “Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki ölkə yoxdur”. Bu, tarixi, siyasi və mənəvi həqiqətdir. Çünki bu iki dövləti bir-birinə yaxınlaşdıran və bağlayan təkcə güclü strateji tərəfdaşlıq münasibətləri deyil, eyni zamanda, dostluq və qardaşlıq əlaqələridir. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Hər iki ölkənin milli maraqlarının, strateji mənafelərinin qorunması üçün bir-birinə güclü dəstək nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır”.

Ən əsası, Vətən müharibəsində haqq mübarizəsi aparan Azərbaycana qardaş Türkiyənin qətiyyətli mənəvi-siyasi dəstək nümayiş etdirməsini münasibətlərimizin zirvə hadisələrindən biri kimi qiymətləndirən Tahir Budaqov vurğulayıb: “44 günlük müharibənin başladığı gündən etibarən qardaş ölkə ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etdi, həm reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə prinsipial dəstəyini ifadə etməsi, digər mühüm reallıqlar Azərbaycan xalqı və dövləti tərəfindən minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirilir”.

“Təqdirəlayiq haldır ki, postmüharibə dövründə də dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostrateji dizaynında müstəsna rol oynayır. Xüsusilə də, bu ilin iyun ayının 15-də Azərbaycan ilə Türkiyə arasında Strateji Müttəfiqliyə dair Şuşa Bəyannaməsinin imzalanması tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib. Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına mühüm töhfədir”, - deyən YAP Sədrinin müavini xüsusi vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının daimi təmaslarının, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm rolu var. “Əminliklə söyləmək olar ki, partiyalarımız arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Yeri gəlmişkən, qeyd edim ki, bu ilin iyun ayında mənim rəhbərliyimlə Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Partinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, eyni zamanda, tarixdə ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Protokolu imzalanıb. Əməkdaşlıq Protokolunun imzalanmasından sonra qarşılıqlı münasibətlərin, gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib və biz ortaq hədəflərimizin reallaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətimizi ardıcıl olaraq davam etdiririk. Səfər zamanı nümayəndə heyətimizin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsini isə xüsusi vurğulamaq istəyirəm. Əlbəttə, bu təmaslar gələcək əməkdaşlığımız üçün güclü hüquqi, institusional baza formalaşdırıb. İyul ayında isə AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılığı ilə geniş nümayəndə heyətinin ölkəmizə səfər etməsi, AK Partinin nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunması əməkdaşlığın inkişafına daha bir töhfə verib. Digər tərəfdən, partiyalarımızın gənclər təşkilatları arasında görüşlərin keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması münasibətlərimizə dinamizm gətirən mühüm amillərdəndir. Bunlarla yanaşı, hər iki partiyanın birgə təşkilatçılığı ilə videokonfrans formatında tədbirlərin keçirilməsi Azərbaycan ilə Türkiyənin milli maraqlarına dair məsələlərdə faydalı və əhəmiyyətli, müzakirələrin aparılması, təmasların sıxlaşdırılması və münasibətlərin inkişafı baxımından çox önəmlidir. Partiyalarımızın əməkdaşlığı çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və stabilliyə təsirləri”, “Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi”, həmçinin Gəncədə partiyalarımız arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzularında konfransların keçirilməsi faktını bu baxımdan ayrıca diqqətə çatdırmaq istəyirəm. Bu tədbirlər bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyinin güclənməsinə öz töhfəsini verib. Şübhəsiz ki, biz siyasi partiyalar kimi dövlət başçılarının qardaşlıq münasibətlərini, Azərbaycan ilə Türkiyə arasında sarsılmaz strateji müttəfiqliyi əsas və örnək götürərək əlaqələrimizi daha da gücləndirəcək, səmərəli, faydalı və məqsədyönlü birgə fəaliyyətimizi uğurla davam etdirəcəyik”, - deyə T.Budaqov əlavə edib.

Tədbir sual-cavab formatda davam edib.

Jurnalistlərin suallarını cavablandıran Numan Kurtulmuş deyib: “Biz burada müharibədən sonra əldə edilən razılaşmaların yerinə yetirilməsini arzulayırıq. Bunun üçün də Ermənistanın erməni lobbilərinin göstərdiyi istiqamətdə deyil, Ermənistanda yaşayan erməni xalqının da xeyrinə olacaq şəkildə Qafqazda sülhə dəstək verməsini arzu edirik. Çünki Fransada, ABŞ-da və başqa ölkələrdəki erməni lobbilərinin havası ilə Ermənistan reallığı fərqlidir. Bu mənada bəzi imperialist ölkələrin Qafqazda qarışıqlıq yaratmaq üçün Ermənistanın xəyallarına keçmiş dövrlərdə də dəstək göstərmələrinin heç bir nəticə vermədiyini gördük. Azərbaycanın bu Zəfərindən sonra ortaya qoyulan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Bakıya səfəri zamanı açıq şəkildə ifadə etdiyi Qafqaz bölgəsinin altı ölkəsinin problemlərin həlli üçün səmimi dialoq təməllərini inkişaf etdirməsi bütün ölkələrin xeyrinə və bölgənin gələcəyinə, sabitliyinə töhfə verəcək çox vacib bir başlanğıcdır. Azərbaycan ilə Ermənistan arasındakı fikir ayrılıqlarını bu bölgə xalqları, Azərbaycan və Ermənistan xalqları həll etməlidir. Bizim tərəfimizdən bunun səmimi və dünyada sülhü dəstəkləyən niyyət olduğunu bir daha qeyd edirəm. Tək istəyimiz yaxın bölgələrdə baş verən bütün qarşıdurmaların aradan qaldırılaraq içində olduğumuz coğrafiyanın sülh adasına çevrilməsidir. Bunun üçün altılıq təşəbbüsün çox vacib tarixi funksiya olduğunu düşünürük. Hələ başlanğıc nöqtəsindəyik. İlk mərhələdə öz seçimləri səbəbindən bu altı ölkə buna qatılmaya bilər. Amma səmimi addımlar atıldıqca mən bu altı ölkənin də şəxsi maraqları və Qafqazdakı problemlərin həlli baxımından buna dəstək verəcəyinə inanıram”.

Sonra jurnalistlərin suallarına cavab verən Tahir Budaqov isə deyib: “Xarici qüvvələrin təsiri və bəzi revanşist qüvvələrin xülyalarını hələ də meydana qoyması nəticəsində sülh prosesində müəyyən ləngimələr baş verir. Lakin biz əminik ki, qısa zaman ərzində iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi və yekun olaraq sülh müqaviləsinin imzalanması qaçılmazdır. Eyni zamanda, üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrin, o cümlədən Zəngəzur dəhlizinin açılması da tarixi reallıqdır. Düşünürəm ki, bu gün buna qarşı çıxa biləcək heç bir qüvvə ola bilməz. Amma bütövlükdə götürdükdə, yəqin ki, burada iştirak edən media nümayəndələri arasında işğaldan azad edilən ərazilərdə olanlar, oradakı vəziyyəti görənlər, o bölgələrdə bu günədək ermənilərin hansı şəraitdə və nə cür yaşadığının şahidləri var. Lakin müharibədən sonrakı qısa dövr ərzində Azərbaycan tərəfindən həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər, o ərazilərin qısa zamanda Azərbaycanımızın digər bölgələri kimi, iqtisadi cəhətdən güclü və əhalinin yüksək rifah şəraitində yaşaması üçün yaradılacaq şərait ermənilərin bu sahədə seçimini daha da düzgün və obyektiv etməsinə böyük töhfə olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə