Aİ regionda sülhün təmin edilməsində maraqlıdırsa Ermənistana təsir etməlidir - ŞƏRH EDİLDİ

“Brüsseldə Şərq Tərəfdaşlığı Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüş regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması baxımından əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasınsa Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.


Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı platforması Avropa İttifaqının layihəsidir: “Bu platforma çərçivəsində ölkələrin əməkdaşlığı, qarşılıqlı münasibətlərin inkişafı diqqət mərkəzində saxlanılır. Bu baxımdan, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətləri xüsusi vurğulanmalıdır. Əlbəttə ki, burada Azərbaycan-Avropa İttifaqı münasibətləri böyük önəm kəsb edir. Avropa İttifaqına üzv dövlətlər Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Eyni zamanda, Azərbaycan təşkilata üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Bundan əlavə, enerji sahəsi ilə bağlı da fəal əməkdaşlığımız var. Avropa İttifaqı post-münaqişə dövründə Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması üçün bir sıra təşəbbüslərlə çıxış edib. Bilirsiniz ki, Brüssel görüşündən əvvəl tərəflər arasında Soçi görüşü keçirilib. Azərbaycan Prezidentinin mövqeyi görüş çərçivəsində imzalanan Bəyanatda öz əksini tapdı.

Ümumiyyətlə, üçtərəfli görüşün nəticələri qalib Azərbaycanın məqsədlərinə nail olduğunu göstərir. Görüşdə Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan Baş nazirinin mətbuata bəyanatlarında əksini tapan məqamlar Soçi görüşünün nəticələrini müsbət qiymətləndirməyə əsas verir.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Brüssel danışıqlarını Soçi görüşünün davamı kimi qiymətləndirmək olar: “Azərbaycan bu görüşə şərtləri diktə edən tərəf kimi gedir. Bizim əsas məramımızın, məqsədimizin nədən ibarət olduğu Soçi görüşündə də tam və dəqiq açıqlandı. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların bərpası xüsusi diqqət mərkəzindədir. Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü ərəfəsində Azərbaycan humanizm prinspindən çıxış edərək 10 ermənini qarşı tərəfə qaytarıb. Ermənistan isə bütün mina xəritələrini ölkəmizə təqdim edib. Əlbəttə ki, Brüssel görüşü ərəfəsində bu addımlar müsbət qiymətləndirilməlidir. Bizim əsas məqsədimiz Böyük Qayıdışı təmin etməkdir, bunun üçün də işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və infrastruktur quruculuğu əsas məsələdir. Əgər Ermənitanın təqdim etdiyi xəritələr dəqiqdirsə, bu prosesi sürətləndirəcək. Halbuki, bundan əvvəl təqdim olunmuş xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Ona görə də, təqdim olunmuş yeni xəritələrin dəqiq olub-olmaması yoxlanılacaq. Azərbaycan tərəfi bütün bu məsələlərin həlli üçün kifayət qədər imkanlara, siyasi iradəyə malikdir və Brüssel danışıqlarına da hazırdır.

Bugünlərdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana və Azərbaycana səfər etdi. Təbii ki, dövlətimizin mövqeyi bir daha Aİ-nin nümayəndəsinin diqqətinə çatdırılıb. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmiz ərazi bütövlüyünün tanınması şərtilə sülh müqaviləsi imzalamağa hazırdır. Bu mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Avropa İttifaqı həqiqətən regionda dayanıqlı sülhün təmin edilməsində maraqlıdırsa, Ermənistana təsir etməlidir. Ermənistana izah olunmalıdır ki, onun bir dövlət kimi gələcəyi öz qonşuları ilə sülh və əməkdaşlıq şəraitində yaşamasından keçir. Bütün bunların fonunda Brüssel görüşünün faydalı olacağını düşünürəm”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə