İrəvan yersiz bəyanatları ilə özünü mümkün perspektivlərdən məhrum etməkdədir - ŞƏRH EDİLDİ

"Azərbaycan hər zaman dialoq və əməkdaşlıq mühitinin tərəfdarıdır və heç vaxt bölgədə sülh, sabitlik və mehriban qonşuluq münasibətlərini hədəfləyən müzakirələrdən imtina etməyib. Soçi görüşündə də Azərbaycan bu mövqeni rəhbər tutdu və müzakirələrə razılıq verdi. Prinsipcə, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin Soçidə mövqeləri ifadə olundu, aidiyyatı bəynatlar verildi və təmasların müvafiq səviyyədə davam etdirilməsi qərara alındı". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, dekabr ayının 15-də Brüsseldə Şərq Tərəfdaşlığının Zirvə toplantısı çərçivəsində yeni görüşün zərurəti və mümkünlüyü barədə yekun qərar hər iki ölkənin liderindən asılıdır: "Azərbaycanın mövqeyi aydındır, dəyişkən deyil. Biz bütün dünya xalqları ilə, o cümlədən, Ermənistan ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq, bölgədə əməkdaşlıq mühiti qurmaq niyyətindəyik. Bizim tələblərimiz konkretdir - bir an öncə sərhələrin qarşılıqlı tanınması, delimitasiya və demarkasiya prosesini başa çatdırıb, kommunikasiyaları açmaq. Bu tələb müharibədən sonra bir ildir ki, səslənir. Soçidə də ən ali səviyyədə ifadə olundu. Lakin, İrəvan daxili auitoriyaya hesablanmış yersiz bəyanatları ilə özünü mümkün perspektivlərdən məhrum etməkdədir. Bu mənada yeni görüşlərə, təmaslara daha çox İrəvan ehtiyac duymalıdır, çünki Azərbaycanın İrəvandan xahiş edəcəyi, Azərbaycan üçün Ermənistanın iradəsindən asılı olan taleyüklü bir məsələ yoxdur".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, artıq yeni bir reallıq var və Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistanın təcavüzkar niyyəti üçün qatar artıq gedib: "Ermənilərin bundan sonra yeganə yolu Azərbaycanın formalaşdırdığı əməkdaşlıq mühitindən yararlanmaq, dalandan qurtulmaqdır. Azərbaycan zatən öz sərhədlərində möhkəmlənib, Naxçıvanla quru və dəmir yolunu, Zəngəzur dəhlizini açmaq üzrədir. Heç kim də düşünməsin ki, İrəvan Zəngəzur dəhlizinin qərar verən tərəfidir, əsla belə deyil, bu cənab İlham Əliyevin ideya müəllifi olduğu, Rusiya və Azərbaycanın birgə reallaşdıracağı və təhlükəsizliyinə 10 noyabr Bəyanatı ilə Rusiyanın təminat verdiyi bir layihədir. İrəvan Zəngəzur dəhlizinin olub olmayacağı barədə qərar verəcək tərəf deyil, sadəcə istəsə bu layihəyə qoşulacaq, istəməsə dalanda qalmaqda davam edəcək ki, bu da artıq son deməkdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə