Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır...
Azərbaycan Prezidenti Aşqabadda bəyan etdi: “Zəngəzur dəhlizi reallığa çevrilir”
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.
Bəli, Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində, görüşlərində dəfələrlə bəyan edir ki, biz istər danışıqlarla, istərsə güc yolu ilə Zəngəzur dəhlizini açacağıq. Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Birmənalı olaraq demək lazımdır ki, Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və bu qələbənin müəllifi ölkə Prezidenti, qalib lider cənab İlham Əliyevdir. Çünki bütün şərtləri qaliblər diktə edir. Və Azərbaycan Prezidenti İlham Əliyev də bütün şərtləri diktə edən tərəfdir. Çünki Azərbaycan Vətən müharibəsində qalib gəlib və hazırda şərtləri diktə edən tərəfdir.
“Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”
Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışı zamanı bildirib ki, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır: "Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır”.
Azərbaycan Prezidenti onu da bildirib ki, biz Zəngəzura qayıtmalıyıq: “Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur".
Bəli, Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Bir sözlə, bu dəhliz Vətən müharibəsində qazandığımız tarixi uğurlarımızdan biridir. Prezident İlham Əliyev də Zəngəzur dəhlizinin tarixi nailiyyət olduğunu vurğulayıb: “Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB