Soçi görüşü Azərbaycanın qələbəsi, Ermənistanın təxribatçı mövqeyinin iflasıdır
Məğlub tərəf sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır
Beynəlxalq güclər zaman-zaman Qarabağ münaqişəsinin həllini Ermənistanın xeyrinə həll etməyə çalışırdılar. Bu, təkzib edilməsi mümkün olmayan bir faktdır və bunun bədəlini beynəlxalq güclər deyil, son nəticədə Ermənistanın özü ödəməli oldu. Ermənilər anlamaq istəmədilər ki, gec-tez bu münaqişə aktiv fazaya keçəcək və böyük faciə ilə nəticələnəcək. Bu, əlbəttə, ilk növbədə, Ermənistandakı siyasət adamlarını düşündürməli idi ki, yaxın qonşunun torpaqlarını işğal etmək və bu əraziləri mənimsəmək planları yaxşı heç nə vəd etmir. Bütün 30 illik işğal dövründə Ermənistan anlamaq istəmədi ki, onun mühüm vəzifələrindən biri özünün başqalarının əlində olan müstəqilliyini geri alıb, işğalçılıq siyasətindən əl çəkmək və qonşularla dinc yanaşı yaşamaqdır.
Bir də işğalçı Ermənistan onu da bilməlidir ki, yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir. Bəli, həqiqət əbədidir. Bu gün Azərbaycan dövlətinin diplomatik «Dəmir yumruq» siyasəti nəticəsində nəticəsində 20 faizdən çox torpaqlarımızı 30 həsarətdə saxlayan, «Böyük Ermənistan» xülyasına, «24 aprel» stereotipinin ağ yalanlarına 44 gün ərzində son qoyuldu, əzə bildi. Bu, Azərbaycanın haqq yolu idi və həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Bu əzm xalq-dövlət birliyinin, inamının qələbəsidir, bu, Ali Baş Komandanın, Azərbaycan Prezidentinin «Dəmir yumruq» siyasətinin qələbəsi, xalq-iqtidar-ordu birliyinin həqiqətidir. Və bu qələbədə bütün şəhidlərimizin, Xocalı soyqırımı, 31 mart soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: «Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir, Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız». Bax, budur həqiqət!
Ancaq son hadisələr göstərir ki, hətta müharibədə rüsvayçı məğlubiyyətindən sonra belə bu ölkə yenə də müstəqil siyasi qərarlar qəbul etmək imkanlarından çox uzaqdır. Bu da ondan irəli gəlir ki, bu xalqın milli dövlətçilik tarixinin kökü olmadığı və məğlub olduğu üçün sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır. Və bu gün Qarabağa hansısa statusun verilməsi ümumiyyətlə, mümkün deyil. Bunun heç bir siyasi və ya hüquqi əsası yoxdur.
Soçi razılaşması - dünəndən sabahımıza atılan körpüdür…
Və noyabrın 26-da tarixi hadisə olan Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında Soçidə keçirilən görüş regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində dünəndən sabahımıza atılan bir körpü, irəliyə doğru addımdır. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə milli maraqlarımızı qətiyyətlə müdafiə edib. Soçi görüşü zamanı Ermənistanın diplomatik cəhətdən də məğlub olması göz önündə idi. Bir sözlə, Soçi görüşü bütün mənalarda Azərbaycan üçün uğurlu oldu. Ən birinci uğur elə Soçi görüşünün baş tutması idi. Belə ki, ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın ildönümü ərəfəsində Rusiyada belə bir görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yayıldı. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdən müvəqqəti yayına bildi. Noyabrın 10-u ərəfəsində görüşün baş tutmayacağı qətiləşdikdən dərhal sonra tərəflərin razılığı əsasında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşün dekabrın 15-də Brüsseldə keçiriləcəyi məlum oldu. N.Paşinyanın bütün ümidləri məhz bu görüşə idi. Artıq manevr imkanlarının tam tükəndiyini aydın dərk edən Paşinyan Avropada ən azından vaxt udmaqla, ağır məğlub durumda hər hansı bir sənədi imzalamaqdan yayınmağa ümid edirdi. Paşinyanın görüşə qədərki davranışları, mimikası və Ermənistanda müşahidə olunanlar təsdiqlədi ki, Soçi görüşü Azərbaycanın xeyrinə nəticələnməsi Paşinyanın Brüssellə bağlı ümidlərini puç etdi. Rusiya Prezidenti Vladimir Putin Brüssel görüşünə qədər nəticələrin əldə edilməsinin vacibliyini vurğuladı və Brüssel görüşünün sırf deklarativ xarakterli olması üçün bütün addımların atılacağına işarə etdi. Göründüyü kimi, bundan itirən tərəf yenə də Ermənistandır. Çünki Ermənistan istənilən vasitələrlə Birgə Bəyanatın şərtlərinə əməl etməkdən, sərhədlərin müəyyənləşdirilməsindən və yekun sülh sazişinin bağlanmasından yayınmağa çalışır. Amma Paşinyan aydın dərk etməlidir ki, başqa yolu yoxdur. Nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi layihələrin həyata keçirilməsi, sərhədlərin müəyyənləşdirilməsi üçün komissiyanın yaradılması dəyişməz məqsədlər kimi bir daha təsdiqləndi. Bundan başqa, Paşinyanın gözləntilərinin əksinə olaraq, status və hərbi əsrlər məsələsinə ümumiyyətlə toxunulmaması da aydın göstərdi ki, Rusiya Azərbaycanın haqlı maraqlarını dəstəkləyir. Xüsui olaraq, sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin yer almaması da Rusiyanın Azərbaycanın mövqelərinə hörmətlə yanaşması kimi qiymətləndirilməlidir. Beləliklə, Soçi görüşü bütövlükdə Azərbaycanın haqlı mövqelərini təsdiq etdi və Rusiya tərəfindən dəstəkləndiyini göstərdi.
«Bu, sadəcə, söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik»!
Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə “İkitərəfli münasibətlərimizin inkişaf dinamikası bizi çox sevindirir” söyləyən Prezident İlham Əliyev qeyd etmişdir ki, bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk: “Bu, sadəcə, söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq.”
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görüş zamanı bildirib ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi tamam olur. Putin onu da qeyd edib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq çox uğurla inkişaf edir: “Bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard dollar birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir.”
Rusiyanın dövlət başçısı görüşün davamında dövlətlər arasındakı humanitar əlaqələrdən bəhs edib: “Rus dilinin inkişafına, dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istəyirəm. Sizdə 304, hətta mən bilən daha çox – 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənirlər. Bu da yaxşı göstəricidir, Azərbaycan rəhbərliyinin, Azərbaycan xalqının yaxın və çoxtərəfli əlaqələr saxlamaq cəhdinə dəlalət edir. Bu əlaqələr həqiqətən çoxtərəfli xarakter daşıyır. Humanitar sahədə münasibətlər də, gənclərin əlaqələri də inkişaf edir. Bizdə bu cür ümumbəşəri səviyyədə dəstəklənən tədbirlər çoxdur. Bu, gələcəkdə münasibətlərimizin inkişafı üçün yaxşı şərait yaradır.”
Dövlətimizin başçısı görüş zamanı Rusiya Prezidentinə Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün yaradılan gözəl şəraitə görə təşəkkürünü də bildirib: “15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində, bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub.”
Dövlətimizin başçısı üçtərəfli görüş zamanı Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, konstruktivlik nümayiş etdirdiyini diqqətə çatdırıb: “Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması işində bu 1 il ərzində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, kommunikasiyaların açılmaması icra olunmamış əsas məsələlərdən biridir. Çünki ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün bəndləri demək olar ki, yerinə yetirilib. Düşünürəm ki, üçtərəfli görüşdə bu mövzu, həmçinin Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən olunması məsələsi müzakirə olunacaq. Biz Rusiyanın bu məsələdə dəstəyini, o cümlədən məsləhətçi qismində rolunu yüksək qiymətləndiririk. Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Ona görə də biz dəfələrlə açıq şəkildə bildirmişik ki, sərhədlərin təxirə salınmadan delimitasiyasına başlamağa hazırıq».
«Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir»
Azərbaycan Prezidenti İlham Əliyev Soçi hava limanında Rusiyanın “Rossiya-1” telekanalında efirə gedən “Kreml. Putin. Moskva” verilişinə müsahibəsi zamanı da Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynadığını söyləyib: «Biz Azərbaycanda bunu çox müsbət qiymətləndiririk. Mən bunu bu gün görüşdə də demişəm. Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır. Görüşün yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir».
Bir sözlə, bu gün Azərbaycan dövləti məhz bu haqq yolunda qürurla, inamla, vüsətlə, şərəflə və ləyaqətlə addımlayır. Əlbəttə ki, bu addımların altında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti əzilib, əziləcək. Azərbaycan dövləti isə, ölkə rəhbərliyi məhz hücum siyasəti nəticəsində qələbələrini qazanır, bundan sonra da qazanacaq, öz doğma xalqı, milləti ilə bir yerdə həmişə olacaq! Və Soçi görüşünün nəticəsi olaraq qəbul olunan bəyanatda əks olunan müddəalar da Azərbaycan tərəfinin daim tərəfdaş olduğu, söylədiyi və diqtə etdiyi müddəalardır. Və Ermənistanın baş naziri Nikol Paşinyan da artıq anlayır ki, həmin müddəalarda nəzərdə tutulan aspektlərdən kənar hərəkət etmək, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə bu ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər.
Bir sözlə, Paşinyan və Ermənistan yeni reallıqları qəbul etməli, həmin reallıqlarla barışmalıdır. Çünki Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB