“Əsgərə xatirə” layihəsi: daim şəhid ailələri və qazilərin yanında! FOTOLAR

"Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib"

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında “Əsgərə xatirə” layihəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən “Əsgərə xatirə” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva, Milli Məclisin deputatları Vüqar İsgəndərov, Arzu Nağıyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli, şəhid Sübhan Əbdürrəhmanovun anası Mehriban Abdurahmanlı, şəhid Cavid Manafovun anası Natəvan İbrahimova, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, “Əsgərə xatirə” layihəsinin icraçı direktoru Məltəm Şıxəliyeva, “Bakı” Klinikasının fizioterapiya şöbəsinin meneceri Mahirə Əhmədova, Elmi-Tədqiqat Mama Ginekologiya İnstitutunun böyük elmi işçisi Afət Həsənova, qazi Orxan Qurbanov, Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin məsul əməkdaşı polkovnik-leytenant Kamran Nəsibov deyiblər ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq kimi birləşərək düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib.

“Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq”, deyə vurğulanan fikirlərdə həmçinin qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli daim dövlətimizin diqqəti mərkəzindədir.

Natiqlər Vətən uğrunda canlarından keçən insanlara, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılovun müraciəti dinlənilib.

Sonda bədii hissə və mükafatlandırma mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə