Azərbaycan sülhün, sabitliyin və əmin-amanlığın tərəfdarı olmaq istəyir - POLİTOLOQ AÇIQLADI

“Aşqabad görüşünün böyük əhəmiyyəti var idi və xüsusilə ölkə başçısı cənab İlham Əliyev ümumtəşkilata üzv olan bütün dövlətlərin dövlət başçıları ilə burada təkrar görüşdü. İkitərəfli, regional, qlobal səviyyəli məsələlərin müzakirəsi aparıldı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, xüsusilə bizim üçün burada maraqlı olan Türkmənistan və İran prezidenti ilə görüş idi: “Çünki, bizim son vaxtlar İranla aramızda olan yəni, Azərbaycan və İran arasında olan münasibətlərin biraz gərginləşməsi, İran tərəfinin atdığı addımlarla əlaqədar olaraq münasibətlərin gərginləşməsi fonunda bu görüşün baş tutması böyük əhəmiyyətə malik idi. Həm ölkə başçısı cənab İlham Əliyevin İranla bundan sonra münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlər səsləndirməsi, eyni zamanda İran prezidenti İbrahim Rəisinin Azərbaycanla münasibətləri, eləcə də Türkiyə ilə münasibətlərinin inkişaf etdirilməsi və yaxşılaşdırılması yolunda söylədiyi müsbət fikirlərə diqqət yetirmək lazımdır. Eyni zamanda burada diqqəti çəkən məsələ Türkmənistanla Azərbaycan arasında münasibətlər o qədər də yaxşı səviyyədə inkişaf etməmişdi. Hətta demək olar ki, münasibətlər çox aşağı səviyyəli gedirdi. Amma bu ilin yanvar ayından başlayaraq Türkmənistan və Azərbaycan arasında imzalanmış “Xəzərin Dibində Neft və Qaz Yataqlarının İşlənməsi” ilə bağlı müqavilə artıq münasibətləri dəyişdi, yeni mərhələyə qədəm qoydu”.

Politoloq sözlərinə belə davam edib: “Daha sonra Türkiyədə keçirilən görüşdən sonra görüş artıq dövlətlərarası münasibətləri yeni bir mərhələyə keçirmiş oldu. İndi artıq Azərbaycan və Türkmənistan arasında demək olar ki, heç bir ciddi narazılıq yoxdur. Hər şey yolunda gedir və artıq İstanbulda baş tutan 8-ci Türk Dövlətlər Təşkilatının Zirvə toplantısından sonra münasibətlər yeni bir mərhələyə keçdi. Türkmənistan bu təşkilata qoşulmaqla əslində bir növ bu təşkilatın türk dövlətləri ailəsinin üzvü olduğunu təsdiq etmiş oldu. Bu eyni zamanda elə Azərbaycanla münasibətləri də yaxşılaşdırmaqdır və hesab edirəm ki, Aşqabad sammitində də iqtisadi yönlərlə yanaşı, həm də siyasi yönlərə də diqqət yetirildi”.

“Bundan sonrakı mərhələdə artıq Azərbaycanın yeni bir reallıq yaratdığını nəzərə alaraq yəni, ikinci Qarabağ savaşından sonra Azərbaycanın regionda yaratdığı yeni bir reallıq və üzümüzə gələn dövrdə Zəngəzur dəhlizinin açılması məsələsinin reallaşması artıq Aşqabad samminin əhəmiyyətini daha da artıracaq. Təbii ki, ölkə başçısı təkcə Türkmənistan və İran dövlət başçıları ilə deyil, eyni zamanda burada digər dövlətlərin başçıları ilə də Tacikistan, Pakistan, eyni zamanda burada görüşdüyü şəxslər, digər təşkilata üzv olan dövlətlərin başçıları idi”.

“Hesab edirəm ki, bu məsələlərin hamısı mahiyyət etibarilə Azərbaycanın xarici siyasət strategiyasının daha da inkişaf etdirilməsinə yönəldi və Ölkə başçısının o səfər çərçivəsində keçirdiyi görüşlər, söylədiyi fikirlər həmin görüşlərdə Azərbaycanın xarici siyasətinin nə qədər ciddi önəm verdiyinin göstəricisidir. Azərbaycan həm qonşu, həm də region dövlətləri ilə münasibətləri dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətləri səviyyəsinə yürütmək və bölgədə sülhün, sabitliyin və əmin-amanlığın tərəfdarı olmaq istəyir. Mən hesab edirəm ki, bu məsələlər olduqca önəmlidir və Dövlət başçısının keçirdiyi görüşlərdə və söylədiyində də bu məsələlər xüsusi yer almışdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...