“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Xalq cəbhəsi” qəzetinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş toplantı keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, “Xalq cəbhəsi” qəzeti 20 il öncə partiya təmayüllü mətbuat orqanı statusunda yaransa da, özünü milli qəzet kimi təsdiqləyib. Nəşrin səhifələrində milli məfkurə saflığı, türkçülük ideyları, azərbaycançılıq vəhdətdə götürülüb. Ən əsası isə qəzet Azərbaycanın bütövlüyü ideyasına məxsusi yanaşma və çalarlar ortaya qoymağı bacarıb. Cənub mövzusu onun səhifələrində daha dolğun və sistematik şəkildə oxuculara çatdırılıb. Qəzet mövcud müstəvidəki əks-meyllərə qarşı ideoloji mübarizə əzmini də nümayiş etdirməklə püxtələşib. “Bu günün “Xalq cəbhəsi” qəzeti peşəkar komandaya malik ümummilli məsələləri, dövlət maraqlarını, xalqın və millətin mənafelərini üstün tutan yaradıcılıq mərkəzidir. Belə bir yüksək mövqeyə sahiblik illərin zəhmətinin bəhrəsidir. 15 ildir qəzetə istedadlı həmkarımız, şair, publisist və siyasi xadim, politoloq Elçin Mirzəbəyli rəhbərlik edir. Onun başçılığı ilə qəzet müasir dövrün tələblərinə xas şəkildə fəaliyyətdədir. Nəşr artıq media qrupu formatına uğurlu keçidə imza atıb. Bunlar isə bütövlükdə Azərbaycanın mətbuat ənənələrinə verilən dəyərin, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı olmaq arzusunun təzahürüdür. Və bütün bunlara görə Azərbaycan Mətbuat Şurası “Xalq cəbhəsi” qəzetini fəxri diploma layiq görüb”, - deyən Ə.Amaşov diplomu qəzetin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəyliyə təqdim edib.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycanda müstəqillik dövrünün mətbuatı xalq hərəkatına bağlı, özünün təməlini bu hərəkatdan götürən mətbuatdır. 20 yaşını qeyd edən “Xalq cəbhəsi” qəzetinin də qayəsində xalq hərəkatının elan etdiyi prinsip və dəyərlərə sayğı və ehtiram dayanır. Qəzet media məkanına siyasi partiyaya yaxın kütləvi informasiya vasitəsi qismində daxil olsa da, özünün peşəkar dəst-xətti ilə ümumi dəyərlərə xidmət göstərib. R.Arifoğlu media sahəsindəki qlobal transformasiya dövründə “Xalq cəbhəsi”nə daha uzun yayım ömrü arzulayıb. O, fenomenal xarakterlərə malik baş redaktor E.Mirzəbəylinin sayəsində başlanılmış yolun bundan sonra da uğurla davam etdiriləcəyinə inandığını dilə gətirib.

MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev siyasi təbəqələşmənin cəmiyyətə hakim kəsildiyi bir vaxtda meydana çıxmış “Xalq cəbhəsi” qəzetinin firqə maraqları ilə yanaşı, ümumxalq və dövlət maraqlarını da müdafiə etdiyini xatırladıb. O deyib ki, nəşrdəki işə peşəkar yanaşma tərzi jurnalistikanın prinsiplərini hər zaman ön planda saxlayıb. A.Quliyev onu da bildirib ki, baş redaktor E.Mirzəbəyli medianın müasir çağırışlarına adekvat cavab verilməsi ehtiyacını inamla doğruldan rəhbərdir və “Xalq cəbhəsi”nin uğurlarında böyük pay sahibidir.

“Xalq cəbhəsi” qəzetinin yarandığı dövrün xüsusiyyətlərinə diqqət yetirən MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, 20 illiyini qeyd edən nəşr partiya prinsipləri ilə peşəkar media dəyərlərini vəhdətdə tutmağın örnək nümunəsidir. O, baş redaktor E.Mirzəbəylinin malik olduğu yüksək keyfiyyətlərin qəzetin yaradıcılıq kursuna da təsir göstərdiyini vurğulayaraq “Xalq cəbhəsi”nə yeni-yeni uğurlar arzulayıb.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, mediada texnoloji yeniliklərin tətbiqinin geniş vüsət aldığı, ənənəvi medianın onlayn mediaya transformasiyasının labüd proses kimi diqqət çəkdiyi indiki dövrdə dəyişməyən bir meyar var ki, o da peşəkarlıqdır. “Xalq cəbhəsi” ötən müddətdə məhz bu meyara sadiqlik nümayiş etdirib.

“Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri, yazıçı-publisist Yunus Oğuz partiya təmayüllü nəşrdə yaradıcılıq sərbəstliyinin mövcudluğunu böyük mənəvi divident kimi xarakterizə edərək “Xalq cəbhəsi”nin bu baxımdan fərqləndiyini deyib. O, belə yanaşmanın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin şəxsi keyfiyyətlərindən, jurnalist işinə verdiyi dəyərdən irəli gəldiyini vurğulayıb. Y.Oğuz da çıxışında nəşrin yarandığı dövrü yada salıb, onun formalaşmasında qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızının əməyinin olduğunu qeyd edib. Y.Oğuz həmçinin bildirib ki, 15 ildir “Xalq cəbhəsi”nə rəhbərlik edən E.Mirzəbəylinin prinsipial yanaşma tərzi qəzetin faəliyyət spesifikası üçün də düşündürücü, cəmiyyətin maraq və mənafelərindən irəli gələn xarakterik mövzular müəyyənləşdirməkdədir.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Xalq cəbhəsi”ni mənsub olduğu siyasi qüvvəyə üstünlük qazandıran qəzet kimi dəyərləndirib. O, nəşrin milli-ideloji səpkidəki fəaliyyətindən söz açaraq bildirib ki, 20 yaşını qeyd edən mətbuat orqanı eyni zamanda məktəb funksiyasını daşıyır. Onun şinelindən hazırda ölkənin ictimai həyatının müxtəlif sahələrində çalışan peşəkarlar çıxıblar.

“Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev bildirib ki, “Xalq cəbhəsi” cəmiyyətin qəzetinə çevrilməyi bacaran KİV-dir. Baş redaktor ənənəvi medianın sıradan çıxması ilə bağlı tendensiyanın gücləndiyi hazırkı şəraitdə “Xalq cəbhəsi”nin məhz qəzet kimi də varlığını davam etdirməsini arzulayıb.

Toplantıda çıxış edənlərdən “Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “İki sahil” qəzetinin baş redaktor müavini İsmayıl Hacıyev, “Lent.az” saytının baş redaktoru Hafiz Heydərov, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev, “Xalq cəbhəsi” Media Qrupuna daxil olan “Axctv.az” saytının baş redaktoru Niyaməddin Orduxanlı, “Xalq cəbhəsi” qəzetinin redaktoru Arzu Şirinova, şair-publisist Xanəmir və başqaları 20 ildir fasiləsiz fəaliyyətdə olan qəzetin Azərbaycanda müstəqillik dövrü media ənənələrinin formalaşmasındakı, ictimai münasibətlərin tənzimlənməsindəki, siyasi dialoq mühitinin inkişafındakı rolundan söz açıblar. Onlar eyni zamanda vurğulayıblar ki, “Xalq cəbhəsi” təməlində peşəkarlığın başlıca meyar kimi dayandığı, peşəsinə sadiq jurnalistlərin öz işlərinə sevgi ilə yanaşdıqları nəşrdir və bu cəhət onun populyarlığında ən vacib amildir.

Sonda çıxış edən baş redaktor E.Mirzəbəyli “Xalq cəbhəsi” qəzetinə verilən dəyərdə onun hər bir əməkdaşının payının olduğunu bildirib. O deyib ki, çətin transformasiya dövründə nəşrin bütün imkanlardan istifadə edə bilir və bunun kökündə qəzetçilik ənənələrinə sadiqlik dayanır. “Xalq cəbhəsi” isə ilk növbədə ənənələri qoruyan strukturdur. E.Mirzəbəyli çıxışında həmçinin toplantı iştirakçılarına öz adından və rəhbərlik etdiyi qəzetin kollektivi adından təşəkkürünü bildirib.

SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev başda olmaqla bizlər də "Xalq Cəbhəsi" qəzetinin fəaliyyətə başlamasının 20 illik yubileyi münasibətilə həmkarlarımızı ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə