Azərbaycanın təşəbbüsləri ilə sürətli iqtisadi artımın şahidi olacağıq - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan və Rusiya qonşu dövlət olmaqla yanaşı həm də strateji tərəfdaşdır". Bu fikirlərin SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikaylova bildirib.

S.Mikayılova bildirib ki, Azərbaycan-Rusiya münasibətləri özünün ən parlaq dövrünü yaşayır. İki ölkə arasında bir çox istiqamətdə əlaqələr sürətlə inkişaf edən templə gedir. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb. Rusiyanın 900 müəssisəsi Azərbaycanda fəaliyyət göstərir bunlar mövcud iqtisadi əlaqələrin bir hissəsini əks etdirir: "Rusiya və Azərbaycan eyni zamanda siyasi tərəfdaşdır. Prezident İlham Əliyevin “Rossiya-1” telekanalın müsahibəsində qeyd etdiyi kimi Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır. Soçi görüşündə qəbul edilən qərarlar da bunu göstərir ki, Azərbaycan Prezidentinin təklifləri Rusiya Prezidenti tərəfindən dəstəklənir. İki ölkə başçısının sıx əlaqələri, münasibətləri dövlətlər arasındakı əlaqələrin sürətli inkişafına böyük təkan verən amildir".

Deputat bildirib ki, Soçi görüşü zamanı Azərbaycan və Rusiya dövlət başçıları arasında səmimi və isti münasibətlərin olduğu açıq-aşkar görünürdü: "Bu onu deməyə əsas verir ki, iki dövlət arasında əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Rusiya Prezidentinin Azərbaycanda rus dilinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi Soçi görüşünün yadda qalan məqamlarından biri oldu. Vladimir Putinin bu fikirləri Azərbaycanın multikultural dəyərlərinə verdiyi yüksək qiymət olmaqla yanaşı, digər tərəfdən antirusiya meyillərin kəskin artdığı Erməistana ünvanlanmış ciddi xəbərdarlıq idi".

S.Mikayılova sonda qeyd edib ki, iki ölkə arasında sıx dostluq münasibətləri regionda sülh və təhlükəsiz mühitin formalaşmasına öz töhfəsini verir: "Azərbaycan özü BMT qətnamələrini icra edərək, öz ərazi bütövlüyünü bərpa etdi. Artıq regionda quruculuq və sülh dövrüdür. Azərbaycanın iqtisadi və siyasi tərəfdaşı olan Rusiya da bu prosesə qatqı verən ölkələrdəndir. Əminəm ki, tezliklə regionun lider ölkəsi Azərbaycanın təşəbbüsləri ilə Cənubi Qafqazda sürətli iqtisadi artımın şahidi olacağıq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə