Azərbaycan bütün məqsədlərə öz gücü hesabına nail olur - DEPUTAT ŞƏRH ETDİ

"28 noyabr 2021-ci il tarixdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə iştirak edib. İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan, Türkiyə tərəfindən təşkil edilib. Hal-hazırda Azərbaycan da daxil olmaqla on müsəlman ölkəsi bu təşkilatın üzvüdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə çıxış edib: "Cənab Prezident çıxışında Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək regionda yeni reallıqlar yaratdığını qeyd etdi. Bildirilib ki, bu gün Zəngəzur dəhlizi reallığa çevrilir. İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cənab Prezident öz çıxışında qeyd edib ki, Azərbaycanda aparılan genişmiqyaslı islahatlar nəticəsində münbit sərmayə iqlimi yaradılıb. Son 18 il ərzində Azərbaycanda ümumdaxili məhsul 18 dəfə artmış, strateji valyuta ehtiyatlarımız xarici dövlət borcundan 6 dəfə çoxdur".

Deputat sözlərinə belə davam edib: "Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədovla, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Pakistan Respublikasının Prezidenti Arif Alvi ilə, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Tacikstan Respublikasının Prezidenti Emoməli Rəhmonla ikitərəfli görüşlər keşirmişdir. Keçirilən bütün görüşlərdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün bundan sonra da mühüm addımların atılacağı barədə razılığa gəlinmişdir. Keçirilən ikitərəfli görüşlər bir daha göstərdi ki, Azərbaycan əldə etdiyi böyük tarixi Qələbədən sonra regionda təmamilə yeni reallıqlar yaranıb və Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərə öz gücü hesabına nail olur".

"Aşqabadda keçirilən Zirvə görüşü bir də onu göstərdi ki, Kollektiv Təhlükəsizlik Müaviləsi ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilata üzv olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir. Zirvə görüşündə yekun Aşqabad Bəyannaməsi qəbul olunub. Aşqabad Bəyannaməsində Azərbaycanın maraqlarına tam uyğun müddəalar öz əksini tapıb. Bu sənəddə Azərbaycan xalqı və hökuməti işğal olunmuş ərazilərimizin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibəti ilə təbrik edilir. Ümumilikdə İƏT-nin Aşqabadda keçirilən XV Zirvə görüşü və onun nəticələri, qəbul edilmiş Bəyannamə Azərbaycanın maraqlarına tam uyğundur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə