Soçi görüşü Ermənistanın reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - ŞƏRH

“Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin Soçidə keçirilən üçtərəfli görüşünü sülh prosesinə töhfə verən təmas kimi qiymətləndirmək olar. Belə ki, Vətən müharibəsində Azərbaycanın hərb meydanında qazandığı şanlı Qələbə diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Məhz bu baxımdan noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin, Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bir daha bunun şahid olduq. Hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanat, həmçinin səslənən açıqlamalardakı fikirlər Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur. Və bu gün Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi Prezident İlham Əliyevdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Məşhur Məmmədov bildirib.

Məşhur Məmmədov onu da vurğulayıb ki, üçtərəfli görüş tarixi hadisə olmaqla, həm də Azərbaycanın qələbəsinin uğurlu tarixidir: «Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüş Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımında böyük önəm kəsb edir. Xüsusilə də görüşün nəticələri və görüş nəticəsində qəbul edilən Bəyanat Azərbaycanın növbəti diplomatik uğurudur. Və ən əsası isə, Bəyanatda nə status, nə də Qarabağ ifadəsi var. Ermənistan tərəfinin həmişə iddia etdiyi hərbi əsir və girov məsələsinə də toxunulmur. Bəyanatda Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılılıq əldə olunduğu qeyd edilir. Eyni zamanda avtomobil və dəmir yollarının açılması ilə bağlı layihələrin başlanılması barədə qərar qəbul edilib ki, bu da məhz bu Zəngəzur dəhlizini nəzərdə tutur. Həmçinin, ATƏT-in Minsk qrupunun da adı çəkilmir. Bu, artıq həm Dağlıq Qarabağ münaqişəsinin, həm də 1992-ci ildə problemin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, amma 28 illik fəaliyyəti dövründə missiyasının nədən ibarət olduğunu tam dərk etməyən, neytrallığı qorumayaraq Ermənistana dəstək funksiyasını yerinə yetirən, qısaca desək, fəaliyyətsiz Minsk qrupunun tarixdə qaldığını təsdiqləyir».

Heç bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi bu sənəddə əksini tapdığını deyən millət vəkili Məşhur Məmmədov vurğulayıb ki, Soçi görüşündə əldə olunan razılaşmalar Ermənistanın qısa müddətdə sülh müqaviləsini imzalamasını şərtləndirəcək ki, bu da öz növbəsində regionun həyatında yeni dövrün başlanmsaına yol açacaq: «Ancaq təəsüf doğuran odur ki, Azərbaycan tərəfindən ağır məğlubiyyətə uğradılmış Ermənistan hələ də bunu nə həzm edə bilir, nə anlaya bilir. Ona görə də Azərbaycana qarşı revanşist fikirlərdən əl çəkmir, həmçinin üçtərəfli Bəyanatın bəndlərini görməzdən gəlir və ya inkar edir. Elə bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan onlayn müsahibəsində Zəngəzur dəhlizin açılması haqqında sərsəm fikirlər söyləyərək bildirib ki, üçtərəfli Bəyanatda Zəngəzur dəhlizi məsələsindən bəhs edilmir və bu Ermənistanın istəyi ilə ola bilər. Göründüyü kimi, bu cür çıxışlar ancaq Ermənistanın daxili auditoriyasına hesablanmış sərsəm çıxışlardır. Çünki Paşinyan özü də çox yaxşı bilir ki, Zəngəzur dəhlizinin açılması üçtərəfli Bəyanatda nəzərdə tutulub və Türkiyə, Rusiya kimi dövlətlərin də marağına cavab verir. Bu da o deməkdir ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır».

«Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə əlaqədar söylədiyi “Yaxşı olar ki, Ermənistan xoşluqla bu məsələnin həlli ilə razılaşsın»,-fikrini diqqətə çatdıran millət vəkili onu da söyləyib ki, Ermənistan əməkdaşlıqdan nə qədər boyun qaçırsa da, Zəngəzur dəhlizinin inşasına əngəl törətmək istəsə də əmin ola bilərlər ki, buna nail ola bilməyəcəklər: “Prezident İlham Əliyevin də dediyi kimi, bu məsələ baş tutmalıdır. Sadəcə, Azərbaycan hər zaman olduğu kimi, Zəngəzur dəhlizi məsələsini də sülh yolu ilə həll etmək istəyir. Buna görə də Ermənistana xeyli vaxt verib. Əgər təcavüzkar ölkə bunu xoşluqla qəbul etməsə, bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

“Bir sözlə, düşünürəm ki, Soçi görüşü və imzalana Bəyanatının yekununun nəticələri Azərbaycan üçün müsbət nəticələnəcək,-deyən millət vəkili Məşhur Məmmədov onu da söyləyib ki, ümumiyyətlə, Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi. Əminik ki, Soçi görüşündən sonra istər sülh, istərsə də kommunikasiya məsələlərində səmərəli addımlar atılacaq”,-deyə millət vəkili Məşhur Məmmədov vurğulayıb.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə