İşğalçı Ermənistan Azərbaycanın suverenliyini tanımalıdır - SABİQ SƏFİR AÇIQLADI

“26 noyabr tarixində Soçi şəhərində baş tutmuş üçtərəfli zirvə görüşünün bölgə üçün xeyirli nəticələr verəcəyinə inanıram. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bu görüşdə Zəfər qazanmış, müzəffər bir Prezident olaraq oturdu”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, üçtərəfli görüşdə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı qərar qəbul edildi və bu proseslər ən qısa zamanda başlayacaq: “Bundan əlavə bu görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış sazişlərin icra olunub-olunmadığı gözdən keçirildi, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası məsələsi müzakirə olundu. Quru və dəmir yolları, Zəngəzur dəhlizinin açılması gündəmə gətirildi. Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir. Çünki bu dəhliz açılarsa, bölgədə böyük bir inkişaf olacaq. Üçtərəfli görüşdən əvvəl ikitərəfli görüşdə Vladimir Putin qeyd edib ki, üçtərəfli görüşdə müzakirə edəcəyimiz məsələləri cənab Prezident İlham Əliyev ilə müzakirə etdik. Bu böyük bir uğurdur. Azərbaycan üçün bütün prioritet olan məsələlər diqqətə alınıb. Amma ümumilikdə sülh sazişi bağlanmasa, Azərbaycan ilə Ermənistan arasında münasibətlər normallaşa bilməyəcək. Əvvəlcə işğalçı Ermənistan dövləti Azərbaycanın suverenliyini tanımalıdır və bu çox önəmlidir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə