Artıq sülh sazişinin imzalanması qaçılmazdır - EKSPERT RƏYİ

“44 günlük Vətən müharibəsində tarixi qələbəmiz Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb və bu nüans Soçidə keçirilən görüşdə açıq-aydın nəzərə çarpırdı. Müzəffər ordunun Ali Baş Komandanı, qalib xalqın rəhbəri olan cənab prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyandan dəfələrlə üstün mövqe nümayiş etdirməklə suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında müzakirələrin keçirilməsi, Azərbaycanın qalibiyyəti, Ermənistanın acı nəticələrə gətirib çıxaran fəlakətli məğlubiyyəti fonunda daha aydın görünürdü”. Bu fikirləri SİA-ya açıqlamasına politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, Ermənistanı sülh sazişinə məcburetmə istiqamətində rəsmi Bakının addımları da təqdirəlayiqdir: “Eyni zamanda regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunması istiqamətində Azərbaycanın sülhə məcburetmə əməliyyatı artıq öz nəticələrini göstərməkdədir. Həmçinin, Soçi görüşündə Azərbaycanın istəkləri əsasında danışıqlar masasında bir sıra məsələlər müzakirə edildi. Həm Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi rifaha əsaslanan əməkdaşlıq münasibətlərinin qurulması, son nəticədə sülh müqaviləsinə gətirib çıxara bilən addımlardır. Soçi görüşündə diplomatik jestlər, terminlərin istifadəsi, bədən dili və digər nəzərə çarpan elementlər Azərbaycanın müharibədə qələbəsindən xəbər verən bir digər görüntülər idi”.

İ.Hüseynov vurğulayıb ki, artıq sülh sazişinin imzalanması qaçılmazdır: “Baxmayaraq ki, Ermənistanda müxalifətdə, eləcə də iqtidar daxilində revanşist fikirlərin geniş yayıldığını müşahidə edirik, lakin sülhün və sabitliyin qorunması ümumi olaraq regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Bu xüsusda Azərbaycanın təşəbbüsləri də beynəlxalq aktorlar tərəfindən dəyərləndirilir. Həm Türk Şurası, həm İƏT çərçivəsində Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı Soçi görüşündən sonrakı fikirlərin cənab Prezident tərəfindəm ifadə olunması Azərbaycanın sülhpərvər siyasətinin göstəricisidir. Eyni zamanda Azərbaycan iqtisadi rıçaqların əldə olunması fonunda regionda təhlükəsizliyin qorunması istiqamətində addımlar atır və beynəlxalq ictimaiyyət tərəfindən də bu addımlar təqdir olunur”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə