"İƏT-in toplantısı ölkəmiz üçün bir sıra məqamlarla yadda qalmışdır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Məlum olduğu kimi dünən Türkmənistanın paytaxtı Aşbaqad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti Zirvə toplantısı keçirilmişdir. Zirvə toplantısında təşkilat üzvü olan ölkələrin rəhbər şəxsləri iştirak etmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Şahin İsmayılov bildirib.

Onun sözlərinə görə, ölkə başçısı cənab Prezident İlham Əliyev də bu tədbirdə iştirak etmiş və geniş nitq söyləmişdir: “Ümumilikdə götürdükdə İqtisadi Əməkdaşlıq Təşkilatının bu zirvə toplantısı ölkəmiz üçün bir sıra məqamlarla yadda qalmışdır və uğurla nəticələnmişdir. Əvvəla onu qeyd etmək istərdim ki, İƏT-ə üzv ölkələr yekun qəbul edilən sənəddə Azərbaycan dövlətini və xalqını işğaldan azad olunmuş ərazilər münasibəti ilə təbrik edir. Bu kifayət qədər vacib məsələdir. O baxımdan ki, həmin dövlətlər birbaşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Digər bir məsələ isə ondan ibarətdir ki, bildiyiniz kim İƏT-ə üzv olan ölkələr sırasında eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr də var. Bu hərbi birləşmədə Ermənistan təmsil olunur, Azərbaycan isə təmsil olunmur və dolayı yolla həmin ölkələr də Azərbaycanın yekun sənəddə prinsipial mövqeyini dəstəkləməklə birbaşa Azərbaycanı dəstəklədiklərini göstərirlər. Bunlar ciddi məsələlərdir.

Həmçinin orada qəbul olunan sənədlər, hesabatlar sırasında Zəngəzur dəhlizi anlayışı da öz əksini tapır ki, bu da Azərbaycanın növbəti uğurudur. Bütövlükdə İƏT-ə üzv olan dövlətlər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yatırım imkanlarını araşdırmaqla bağlı çağırış etmişdir. Düşünürəm ki, bu da yaxın gələcəkdə həmin dövlətlərin investorlar qismində həmin ərazilərə cəlb olunmasının bir nümunəsidir. Bundan başqa cənab Prezident Zirvə toplantısı çərçivəsində qarşılıqlı şəkildə bir neçə dövlət başşısı ilə görüşmüş və fikir mübadiləsi aparmışdır. Xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəql olunmasının özü də çox böyük bir tarixi sənəddir və çox böyük iqtisadi imkanları vardır. Bunu bütövlükdə Azrəbaycan diplomatiyasının uğuru kimi qeyd etmək olar.

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən sənədlər, keçirilən görüşlər və imzalanmış müqavilələr onu göstərir ki, cənab Prezident burada xüsusi bir diplomat kimi öz mahir bacarıqlarını göstərmiş və Azərbaycanın gələcəyi üçün önəmli olan qərarların qəbul olunmasına öz töhfəsini vermişdir. Artıq istər İƏT çərçivəsində olsun, istər digər təşkilat formalarında olsun, istər qarşılıqlı şəkildə biz dövlətlərin Azərbaycanın ərazi bütövüyünü real prinsip olaraq dəstəklədiyini və Azərbaycanın öz ərazilərini qəbul etdiyini təsdiqləyirlər və bura üçün investisiya imkanlarını araşdırırlar. Bu da ölkəmiz üçün kifayət qədər önəmli məsələlərdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə