Makron Azərbaycana heç bir formada təzyiq göstərə bilməz - MÜNASİBƏT BİLDİRİLDİ

"Bütün bu illər ərzində Fransanın Azərbaycana qarşı olan aqressiyasının bir neçə dərin səbəbləri vardır" Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov qeyd edib.

Onun sözlərinə görə, birinci səbəb odur ki, Fransa Ermənistanı dəstəkləməklə daxildə seçkilər ərəfəsində öz elektratını itirmək istəmir: "Nəzərə almalıyıq ki, Avropada erməni icmasının ən çox məskunlaşdığı ölkələrin başında Fransa dayanır və erməni lobbisinin Avropada ən güclü olduğu yerlərdən biri də Fransadır. Həmçinin Fransada həkimiyyətə iddialı olan siyasi qruplar və fraksiyalar həmişə erməni kartından seçkilərdə istifadə etmişlər və buna görə də Ermənistanı müxtəlif dövrlərdə dəstəkləməklə gələcək seçkilərdə ermənilərin səsinə ümid etdiklərini vurğulayıblar.

İkinci səbəb də ondan ibarətdir ki, Fransa Türkiyənin regional gücdən qlobal gücə çevrilməyini həzm edə bilmir. Türkiyənin Avropa İttifaqına inteqrasiyası məsələsinə ən böyük əngəlləyici faktorlardan biri də Fransadır. Bu baxımdan Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi və qardaşlığı fonunda Fransanın Türkiyə qorxusu Azərbaycana qarşı aqressiyada da özünü büruzə verir.

Digər tərəfdən Fransa islamafobiyanın və türkəfobiyanın Avropada ən geniş yayıldığı ölkələrdən biridir. Demokratiyadan, insan haqlarından, fransız mədəniyyətindən danışan Fransa dövlətinin idarəediciləri istər sağçılar, istərsə də sol fraksiyalar hakimiyyətdə olarkən hər zaman islam dünyasına, Türkiyəyə qarşı aqressiv ritorikalarla bəzən irqçi və faşist bəyanatlara dayanan açıqlamalarla çıxış ediblər. Bu baxımdan türk və müsəlman qorxusu da Fransanın Azərbaycan əleyhinə fəaliyyəti ilə nəticələnib. Makron Azərbaycana heç bir formada təzyiq göstərə bilməz. Çünki Azərbaycanın Fransadan heç bir asılılığı yoxdur. Əksinə Avropanın enerji təhlükəsizliyində mühüm yerlərdən birini tutan Azərbaycan Qərbin iqtisadi maraqları, enerji təhlükəsizliyi və siyasi maraqları üçün xüsusi əhəmiyyətə malikdir. Bunu dərk edən İngiltərə, Almaniya kimi dövlətlər Azərbaycanla münasibətlərini heç vaxt qırmızı xəttə çatdırmazkən Fransa hər zaman bu məsələlərdə ehtiyyatsızlıq göstərib. Eyni zamanda Emmanuel Makronun özünün siyasi səriştəsinin də zəif olduğunu nəzərə alsaq Makronun dövründə bu münasibətlər daha da pis hal alıb.

Lakin mən bütövlükdə Fransanın gələcəkdə Azərbaycanla bağlı mövqeyində dəyişikliklər edəcəyini düşünürəm, çünki nə qədər Fransada erməni lobbisi güclənir, çoxalır və Fransa siyasətinə təsir göstərirsə gələcəkdə Fransanın daxilindəki ermənilərin də Fransanın siyasəti üçün, Avrasiya məkanı və Cənubi Qafqazla əlaqələrin normallaşması, eyni zamanda Türkiyə ilə bir çox layihələrlə ortaq iştirakının qarşısında da hər zaman erməni kartı maneə ola bilər. Bu baxımdan Fransa Azərbaycan Türkiyə ilə münasibətlərini düzəltməyə diqqət edib balansı yaratmalıdır ki, gələcəkdə erməni lobbisi Fransanın özünə qarşı təhlükəyə çevirilməsin".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə