Azərbaycanın investisiya üçün cəlbedici ölkə olduğu diqqətə çatdırıldı - MÜNASİBƏT BİLDİRİLDİ

"İqtisadi Əməkdaşlıq Təşkilatının xətti ilə qəbul edilən o qətnamələr təbii ki, Azərbaycan üçün əlverişli idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Sahib Alıyev qeyd edib.

Onun sözlərinə görə, bu artıq 2-ci keçirilən zirvədir ki, Azərbaycan bu toplantıya öz torpaqlarını azad etmiş bir ölkə kimi qatılır: "Açığını qeyd etməliyik ki, Azərbaycan tədbirə İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri üçün örnək bir dövlət kimi qatılır. Çünki biz son 200 ildə baş verənlərə diqqət yetirsək görərik ki, qardaş Türkiyəni çıxmaq şərti ilə həmin quruma üzv olan ölkələrin heç biri digər ölkələrlə qarşıdurmalar yaşamasına baxmayaraq qələbə əldə etməyi bacarmayıb. Şükürlər olsun ki, bu bizə nəsib oldu və elə bir dövrdə ki, Azərbaycanla Ermənistan arasındakı yaranmış bu vəziyyətə Qərbdəki bəlli çevrələr sivilizasiyalararası toqquşmalar bucağından yanaşır və Ermənistanı öz sivilizasiyalarının bir parçası olaraq mümkün çərçivədə açıq və gizli şəkildə dəstəkləməyə çalışırdılar. Amma bütün bu səylərə rəğmən, təhdidlərə rəğmən Azərbaycan öz torpaqlarını azad etdi və Azərbaycan Prezidenti İlham Əliyev Aşbaqadda keçirilən Zirvə toplantısında da qürurla torpaqlarımızın işğalına son qoydurduğunu bildirdi. Bizim üçün önəmli olan İqtisadi Əməkdaşlıq Təşkilatının investisiya imkanları daha güclü olan üzvlərinin Azərbaycana, həmçinin işğaldan azad olunmuş torpaqlara yatırım qoymalarıdır. Ona görə də cənab Prezident İlham Əliyevin çıxışının əsas məzmunu məhz bunun üzərində qurulmuşdu. Azərbaycanın investisiya qoyulması baxımından əlverişli ölkə olduğu diqqətə çatdırılırdı. Birincisi indiyədək 280 milyard dollar investisiyanın qoyulması və bunun yarısının xarici investisiyalar olmasını diqqətə çatdırılması ilə, sonra Azərbaycanın dünya biznesində dünya dövlətlər arasında 28-ci yerdə olması, elektrik enerjisinə çatımlıq baxımdan 2-ci yer alması, islahatlara yatımlıq baxımından 5-ci yerdə olması kimi faktları yəni Azərbaycanın investisiya üçün son dərəcə cəlbedici bir ölkə olduğunu İslam Əməkdaşlıq Təşkilatı üzv olan və investisiya imkanları böyük olan dövlətlərin diqqətinə çatdırırdı.

Ümid edirəm ki, ifrasrtuktur baxımından Azərbaycanın inkişaf etmiş ölkələr içərisində olması eyni zamanda Azərbaycanın artıq regionda həm də nəqliyyat habına çevirilməsi İslam Əməkdaşlıq Təşkilatının investisiya imkanları böyük olan üzvlərini ölkəmizə yatırım qoymağa həvəsləndirəcək. Prezident İlham Əliyev zirvə toplantısında Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini də vurğuladı ki, ümid edirəm, türk dövlətləri və İranla yanaşı digər İƏT üzvləri də gələcəkdə o dəhlizdən faydalanacaqlar.

Əlbəttə eyni zamanda bu cür tədbirlər ikitərəfli görüşlər baxımından da önəmlidir və Azərbaycan bu cür beynəlxalq tədbirlərdə ikitərəfli görüşlərə həmişə diqqət yetirib. İndi də böyük ehtimal bu cür danışıqlar olacaq. Bu baxımdan İranın yeni prezidenti ilə keçiriləcək görüş bizim üçün təbii ki, çox önəmlidir. Həm Azərbaycanın regionda yaratdığı yeni reallıqlar nöqteyi nəzərindən, həm də ümumiyyətlə Azərbaycan-Türkiyə prezidentlərinin irəli sürdükləri altılıq formatında İranın iştirakı baxımından çox önəm daşıyır”.

Bütün xəbərlər Facebook səhifəmizdə