“Azərbaycanın iqtisadi maraqları İƏT-lə üst-üstə düşür” - DEPUTAT ŞƏRH ETDİ

“Demək olar ki, İqtisadi Əməkdaşlıq Təşkilatı region dövlətlərinin sahib olduğu resurslardan tam istifadəni təmin etməklə dünya iqtisadiyyatında payını artırmaqdadır. Bu da öz növbəsində üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasına gətirib çıxardır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşviq Cəfərov deyib.

Onun sözlərinə görə, Sovet hökuməti dağıldıqdan sonra İƏT Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün imkan yaratdı: “Digər tərəfdən Azərbaycan üçün coğrafi mövqe və mədəni yaxınlıq baxımından da təşkilata üzv dövlətlərlə iqtisadi əlaqələrin qurulması əhəmiyyətli idi. Eyni zamanda təbii resurslarla zəngin olan bir ölkə kimi Azərbaycanın iqtisadi maraqları İƏT-in iqtisadi maraqları ilə üst-üstə düşürdü. 2006-2009-cu illərdə təşkilata Azərbaycan rəhbərlik etmişdir. Bu dövrdə dövlətimiz tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatında müxtəlif təşəbbüslər irəli sürülüb. Azərbaycanın təşəbbüsü ilə bölgədə enerji, nəqliyyat və digər sahələrdə çox önəmli addımlar atılıb. Ölkəmiz enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verməyə hələ də davam edir”.

Deputat sözlərinə belə davam edib: “Qeyd edim ki, Azərbaycan üçün İƏT daima etibarlı tərəfdaş olub. Buna görə də Azərbaycan bu əməkdaşlığa istər ticarət əlaqələrinin inkişaf etdirilməsi, istər daxili tələbatın ödənilməsi, istərsə də dünya iqtisadiyyatına inteqrasiyanın artırılması baxımından xüsusi əhəmiyyət vermiş və yüksək qiymətləndirib. İƏT ilə əməkdaşlığı daha da əhəmiyyətli edən isə müstəqilliyinin ilk illərində dünya ilə iqtisadi əlaqələrdən geri qalan Azərbaycan üçün İƏT-in geniş və perspektivli imkanlar yaratması və Azərbaycanın dünya bazarına qoşulmasına yardımçı olmasıdır. Xüsusilə bildirim ki, Ümummilli lider Heydər Əliyev də o dövrdə Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq üçün beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət vermiş və vəziyyəti ustalıqla qiymətləndirərək Azərbaycanın İƏT ilə münasibətlərinin inkişaf etdirilməsinə çalışıb. Hazırda Azərbaycan bir sıra regional layihələrin fəal iştirakçısı kimi İƏT ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə