Detallı müzakirələr aparmaq hazırkı şəraitdə olduqca vacibdir - ŞƏRH EDİLDİ

“Soçidə Azərbaycan və Ermənistan rəhbərlərinin Putinin iştirakı ilə keçiriləcək görüşünün nəticələri ilə bağlı çox detallı təfərrüatlı məlumatlar verilməyəcək. Ancaq müəyyən konkret məsələlərin sözsüz ki, adı çəkiləcək. Çünki, bu görüş ən azı iki nöqteyi-nəzərdən prinsipial görüşdür. Birinci ona görə ki, Vətən müharibəsinin bitməsindən sonra 10 noyabr sənədinin imzalanmasında həlledici rol oynamış Rusiyanın, Azərbaycanın və Ermənistan liderlərinin ilk üçtərəfli görüşüdür”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, sözsüz ki, Vətən müharibəsindən sonrakı bir ilin ərzində imzalanmış həmin sənədin müddəalarının icra vəziyyətinin nə yerdə olduğu ilə bağlı detallı müzakirələr aparmaq hazırkı şəraitdə olduqca vacibdir: “Bu nöqteyi-nəzərdən görüş əhəmiyyətli bir görüşdür. İkinci bir tərəfdən unutmayaq ki, bu görüş müəyyən Avropa strukturlarının, Avropa dövlətlərinin Vətən müharibəsindən sonra yaranmış reallıqlara bu və ya digər şəkildə müdaxilə etmək, bəzi hallarda yaranmış yeni reallıqların işlək mexanizmə çevrilməsinin qarşısını almaq üçün göstərdiyi çabaların qarşısını almağa yönəlmiş bir görüşdür”.

Aydın Quliyev sözlərinə belə davam edib: “Bilirik ki, noyabrın 9-da Azərbaycan və Ermənistan rəhbərlərinin yenə də Putinin iştirakı və vasitəçiliyi ilə ilk görüşü nəzərdə tutulmuşdur. Amma Ermənistan Baş nazirinin prinsipsiz yanaşması nəticəsində bu görüş baş tutmadı, noyabrın 16-na təyin olunsa da yenə də baş tutmadı və ayın 26-a isə nəhayət qəti razılaşma əldə olundu ki, bu görüş keçirilsin. Amma buna baxmayaraq noyabrın 9-dan 26-na qədərki bu günlər ərzində Ermənistan lideri ölkədə yaranmış vəziyyəti birbaşa bölgə dövlətləri ilə müzakirə etməyin əvəzində müəyyən regionumuza daxil olmayan ölkələrə və beynəlxalq təşkilatlara tərəf boylanmaqda davam etdi. Təsadüfi deyil ki, Paşinyan bu müddətdə Avropa birliyindən, onun komissarından, hətta Fransanın müəyyən strukturlarından və dövlət rəhbərlərindən dəfələrlə xahiş etdi ki, regionda yaranmış vəziyyət onların iştirakı ilə müzakirə olunsun və buna görə də Avropa Birliyinin komissarı Mişel dekabr ayının 15-nə Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə görüşünü keçirmək, bu görüşə vasitəçilik etmək qərarını verdi”.

“Aydın məsələdir ki, noyabrın 26-da Putinin vasitəçiliyi ilə keçirilən görüş məhz dekabrın 15-ə Ermənistan rəhbərliyinin planladığı müəyyən ssenarilərin qarşısını almağa yönəlmiş bir görüşdür. Konkret olaraq 26 noyabrda keçirilən görüş dediyim iki nöqteyi-nəzərdən əhəmiyyətlidir, həm müharibədən sonrakı bir ilin ərzində razılaşmanın hansı müddəalarını yerinə yetirmədiyi ilə bağlı fundamental fikir mübadiləsi aparmaq üçün vacibdir. İkincisi isə bu görüş Avropa strukturlarının regionda yaranmış reallıqların müəyyən mənada idarə olunan üçün göstərdiyi səylərə bir növ kontur olaraq əks olaraq ortaya qoyulmuş görüşdür. Əlbəttə görüşün konkret nəticələri olacaq”.

“İlk növbədə Ermənistanın 10 noyabr sənədinin müəyyən müddəalarının həyata keçirilməsində göstərdiyi prinsipsizliyə qarşı təpki göstəriləcək. Bizim gözlədiyimiz də budur. Ona görə ki, Rusiya 10 noyabr sənədinin bütün maddələrinin icra məsuliyyətini daşıyan tək tərəfdir. Bunun icrası üzərində nəzarəti öz çiyninə götürmüş olan tərəfdir. Aydın məsələdir ki, 10 noyabr sənədi icra olunmasa onun bütün məsuliyyəti Rusiyanın üzərində qalacaq və faktdır ki, sənədin maddələrinin heç də hamısı həyata keçirilmir və bunun birbaşa məsuliyyəti və pozucu qüvvəsi də məhz Ermənistandır. Necə ki, Rusiyanın prezidenti təxminən bir ay əvvəl sənədlərin delimitasiyası və demarkasiya məsələsində çox konkret və Ermənistana qəti mesaj xarakterli fikir söylədi ki, sənədlərin delimitasiyası Azərbaycan Ermənistanın arasında Rusiyanın iştirakı ilə aparılmalıdır. Başqa heç kim bu prosesə müdaxilə etməməlidir formasında Putinin bəyanatı artıq çox prinsipial və qəti bir mövqe idi. Biz gözləyirik ki, digər məsələlərdə də Putin 10 noyabr sənədinin müəyyən maddələrinin yerinə yetirilməsində Ermənistanın pozuculuq hərəkətlərinin qarşısına bu cür konkret mesajlar çıxartsın. Eynilə də bu Ermənistandakı, Qarabağdakı hələ də mövcud olan qanunsuz silahlı dəstələrin tərksilah edilməməsi ilə bağlıdır. Bu məsələdə də Rusiyanın rəhbərinin çox prinsipial mövqe ortaya qoymasına ehtiyac var və yəqin ki, bu məsələ də müzakirə olunacaq. Kommunikasiyaların bərpası və iqtisadi açılması və iqtisadi əlaqələrin yenidən bərpa olunması mövzusu da ciddi şəkildə müzakirə olunacaq. Yəni, burda elə məsələlər müzakirə olunmalıdır ki, onlar 10 noyabr sənədi ilə birbaşa bağlıdır. Həmin o məsələlər artıq həll edilmiş Dağlıq Qarabağ münaqişəsindən sonrakı ortada qalan problemlərin həlli ilə bağlıdır. Bu məsələlərin müzakirəsi konkret olaraq ciddi şəkildə aparılacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə