Prezident İlham Əliyev: "Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik" TƏHLİL

Prezident İlham Əliyev: "Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik" TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət ölkəmizi regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın dünyanın inkşaf etmiş ölkələri sırasında nüfuzunu, çəkisini artırıb.

Dövlət başçısının rəhbərliyi altında ölkədə yeni sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi də uğurlarımızın göstəricisidir. Görülən işlərlə bərabər olaraq dövlət başçısı tərəfindən yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də böyük addımlar atılıb. Azərbaycanda magistral yollar müasir formada yenidən qurulub. Bir çox yaşayış məntəqəsini birləşdirən kəndlərin, yaşayış məntəqələrinin yol infrastrukturun yaxşılaşdırılması ilə bağlı dövlət başçısı son illər ərzində xeyli sayda sərəncamlar imzalayıb ki, bu da əhalinin rahatlığına xidmət edir. Əlbəttə ki, pandemiya dövründə yaşadığımız bir zamanda reallaşan bu və ya digər layihələr dövlətimizin gücünün göstəricisidir. Son illər ərzində dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilmiş iqtisadi və hərbi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət, dövlət və ordu quruculuğu və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmiş oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər çalan Azərbaycan bu gün 30 ilə yaxın işğal altında qalmış ərazilərimizdə də abadlıq-quruculuq işlərinə başlayıb, infrastruktur layihələr uğurla icra olunur.

AZƏRBAYCANIN İQTİSADİ GÜCÜ VƏ DİNAMİK İNKİŞAFI İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİMİZƏ YENİ HƏYAT GƏTİRƏCƏK

Şəhər və kəndlərimizə yeni bir həyat gəlib. Tarixi mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Nəhəng quruculuq işləri sırasında beynəlxalq hava limanlarını da qeyd etməliyik. Artıq Füzuli Beynəlxalq Hava Limanının açılışı da olub. Bu, o deməkdir ki, Azərbaycan qısa bir zamanda keçmiş köçkünlərini öz əzəli torpaqlarında rahat şəraitlə təmin edəcəkdir. Əlbəttə ki, işğaldan azad olunan ərazilərimiz mənfur düşmən tərəfindən dağıdılsa da, Azərbaycanın iqtisadi gücü, dinamik inkişaf bu yerlərin tezliklə dirçəldilməsində əsas amildir.

Koronavirus pandemiyasına qədər dünya qapılarının bir-birinin üzünə açıq olduğu zamanda ölkəmizə gələn turistlərdə ölkəmizin füsunkarlığı, təbiəti, onun mədəniyyəti, iqlimi heyrət hiss oyatmışdır. Dünya standartlarına cavab verən beşulduzlu otel və istirahət mərkəzləri, magistral yollar, dəmir yolları ölkəmizin simasını başdan-başa dəyişib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, bu istiqamətdə işlərinin həcmi ilbəil artır.

Əlbəttə ki, Azərbaycan turizmindən söz açarkən Azərbaycanın ən gözəl məkanları olan Qubanın Xınalıq kəndi, İsmayıllının Lahıc qəsəbəsi, cənub mirvarisi Lənkəran, Qusarın "Şahdağ" Qış-Yay Turizm Kompleksi, Şəkidəki Kiş Alban məbədi, Şəki Xan sarayı, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astara və onlarla belə bölgərimizin turizmi ilə bağlı yüksək fikirlər formalaşıb. Qədim tarixi abidələri, coğrafi şəraiti baxımından diqqətdə olan. qədim tarixi abidələri, zəngin fauna və florası ilə seçilən Zaqatala şəhərindəki IV-V əsrlərə aid Alban məbədi, XIX əsrə aid "Zaqatala qalası", Car kəndindəki XIV əsrə aid "Cingöz qala", Mosul kəndindəki minarə, habelə rayonun əsrarəngiz təbiət guşələri, o cümlədən Zaqatala şəlaləsi, Xalxal gölü, Honzoqor dağı, Moorçay, Mazıx kəndində yerləşən şəlalə turistlər üçün böyük marağa səbəb olan gözəl məkanlardır. Bitki örtüyünün zənginliyinə və növ tərkibinin müxtəlifliyinə görə seçilən Qafqaz meşələrinin ayrılmaz tərkib hissəsi olan Qəbələ rayonunun meşə örtüyü füsünkarlığı, əl-əlvanlığına və heyrətamizliyinə görə diqqəti cəlb edir. Gur yağan leysan yağışlar, isti hava şəraiti bu ərazidə həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəbdir. Hər bir Azərbaycan rayonunun özünəməxsusluğu diqqəti cəlb edir. Rayonlarda tarixi mədəniyyət abidələri, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, müasir tələblərə cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafında müstəsnadır.

"QARABAĞ BÖLGƏSİNİN ÇOX ZƏNGİN TURİZM POTENSİALI VARDIR"

Bu gün fərəhləndirici haldır ki, ölkəmizin turizm bölgələrindən söz açarkən, zəngin təbiətli Qarabağımızın hər daşı, hər abidəsi göz önündə canlanır. Belə gözəlliyə malik Azərbaycanın turizm məkanlarının coğrafiyası yaxın zamanlarda daha da genişlənəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq".

Bəşər mədəniyyətinə qarşı vəhşilik törədən ermənilər bu ərazilərimizi talan etmiş, abidələrimizi darmadağın edərək viran qoymuşdular. Bütün məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi erməni terrorunun qurbanına çevrilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilib. Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi və s. Şuşanı işğal etmiş erməni vandalları tərəfindən dağıdılıb. Heç şübhəsiz ki, bu məkanların hər biri turistlərin marağına səbəb ola biləcək tarixi yerlərdir.

Öz təbii sərvətləri ilə seçilən torpaqlarımız səfalı və müalicəvi əhəmiyyətə malik olmaları baxımından da diqqət çəkir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Zəngilan isə meşə ehtiyatı ilə zəngindir. Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda olub. Ermənilər həmin çinarları doğrayaraq, xarici ölkələrə satıblar. Hər bir torpağımızda zəngin turizm məkanları mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək".

Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Cənab Prezidentin bildirdiyi kimi, "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur". Bu məkanların infrastrukturu yenidən qurulur, müasirləşir, yeni yollar çəkilir, beynəlxalq hava limanları tikilir ki, bütün bunlar Qarabağın tezliklə turistlərin seçdiyi ən gözəl məkanlardan olacağına əminlik yaradır.

Nəzakət ƏLƏDDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə