Dövlətimizə inam, etimad xalq və iqtidar birliyini gücləndirib TƏHLİL

Dövlətimizə inam, etimad xalq və iqtidar birliyini gücləndirib TƏHLİL

Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən dövrdə dövlətimiz uğurlu inkişaf tarixini yaşayıb. Son 18 il ərzində dövlət başçısı Ulu Öndər Heydər Əliyevin demokratik-hüquqi və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirib. Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionlarda yeni iş yerlərinin açılması və qeyri-neft sektorunun inkişafı, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməsi əhalinin məşğulluğunu daha da artırmış və bu insanlarda məmnunluq yaratmışdır. Əlbəttə ki, məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər görülüb və bu davam etməkdədir.

Qısa bir zamanda ölkəmiz böyük inkişaf yolu keçib. Yeni tikilən, eləcə də təmir və bərpa olunan məktəblər, xəstəxanalar, olimpiya mərkəzləri və s. Azərbaycanın dinamik inkişafının göstəriciləri sırasındadır. Ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması ölkədə sahibkarlığın inkişafına münbit şəraitin olduğunu özündə ehtiva edir. Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə dövlətimizin diqqət və qayğısı davamlıdır. Ölkəmizin istənilən bir sahəsində uğurları görmək mümkündür ki, bu da insanların firavanlığını təminində mühüm rola malikdir.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: "Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Ötən hər bir gün verilən vədlərin əməldə göstəricisi oldu. Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirdi. Əlbəttə ki, güclü dövlət və güclü Liderlik bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olundu. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilin əziyyəti, həsrəti, əzabları xalqımızı sındırmadı və xalqımız irəliyə doğru baxdı. Xalq-iqtidar birliyi gücləndi, Ordumuz gücləndi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğala son qoyuldu. Əlbəttə ki, xalq-iqtidar birliyi də burada önəmli faktordur. Bu Qələbədə insanlara Zəfər sevincini yaşadan Cənab Prezidentimizə xalqımız minnətdardır. Mənfur düşmənin işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı dövlət başçısının verdiyi qərarlar bizi Qələbəyə apardı. Əlbəttə ki, Cənab Prezidentin rəhbərliyi altında və güclü Ordumuz sayəsində işğal olunmuş bütün torpaqlarımızın azad ediləcəyinə və üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində əzəmətlə dalğalanacağına hər kəs inanırdı. Bu inam dövlət başçısının siyasətinə, iradəsinə, dünya miqyasındakı nüfuzuna, xalqa sədadət andına olan inam idi.

"AZƏRBAYCAN "HÖKUMƏTƏ ETİBAR EDƏN İNSANLARIN ÜSTÜNLÜK TƏŞKİL ETDİYİ ÖLKƏLƏR" SORĞUSUNDA ÜÇÜNCÜ YERİ TUTUB"

Bu günlərdə Yaponiyanın "news.yahoo.co.jp" saytının Azərbaycanın "Hökumətə etibar edən insanların üstünlük təşkil etdiyi ölkələr" sorğusunda üçüncü yeri tutması da məhz dövlət başçısına olan inamın, sevginin bariz nümunəsidir. Saytın "Azərbaycan "Hökumətə etibar edən insanların üstünlük təşkil etdiyi ölkələr" sorğusunda üçüncü yeri tutub" adlı məqaləsində "World Values Survey" beynəlxalq layihəsi tərəfindən keçirilən sorğunun nəticələrindən bəhs edilir. Bildirilir ki, koronavirus pandemiyasının yayıldığı müasir dünyada beynəlxalq vəziyyət ciddi dəyişikliklər yaşayır. Belə olan halda tanınmış beynəlxalq layihə dünya ölkələrində insanlar hökumətə nə qədər etibar edir sualının cavabını araşdırıb. Sorğu zamanı respondentlərdən "Hökumətə etibar edirsinizmi?" sualına cavab vermələri xahiş edilib. Əvvəlcədən hazırlanan variantlar arasında isə "Çox inanıram", "Bir az inanıram", "Həddindən artıq inanıram" cavabları yer alıb. Eyni zamanda, cavablar sırasında "İnanmıram", "Heç inanmıram" və "Bilmirəm" cavabları da göstərilib. Qafqazda, Xəzər dənizinin sahillərində yerləşən Azərbaycanda sakinlərin 89,6 faizi hökumətə inandığını bildirib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Onu da bildirək ki, məqalədə hökumətə inam bəsləyən insanların 92,9 faiz təşkil etdiyi Vyetnamın ikinci, əhalinin 94,6 faizinin etibar etdiyi Çinin isə birinci yeri tutduğu qeyd edilir. Bu sorğunun nəticələrinə görə Yaponiya 36-cı yerdə qərarlaşıb.

Müasir dövrümüzdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə