Bir tərəfdə təşviş məyusluq, digər tərəfdə təmkin və təşəbbüslərə açıqlıq - EKSPERT RƏYİ

“Son günlərin hadisələrini təhlil edərkən Ermənistanın məğlub olmuş, sonra da hər bir təxribatı uğursuzluğa məhkum olan, diplomatik masada da Rusiya ilə Qərb arasında vurnuxması heç bir nəticə verməyən uğursuz dövlət modeli fonunda Azərbaycan dövlətini tamamilə əks sifətlərlə təsvir etmək lazımdır. Qarşı tərəf təşviş və məyusluq içindədirsə, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təmkinli mövqe sərgiləyərək bölgədə sülhün bərqərar olması, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanması üçün bütün tərəflərlə təmaslara, bərabərhüquqlu müstəvidə danışıqlara hazır və təşəbbüslərə açıq müstəqil siyasət yürüdən bir ölkə kimi xarakterizə edilir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, Ermənistanda daxildə olan problemlər də getdikcə artır: “Belə ki, təklif olunan əməkdaşlıq formatlarına, sülh mesajlarına cavab verməyən, regionda nəqliyyat və kommunikasiyaların açılmasını gecikdirən Ermənistanın özbaşına qıldığı çarələr də cavab vermir. Bu baxımdan da Paşinyanın iddia etdiyi Tatev yolu həm istifadəyə yararsızdır, həm də vaxt və maliyyə baxımından ikiqat xərc tələb etdiyi üçün daxildə böyük narazılıqla qarşılanır. Sözügedən yol yük avtomobillərinin hərəkəti üçün isə ümumiyyətlə qeyri-mümkün səviyyədədir. Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan cəmiyyətində mövcud olan dərin psixoloji problemləri özü də etiraf edir. Bu baxımdan da daxil auditoriyaya hesablanmış “gurultulu” açıqlamaları daxili auditoriyanı sakitləşdirmək və hakimiyyətini qorumaq üçündür. Bütün bu mənfi tendensiyanın fonunda fonunda Azərbaycan xalqı əmindir ki, cənab Prezident İlham Əliyevin milli maraqlarımızı rəhbər tutaraq və öz düşünülmüş, müxtəlif kombinasiyaları nəzərə alaraq, dəqiqliklə müəyyənləşdirilmiş, uzaqgörən və səbəb-nəticə əlaqəsinə söykənən diplomatiyası həm Soçi görüşündə, həm də bundan sonrakı məsələlərin icrasında da öz müsbət nəticəsini göstərəcək. Vəziyyətin çıxılmaz məcraya soxulmasında isə günahkar Ermənistandır. Ermənistanda və dünyada olan ermənilərin beyninə məqsədyönlü şəkildə türkün düşmən olması ideyası yeridilib. Bu siyasətin düzgün olmadığını başa salmaq istəyən hər bir ermənini “türk” ya da “türkə xidmət edən” adlandıraraq düşmən elan edirlər. Şübhəsiz ki, elə məhz bu silahla da Ermənistanı öz əli ilə vururlar”.

Ş.Həsənova vurğulayıb ki, Ermənistanı əllərində alət kimi tutaraq öz maraqları naminə istifadə edirlər: “Ermənistanı daha da məzlum, guya regionda ayrı-seçkiliyə, təzyiqlərə və soyqırıma məruz qalan xalq kimi qələmə verməklə məhz bundan Türkiyəyə və Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə edirlər. Reallıqların yaratdığı hadisələrin gedişatı isə göstərir ki, Ermənistanın məhz özü burnundan uzağı görməli, diqtə ilə siyasət yürütməkdən əl çəkib ölkəsinin və xalqının gələcəyini düşünərək qonşu ölkələrlə normal münasibətlər qurmaq, onların təklif etdiyi əməkdaşlıq formatlarına müsbət cavab verməkdən, regiona siyasi və iqtisadi cəhətdən inteqrasiyasından başqa alternativi mövcud deyil. Ermənistanın xilası heç kim yox, özüdür. “Qurbanlıq quzu” ideyasının altında gizlənmək indiyə kimi necə Ermənistana heç bir şey qazandırmadısa, bundan sonra da fayda gətirməyəcək. Azərbaycan dövlətinin tarixin heç bir mərhələsində heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Necə ki, dünyada Şimali Makedoniya, Cənubi Tirol, Qərbi Saxara, Şərqi Timor, Mərkəzi Afrika Respublikası kimi tarixi və coğrafi adlar mövcuddur və onların mövcudluğu haqqında sual da oluna bilməz eynilə, ölkəmizdə də toponimlərin tarixi və coğrafi əsasları mövcuddur. Ermənistan da, bütün dünya da bilir ki, Zəngəzur dəhlizi və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurmur. Bunu tarixi faktlar da sübut edir ki, o ərazilər bizimdir, bizə məxsusdur. Bu gün də Azərbaycan silahlı qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisidir. Yerin adı faktiki olaraq nədirsə, o cür də çağırırıq. Ərazinin adı Zəngəzurdusa, elə Zəngəzur da deyirik. İllər ərzində Azərbaycana qarşı işğal siyasəti, hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin qalması, Azərbaycan Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndinin Ermənistanın hələ də işğalı altında olması faktı işğalçının kim olduğunu doğru təsbit edir. Azərbaycan xalqı da, dünya da Qərbi Zəngəzurun, Dərəlyaz və Şərqi Göyçənin və hətta İrəvanın Ermənistana necə verilməsini də yaxşı bilir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə