Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir - MÜNASİBƏT BİLDİRİLDİ

"Rəsmi İrəvan tərəfi açıq şəkildə Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmağa hazır olduğunu bildirib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasını yəni ən əsası sərhədlərin açılmasını istəyir: "Çünki bu Ermənistan üçün ilk növbədə Qərbə quru yolundan keçid deməkdir. Digər tərəfdən münasibətlərin yaxşılaşdırılmasını şərtsiz həyata keçirmək istəyirdi. Halbuki Türkiyə tərəfindən əvvəl işğal olunmuş ərazilərlə bağlı şərt qoyulmuşdu. İndi isə Türkiyə dəhlizlərlə bağlı Ermənistana şərt qoymuşdur. Ümumiyyətlə bu proses ümumi kommunikasiyaların açılması prosesinin bir parçasıdır. Ermənistanın özbaşına Gürcüstan rəhbərliyi vasitəsilə Türkiyə prezidentinə yolladığı mesajın aqibəti hamımıza aydındır. Paşinyan dünən bildirdi ki, Türkiyə ilə bu məsələ haqqında danışıqların aparılması istiqamətində Rusiyaya müraciət edib. Yəni bu da onu göstərir ki, həm kommunikasiyaların açılması, həm sülhməramlı kontingentin Qarabağda yerləşdirilməsi prosesində Türkiyənin rolu bilavasitə görünür və bu rol çox əhəmiyyətlidir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə