Prezident İlham Əliyev: "1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur"
Qloballaşan dünyamızda türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. Bu yaxınlarda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü türkdilli dövlətlərin əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsində əhəmiyyətə malikdir. Əlbəttə ki, 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması barədə qərarın qəbul edilməsi əməkdaşlığın yüksəlməsində mühüm rol oynadı və dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da sıxlaşdırmış oldu.
Azərbaycan iki il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Sədrlik dövründə türk dünyasının birləşməsinə töhfələrini verdi. Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi və bu görüşün koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunması dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşdü. Zirvə görüşündə bilavasitə pandemiyaya qarşı mübarizə çərçivəsində iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlıq prinsipləri, həyata keçirilən tədbirlər, təhlükəsizliyin və sağlamlığın qorunması, həmçinin pandemiyadan sonra iqtisadi tənəzzüldən qurtulmaq üçün atılacaq addımlar müzakirə edildi. Əlbəttə ki, bu, zamanında atılmış addım idi.
"TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ TƏKCƏ ÖLKƏLƏRİMİZ, XALQLARIMIZ ÜÇÜN DEYİL, DÜNYA ÜÇÜN ÖNƏMİ BUNDAN SONRA DA ARTACAQ"
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılmasının da əhəmiyyətini qeyd etməliyik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev "Biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var", - deyə bildirib. Dövlət başçısı qeyd edib ki, bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir: "Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq".
TÜRKDİLLİ ÖLKƏLƏR ARASINDAKI TİCARƏT DÖVRİYYƏSİ 21 MİLYARD DOLLAR TƏŞKİL EDİR
Təbii ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olmuşdur. Naxçıvanda qəbul edilən qərarlarla türk dünyasının birliyi bu müddət ərzində daha da möhkəmlənib, üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri də inkişaf etmişdir. Nəqliyyat və s. sahələrdə əməkdaşlıq uğurla reallaşmışdır. Əlbəttə ki, siyasi və ictimai həmrəyliklə yanaşı, iqtisadi və ticari əlaqələr də güclənməsi, mövcud münasibətlərin təməlini daha da möhkəmləndirib. Hazırda türkdilli ölkələr arasındakı ticarət dövriyyəsi 21 milyard dollar təşkil edir. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın iqtisadi inkişafı regionda həyata keçirilən transmilli layihələrin uğurla reallaşmasına gətirib çıxarıb. İstismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı-Aktau bərəyolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşımaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Bütün bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilib.
Onu da vurğulayaq ki, türkdilli dövlətlərarası irimiqyaslı infrastruktur layihələri də reallaşdırılıb və bu davamlıdır. Tarixi, qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Hazırda bir sıra böyükmiqyaslı layihələr həyata keçirməkdədir.
"ZƏNGƏZUR KORİDORU İSƏ HƏM TÜRK DÜNYASINI, HƏM AVROPANI, HƏM QONŞULARIMIZI BİRLƏŞDİRƏ BİLƏCƏK BİR LAYİHƏDİR"
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi bütün dünyaya ölkəmizin gücünü göstərmiş oldu. Bu gün işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinə başlanılıb. "Bu bölgələrin - Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə fəal iştirak edirlər", - deyə Azərbaycan Prezidenti bildirib. Füzuli Beynəlxalq Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə yanaşı, 12 türk şirkətinin iştirakı fikirlərimizi əsaslandırır. Bununla yanaşı, Zəngilan Hava Limanının inşasında da Türkiyə şirkətləri iştirak edirlər.
Cənab Prezidentin bildirdiyi kimi, "İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır". Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisə kimi böyük əhəmiyyətə malikdir. "Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir", - deyən Cənab Prezident bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlərin getdiyini diqqətə çatdırıb. Naxçıvan zirvəsindəki çıxışını xatırladan dövlət başçısı bildirib ki, o zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər: "Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq."
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB