Rus ekspert: “Kommunikasiyalarının açılmaması Ermənistanın vəziyyətini daha da gərginləşdirər” - ŞƏRH

Rus ekspert: “Kommunikasiyalarının açılmaması Ermənistanın vəziyyətini daha da gərginləşdirər” - ŞƏRH

“Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşündən sıçrayışlı razılaşmalar gözləməzdim”. Bunu rusiyalı ekspert, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidmətləri akademiyasının Sosial Elmlər İnstitutunun beynəlxalq siyasət və xarici regionşünaslıq kafedrasının baş müəllimi Sergey Marqulis “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyannın dekabrın 15-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində qarşıdan gələn görüşünü şərh edərkən deyib.

“Münaqişənin hər iki tərəfi Aİ-nin təklifini qəbul etdi, baxmayaraq ki, ənənəvi olaraq Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçilik edən Rusiyadır və çətin ki, onun iştirakı olmadan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində hər hansı yeni addımlar, sərhədlərin demarkasiyası, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında hər hansı yeni addım gözləmək olmaz. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gələcəkdə həll oluna bilər, lakin iki ölkə liderlərinin növbəti görüşündə deyil”,- deyə Marqulis bildirib.

Daha sonra ekspert İrəvanın Kreml və KTMT-nin müdaxilə etməməsindən narazılığına münasibətini bildirib: “Moskva uzun müddətdir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı öz mövqeyini nümayiş etdirir və ardıcıl olaraq vasitəçi mövqeyini saxlayır. Aydındır ki, Rusiya və Ermənistan KTMT-də müttəfiqdirlər, lakin Moskvanın hətta belə bir lokal münaqişə vəziyyətində (bunu sərhəddə bu yaxınlarda gördük) tamamilə Ermənistanın tərəfinə keçəcəyini və KTMT alətlərindən istifadə ediləcəyini gözləmək son dərəcə sadəlövhlük idi. Moskva vasitəçilik xəttini davamlı şəkildə davam etdirəcək və həm Ermənistan, həm də Azərbaycanla isti münasibətlərə malik olmaqla, münaqişədə kiminsə tərəfində iştirakdan uzaq olacaq. Eyni zamanda, Ermənistan dəfələrlə Moskvaya təzyiq göstərməyə çalışıb, İrəvanın tərəfində çıxış edərək, guya vasitəçilik üzrə yardım etməyə hazır olan digər tərəfdaşlar axtardığını bəyan edib. Biz tez-tez Fransadan, bəzən isə kifayət qədər güclü erməni lobbisinin qaldığı ABŞ-dan danışırıq. Lakin 44 günlük müharibə nümayiş etdirdi ki, Qərb dövlətləri Ermənistan-Azərbaycan münaqişəsinin həllində Ermənistana hərtərəfli yardım göstərməyə çətin ki, hazırdırlar və üstəlik, Cənubi Qafqazdakı vəziyyətdən kifayət qədər uzaqdırlar. Ermənistanın tərəfdə yeni tərəfdaşlar axtarışı ilə bağlı bəyanatları da yaxın gələcəkdə Moskva tərəfindən ciddi qəbul edilməyəcək.

Düşünmürəm ki, Azərbaycan və Ermənistan liderlərinin Rusiyanın da iştirakı ilə daha əvvəl nəzərdə tutulan növbəti görüşündə sərhəd məsələsi tam həllini tapacaq, etiraf edirəm ki, məsələnin həlli istiqamətində yeni addımlar atılacaq. Eyni zamanda, dediyim kimi, hələlik Ermənistan-Azərbaycan böhranının tam həllindən danışmaq çətindir. Etiraf edirəm ki, Rusiya sülhməramlıları gedəndən sonra Qarabağ problemi yenidən aktuallaşa bilər. Ermənistanda mövcud vəziyyət heç də bütün qüvvələri qane etmir, baxmayaraq ki, hazırda Paşinyanın hakimiyyətdəki mövqeləri kifayət qədər sabitdir. Ermənistanda etiraz bazası Sünik (Zəngəzur) ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin tikintisi ilə bağlı gücləndirilə bilər. Bu məsələdə İrəvan birmənalı şəkildə Ermənistan-Azərbaycan münasibətlərinin kəskinləşməsinə səbəb ola biləcək dialoqa hazır deyil, lakin hesab edirəm ki, bu, yeni tammiqyaslı hərbi münaqişəyə gətirib çıxarmayacaq”, - deyə Marqulis davam edib.

Rusiyalı ekspertin fikrincə, Ermənistan regionda nəqliyyat dəhlizlərini açmaqdan imtina edərsə, ölkənin kifayət qədər zəif iqtisadi vəziyyəti daha da pisləşəcək.

“Ermənistanda iqtisadi vəziyyət onsuz da kifayət qədər pisdir, iqtisadiyyatın bütün sahələrində tənəzzül var, xüsusən də 2020-ci ilin 44 günlük müharibəsində məğlubiyyətdən sonra. Müəyyən fayda gətirən Aİİ üzvlüyünə baxmayaraq, ümumi iqtisadi vəziyyət hələ də müsbətdən uzaqdır. Odur ki, nəqliyyat kommunikasiyalarının açılması Ermənistana iqtisadi inkişaf perspektivləri verə bilər. Ancaq yaxın gələcəkdə bunun üçün heç bir real imkan görmürəm"-deyə Marqulis davam etdi.

Ermənistandakı daxili siyasi vəziyyətə gəlincə, rusiyalı ekspertin fikrincə, İrəvanda Qarabağda hərbi münaqişədə məğlubiyyətdən sonra hakimiyyətə qarşı etiraz əhval-ruhiyyəsi kəskin artıb, lakin Ermənistanda hərbi çevriliş üçün real ilkin şərtlər yoxdur.

“Paşinyana qarşı olan, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı onun mövqeyini bölüşməyən kifayət qədər böyük bir vətəndaş qrupu var və ən ciddi etiraz bazası Ermənistan baş nazirinin də mənsub olduğu Sünik (Zəngəzur) bölgəsində toplanıb. Nazir hətta keçənilki Qarabağ müharibəsində məğlubiyyətdən sonra ora gələ bilməyib”, - deyə Marqulis yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə