Xalqın birliyindən doğan partiya - Yeni Azərbaycan Partiyası

Xalqın birliyindən doğan partiya - Yeni Azərbaycan Partiyası

Leyla NƏCƏFOVA,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond müdiri

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Ölkəmiz Ermənistan kimi işğalçı dövlətin 3 onillik ərzində Azərbaycanın dilbər guşəsi Qarabağ və Şərqi Zəngəzurda etdiyi vandalizm aktlarına son qoyaraq tarixinə Qalibiyyət Zəfərini yazdı. 44 günlük Vətən müharibəsində əldə edilən qələbədə ölkənin avanqard partiyası, 760 minlik bir orduya sahib Yeni Azərbaycan Partiyasının, onun çoxminli üzvlərinin xidməti ölçüyəgəlməzdir.

...Yeni Azərbaycan Partiyası müstəqilliyinə qovuşan ölkəmizin həyatının ən təlatümlü, həyəcanlı zamanında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradılırdı. Təsis edilməsinin 29-cu ildönümünü isə partiyamız ölkəmizin tarixinin ən şanlı anlarında – işğal edilmiş torpaqlarımızın azad edilməsinin 1 illiyində qeyd edir. Yəqin ki, Yeni Azərbaycan Partiyasının builki ildönümü də onun ən şərəfli, yaddaqalan ad günü olacaqdır.

Partiyamızın yaradıcısı Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində total böhran içində boğulan, parçalanmaqda olan Azərbaycanı qurtuluşa qovuşdurub qüdrətli, müstəqil Azərbaycan dövlətini qurduğu kimi, onun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi torpaqlarımızın 30 illik işğalından xilas etdi. Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir. Müasir Azərbaycanın həyatının ən möhtəşəm anları, ən nəhəng uğurları və tarixi qələbələri onun liderləri olan Heydər Əliyevin və İlham Əliyevin adları ilə bağlıdır. 1990-cı illərin əvvəllərində böhranların ağır məngənəsində boğulan Azərbaycanın çiçəklənən gənc dövlətə, məğlub ölkədən qalib ölkəyə çevrilməsi yaşadığımız və şahidi olduğumuz tarixin heyrətamiz inkişafıdır.

Müstəqillik tariximizin ilk illəri xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın işğalı dövrü kimi xarakterizə olunur. Xalqın sabaha ümidi yox idi. Belə bir çətin məqamda xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ölkəmizin bugünkü inkişafı üçün möhkəm təməl oldu. Belə ki, həmin müraciətdə bir daha qeyd olunmuşdur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz”.

Həmin müraciətdə bu əminlik də ifadə edilmişdir ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Ulu öndər Heydər Əliyevin “91-lər”in müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” çavabı itirilən ümidlərin bərpa olunacağına inam yaratdı. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğur”, söyləyən ulu öndər Heydər Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində tarixi rol oynaya bilər.

İstər müraciətə, istərsə də Ümummilli Liderin cavabına diqqət yetirsək, Azərbaycanın müstəqilliyinin bir sərvət olduğu və onun qorunması üçün bütün qüvvə və bacarıqların birləşdirilməsinin vacibliyi öz əksini tapır. Təsadüfi deyil ki, bu gün xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası öz adında bütün istəkləri, arzuları birləşdirir. 1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları sayəsində öz müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşadı.

Ulu öndər Heydər Əliyevin yeni yaradılacaq partiya üçün “Yeni Azərbaycan” adını məqsədəuygun bilməsi bu səbəbdən təsadüfi deyildi. Xatırlasaq, partiyanın seçkilərdə ilk şüarı “Yeni Azərbaycan uğrunda” olub. İlk gündən dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərən Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, xalqa, dövlətə müxalifətdə deyildi, milli maraqlarımız, dövlətçiliyimiz ubrunda tutduğu siyasi xəttin əsasını təşkil edirdi. Təbii ki, sözlə əməl birliyi, tutduğu yola sadiqlik partiyaya milyonların sevgisini qazandırdı.
Yeni Azərbaycan Partiyası yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin təməlini qoydu. Ümummilli Lider uğurlu daxili və xarici siyasəti ilə ölkədə sabitlik yaratdı. Bu reallıq bir daha diqqətə çatdırıldı ki, sabitlik olmadan hansısa sosial-iqtisadi proqramların icrasından danışmaq qeyri-mümkündür.

Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması həm ölkədə sabitliyin yaradılmasına, həm də digər sahələrdə uğurlu addımların atılmasına yol açdı. Məhz həmin ilin sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycana artan inam ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmində, həmçinin imzalanan saziş və Anlaşma Memorandumlarının sayında da özünü qabarıq şəkildə büruzə verdi. Bu gün fəxrlə qeyd etdiyimiz uğurlarımızdan biri budur ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, həmçinin qaz ixracatçısıdır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin uğurlu icrası nəticəsində Azərbaycan regionun aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi.

Bəli, bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyvin rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri qəhrəmancasına döyüşərək Azərbaycan tarixinə qələbələr yazdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Bu, Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Və bu gün Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 18 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu həqiqətin əsasını, Cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Möhtərəm İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtramdan irəli gəlir.

Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq, Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.

Bu gün xalqımız qələbə sevincini yaşayır. Bu sevinci də bizlərə yaşadan Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyev və onun silahdaşı, birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi, müdrik siyasətinin nəticəsidir ki, 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə