"YAP-ın bütün qurultayları ölkənin ictimai-siyasi həyatında çox vacib rol oynayır” - ŞƏRH EDİLDİ

"YAP-ın bütün qurultayları ölkənin ictimai-siyasi həyatında çox vacib rol oynayır” - ŞƏRH EDİLDİ

“Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın ən ağır, ən təlatümlü dövründə, zamanında yaranan bir partiyadır. Çünki həqiqətən də ölkəmiz müstəqilliyini yenicə əldə etdiyi dövr ölkədə hərc-mərclik, ölkənin parçalanması astanası, ölkəmizdə vətəndaş qarşıdurması, daxildəki siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə və bu mübarizədə başsız qalmış xalq, bir tərəfdən isə bədnam qonşularımız Ermənistan tərəfindən torpaqlarımızın hər gün işğala məruz qalması dövrü idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, məhz belə bir dövrdə 91 nəfər ziyalı Ulu Öndər Heydər Əliyevə Naxçıvanda yaşadığı və orada fəaliyyət göstərdiyi bir dövrdə müraciət ünvanlayaraq yeni bir partiyanın yaranmasını və bu partiyaya rəhbərlik etməsini dahi şəxsiyyətdən xahiş edirlər: “Nəhayət 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının Təsis Konfransı keçirilir və Ümummili Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçilir. Yeni Azərbaycan Partiyasının əsas məramı Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunması, xalqın rifahı, sülh şəraitində yaşaması, qonşu və xarici ölkələrlə əməkdaşlığın qurulması, iqtisadiyyatın qurulması, güclü ordunun yaradılmasından ibarətdir. Bütün bunların hamısı Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının Proqramında və Nizamnaməsində təsbit olunur. O zaman mənfur AXC-Müsavat cütlüyünün bir sıra xəyanətkar üzvlərinin ucbatından 1992-1993-cü illərdə ölkədə artıq vətəndaş qarşıdurması başlandı. Bir tərəfdən qondarma Talış-Muğan respublikasının yaradılması, Quba-Qusar zonasını Azərbaycandan qoparmaq niyyətləri, Bakı ilə Gəncə arasında qarşıdurma, bütün beynəlxalq münasibətlər sistemində Azərbaycanın diplomatik uğursuzluğu, digər bir tərəfdən isə torpaqlarımızın günbəgün işğala məruz qalması tamamilə Azərbaycan xalqını ümidsiz bir vəziyyətə gətirdiyi bir dövrdə məhz Yeni Azərbaycan Partiyasının sədri Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tələbi ilə Bakıya gəlir. Əlbəttə ki, bu günün prizmasından baxanda Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunmasında, ölkəmizin parçalanmasının qarşısının alınmasında, iqtisadiyyatımızın inkişaf etdirilməsində, əhalinin sosial rifahının yaxşılaşdırılmasında ən vacib rol oynayan bir partiyadır”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 1993-cü il 15 iyun hadisələrindən sonra həmin ilin oktyabr ayında Yeni Azərbaycan Partiyasının vahid namizədi olan Ümummilli Lider Heydər Əliyev ölkə Prezidenti seçilir: “1993-2003-ci ildə məhz Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısının alınması, ölkədə mövcud olan xaosun, anarxiyanın aradan qaldırılması, iqtisadiyyatımızın inkişaf etdirilməsi və beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, yeni əməkdaşlıqların qurulmasında vacib bir rol oynadı. Təhlil etsək, görərik ki, Azərbaycan əsrə bərabər bir inkişaf yolu keçib. Heç şübhəsiz ən böyük uğurumuz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız, dahi sərkərdə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi. Bu bir daha göstərdi ki, YAP ümumxalq partiyadır. Bütün dünya azərbaycanlıları öz dahi sərkərdəsi, siyasi lideri cənab İlham Əliyevin ətrafında sıx birləşməklə dəmir yumruğa çevrildilər. Əlbəttə ki, Vətən müharibəsindən sonra artıq Azərbaycan yeni reallıqlar yaratdı. Bu reallıqlara uyğun olaraq da 2021-ci ilin mart ayının 5-də özünün VII qurultayını keçirdi. Yeni Azərbaycan Partiyasının bütün qurultayları ölkənin ictimai-siyasi həyatında çox vacib rol oynayır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə