“Prezidentin Ali Ordenlə təltif edilməsi onun nüfuzuna verilən dəyərdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Prezidentin Ali Ordenlə təltif edilməsi onun nüfuzuna verilən dəyərdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Prezident İlham Əliyevin Türk dünyasının Ali Ordeni ilə təltif edilməsi onun beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən dəyərdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişinin imzalanması ilə təməli qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilməsi və Türk Dövlətləri Təşkilatı adlanması özü-özlüyündə çox mühüm hadisədir: "Bu addım təşkilata üzv olan dövlətlərin Türk dövləti olduğunun bütün dünyaya bəyanıdır və böyük Turana doğru növbəti bir addımdır. Ad dəyişikliyi həmçinin dünyada gedən qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır.

Prezidentin Türk dünyasının Ali Ordeni ilə təltif edilməsi onu sübut edir ki, İlham Əliyevin həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasət, nəinki Azərbaycan xalqı tərəfindən, hətta dünya miqyasında, Türk dövlətləri tərəfindən də yüksək qiymətləndirilir. Bu da səbəbsiz deyil. Belə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil, bütünlükdə türk birliyinə böyük töhfədir. Çünki Qarabağın azadlığı faktiki olaraq türk dünyasına torpaq qazandırmaq, türkün gücünü nümayiş etdirmək deməkdir.

Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanan Azərbaycan Prezidenti həmçinin Zəngəzur dəhlizinin həyata vəsiqə qazanması üçün ən böyük xidmət göstərən Liderdir. Bu dəhlizin açılması ilə türkdilli dövlətlər arasında coğrafi bağlılıq bərpa ediləcək, bütün Türk dünyasının birlik arzusu reallığa çevriləcək. Bu baxımdan ali mükafat Prezident İlham Əliyevin sərf etdiyi böyük əməyin, zəhmətin qiymətləndirilməsi, minnətdarlıq hissinin ifadəsidir.

Digər bir tərəfdən Azərbaycanın Türk Şurasına sədrliyi dövründə atılan addımlar bu qurumun daha da güclənməsinə səbəb olub. Türkdilli dövlətlər arasında əməkdaşlığın güclənməsi, həqiqi birliyə çevrilməsi həmişə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri sırasında öndə dayanıb. İki il ərzində Azərbaycan Türk Şurasına sədrliyi dövründə eyni kökdən gələn türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə də ciddi töhfələr verib. Hansı ki, Azərbaycanın sədrliyi COVID-19 pandemiyası dövrünə təsadüf edib və yaranan çətinliklərə baxmayaraq, əminliklə vurğulamaq mümkündür ki, bu dövrdə türkdilli dövlətlər arasında ikitərəfli, habelə çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənib, Türk Şurasının dünyada nüfuzunun daha da artırılmasına nail olunub.

Göründüyü kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin istər ölkəmizin, istərsə də regionun, xüsusilə türk dünyasının, ümumilikdə dünyanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, əldə etdiyi uğurlu nəticələr hər zaman diqqətlə izlənilir, təqdir olunur, ali mükafata layiq görülür. Bütün bunlar onu sübut edir ki, bu gün Prezident İlham Əliyev təkcə Azərbaycan xalqını yumruq kimi vahid ideya, amal ətrafında birləşdirən, xalq-iqtidar birliyinə nail olan, öz xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi tarixə düşməyib, O həm də Türk dünyasının birliyini gücləndirən, bu birliyi sağlam təməllər üzərinə qaldıran bir Liderdir. Türk Şurasının İstanbul toplantısında Rəcəb Tayyib Ərdoğanın böyük fəxarətlə Prezident İlham Əliyevə Müzəffər Ali Baş Komandan kimi xitab etməsi bütün bu deyilənlərin ən gözəl sübutudur.

Cənab Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bu mükafatı böyük şərəf, eyni zamanda, böyük məsuliyyət kimi dəyərləndirərək bildirmişdir ki, sevincimi ikiqat edən bu Ali Ordenin Türk Şurasına üzv ölkələrin dövlət başçılarının imzası və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə təqdim edilməsidir. Heç şübhəsiz ki, cənab Prezidentin özünün də dediyi kimi bu mükafat həm də bütün Azərbaycan xalqına verilmiş mükafatdır. Mən də fürsətdən istifadə edərək bu Ali Orden münasibətilə həm Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevi, həm də onun timsalında bütün xalqımızı təbrik edir, güclü, qüdrətli Azərbaycan uğrunda fəaliyyətdə uğurlar arzulayıram”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə