YAP Nərimanov rayon təşkilatı üzrə Ərazi Partiya Təşkilatının növbəti hesabat seçki yığıncağı keçirilib. - FOTOLAR

İclası giriş sözü ilə açan Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov bildirib ki, gündəliyə Ərazi Partiya Təşkilatının 2017-ci ilin fevralından bugünədək fəaliyyətinə dair hesabat, ƏPT sədrinin və sədr müavininin seçilməsi barədə məsələlər daxildir. SİA-nın verdiyi məlumata görə, hesabatda statistik icmal, təşkilatda təmsil olunan müəllimlərin, texniki işçilərin, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Odlar Yurdu Universitetinin struktur bölmələri üzrə ƏPT üzvlərinin faiz indikatoru, habelə islahatlar çərçivəsində ƏPT-nin fəaliyyətinin təkmilləşdirilməsinə və səmərəliliyinin təmin edilməsinə istiqamətlənmiş yeniliklər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, təşkilat öz fəaliyyətini əsasən YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

İclasda çıxış edən Ərazi Partiya Təşkilatının üzvləri, Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıblar, ölkəmizin qazandığı uğurlardan, Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin mühüm əhəmiyyətindən danışıblar, Ərazi Partiya Təşkilatının işini yüksək qiymətləndiriblər. Hesabat səsə qoyularaq qənaətbəxş hesab edilib.

Sonra Ərazi Partiya Təşkilatı sədrinin və sədr müavininin seçilməsi məsələsinə baxılıb.

Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov Universitetin rektoru Əhməd Vəliyevin təklifi ilə Ərazi Partiya Təşkilatının sədri vəzifəsinə Aytən Hüseynovanın namizədliyini irəli sürüb. Səsvermə nəticəsində Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və Layihələr üzrə departamentinin rəhbəri Aytən Hüseynova sədr, Odlar Yurdu Universiteti üzrə Həmkarlar İttifaqının rəhbəri Günay Yusifova isə sədr müavini seçiliblər.

Sonda, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək partiyanın fəaliyyətində tətbiq olunan yeniliklərdən danışıb, həyata keçirilən islahatları yüksək qiymətləndirmişdir. Təqdim olunan hesabatın və ərazi partiya təşkilatının fəaliyyətinin qənaətbəxş olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə