Müasir dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaratmış oldu. Xatırladaq ki, təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Naxçıvan Sazişinə əsasən, müəyyən edilmiş əsas fəaliyyət məqsədləri və vəzifələri, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi və s. məsələlərə önəm verilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti dövründə türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edib. Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik". Əlbəttə ki, Türk Şurasının yaradılmasına dair qərarın, Naxçıvanda keçirilən Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün rəmzi əhəmiyyət daşıyır. Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünündə qəbul olunan mühüm sənədlər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması və Naxçıvan bəyannaməsinin qəbul edilməsi əhəmiyyət kəsb edir. Naxçıvan sazişi ilə türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradılmışdır.
SİYASİ VƏ TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ UĞURLA DAVAM ETMƏKDƏDİR
Bu gün həmin tarixdən 12 il ötür. Bu müddət ərizində TDƏŞ-in keçirilən görüşlərində türk dünyası üçün əhəmiyyət kəsb edən məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib. TDƏŞ-in birinci Zirvə Görüşü "İqtisadi əməkdaşlıq" mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur. Bu günə qədər keçirilən tədbirlər "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq", "Turizm sahəsində əməkdaşlıq" "Media və informasiya sahəsində əməkdaşlıq" və s. mövzular altında keçirilmişdir. Bundan başqa, üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilmişdir. Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı və Xəzər dəniz keçidinin nizamlanması üzv dövlətlərin nəqliyyat və gömrük sahəsi üzrə görüşlərin gündəliyində xüsusi yer tutmuş və Samsun, Bakı və Aktau limanları arasında qardaş limanlar əlaqələrinin yaradılması istiqamətdə atılmış addımdır. Türk Şurası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə 2013-cü il tarixində Bakıda ilk dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmişdir. Azərbaycanın təşkilat çərçivəsində siyasi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı uğurla davam etməkdədir. Onu da vurğulayaq ki, Türk Şurası mötəbər beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirib və hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlığı mövcuddur.
2019-cu ilədə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin onuncu ildönümünə təsadüf edirdi. TDƏŞ-in yeddinci Zirvə Görüşü 15 oktyabr 2019-cu il tarixində "Kiçik və Orta Sahibkarlığın Dəstəklənməsi" mövzusu adı altında keçirildi. Qeyd edək ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və Qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlayıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iqtisadi sahədə atılan addımlar, verilən qərarlar da əvvəlki sazişlər kimi dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. İlk dəfə olaraq, Özbəkistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə tamhüquqlu üzvü kimi iştirakı, Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılması türk dünyasının birliyinin daha da gücləndirilməsi istiqamətində atılan addımların davamı oldu. Naxçıvan sazişinin imzalanmasından keçən 12 il ərzində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.
TÜRKDİLLİ DÖVLƏTLƏR ARASINDA İKİTƏRƏFLİ VƏ ÇOXTƏRƏFLİ SƏVİYYƏLƏRDƏ DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRİLDİ
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Şuraya sədrliyi öz üzərinə götürdü. "Sizi əmin etmək istəyirəm, biz var gücümüzlə çalışacağıq ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin", - deyən Azərbaycan Prezidenti vurğulayıb ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək".
2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən Yeddinci Zirvə Görüşündən sonra Azərbaycan təşkilata sədrliyi üzərinə götürmüşdür. Azərbaycanın sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi.
TDƏŞ-in Dövlət Başçıları Şurasının Fövqəladə Zirvə Görüşü 10 aprel 2020-ci il tarixində videokonfrans vasitəsilə "COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq" mövzusunda keçirildi və Zirvə Görüşündə "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi" qəbul olundu. Tərəflər Dövlət Başçıları Şurası tərəfindən pandemiya ilə mübarizədə elmi, yenilikçi, texnoloji və tibbi potensialların tam səfərbər etməklə təlimatlandırıldı. Fövqəladə Zirvə Görüşünün qərarlarının icrasını təmin etmək məqsədilə TDƏŞ-ə üzv və müşahidəçi ölkələrin səhiyyə, nəqliyyat, iqtisadiyyat, gömrük və miqrasiyadan məsul qurumların rəhbərlərinin videokonfrans vasitəsilə iclasları keçirildi. Eyni zamanda, sözügedən iclaslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunmuş mexanizmlər çərçivəsində davam etdirilir.
TDƏŞ beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.
TDƏŞ hər zaman Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və 27 sentyabr tarixindən başlayaraq Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar vermişdir. TDƏŞ baş katibi 2020-ci ilin 20 oktyabr tarixində Gəncə şəhərini ziyarət etmiş, Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Türk dünyası adından həmrəyliyi nümayiş etdirən bəyanatla çıxış etmişdir. Eyni zamanda, TDƏŞ nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına da səfər edib.
AZƏRBAYCANIN ZƏFƏRİ TÜRK DÜNYASINDA BİRLİYİN VƏ HƏMRƏYLİYİN DAHA DA GÜCLƏNDİRİLMƏSİNDƏ MÜHÜM ROL OYNADI
Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf etmiş, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etmişdir. Müharibə dövründə türkdilli dövlətlərin xalqları da Azərbaycan xalqına dəstəyinin ardıcıl olaraq ifadə etmişlər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynamışdır.
İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamları maraq göstərir, bu xüsusda 2021-ci il sentyabrın 10-da Bakı şəhərində "Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş" biznes forum keçirilmişdir. Türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlıq da olduqca önəmlidir, belə ki, Azərbaycan və Türkiyə arasında artıq media platforması yaradılmışdır. Cari ilin aprelin 10-da Bakıda keçirilmiş Türk Şurasının Mediadan məsul nazir və rəsmilərin iclası xüsusi əhəmiyyət kəsb edir. Həmin iclasda qəbul olunmuş qərarlara müvafiq olaraq, 22-24 oktyabr tarixlərində İstanbul şəhərində "Dərin kökə sahib keçmiş, güclü gələcək" mövzusunda Türk Şurası Media Forumu təşkil olunmuşdur.
Onu da bildirək ki, 2021-ci ilin avqustun sonu sentyabrın əvvəlində təşkilata üzv və müşahidəçi dövlətlərdən 30-ya yaxın jurnalistin Bakı, Gəncə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə - Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinə media turu təşkil olunmuşdur.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü də əlbəttə ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacaq. Türkdilli dövlətləri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığının əsasını təşkil edir. TDƏŞ ölkələr arasında yaxınlaşmanın, inteqrasiyanın inkişaf etməsində ciddi rol oynayıb və bundan sonra töhfələrini verəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB