İşğaldan azad edilmiş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi TƏHLİL
Azərbaycan Prezidenti cəmi bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb
“Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Prezident İlham Əliyev bu sözləri 3 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə Ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi. Prezident İlham Əliyevin çıxışlarında bu məzmunlu ifadələr çoxdur. Çünki dövlət başçısının hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində torpaqlarımızın işğaldan azad olunması məsələsi prioritet idi. Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə güclü Azərbaycan Ordusu öz sözünü deyəcək. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərləri zamanı vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması işğaldan azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməllərinin qoyulması ilə yanaşı, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir.
“Əraziləri yenidən qurmaq üçün güclü imkanlarımız var”
Prezident İlham Əliyev çıxışlarında, görüşlərində, müsahibələrində dəfələrlə vurğulayıb ki, bu gün Azərbaycanın düşmənlərin dağıtdığını qurmağa güclü imkanları var öz öhdəliklərinə sadiqdir. Çünki Azərbaycanın tarixinə silinməz izlərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, mədəni-tarixi abidələrinin dağıdılmasına, milli-mənəvi dəyərlərimizin məhvinə, zəngin təbii ehtiyatlarımızın qanunsuz talanına və azərbaycanlıların öz torpaqlarından didərgin düşməsinə səbəb olan Ermənistanın işğalçılıq siyasətinə ağır zərbə vurulması ilə nəticələndi. Azərbaycan tarixi qələbə qazandı. Lakin, qələbənin əldə edilməsi heç də asan olmamışdır. Bunun arxasında Azərbaycanın son 18 il ərzində regionda və beynəlxalq münasibətlərdə həyata keçirdiyi xarici siyasət, ordu quruculuğu, sosial-iqtisadi inkişaf, vətəndaş-iqtidar həmrəyliyi və Azərbaycanın regional güc mərkəzinə çevrilməsi siyasəti dayanırdı. Bu siyasətin uğurla həyata keçirilməsi ölkə başçısı İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Bir sıra tarixi məqamları xatırlamaq məqsədəuyğun olardı. Qələbənin əsas səbəblərindən biri Azərbaycan xalqı tərəfindən Prezident İlham Əliyevə olan böyük etimad və inamın nəticəsi idi. Münaqişənin bitməsinə və qələbə qazanılmasına 44 gün bəs etdisə, dünyanın bu münaqişədə haqlı və işğala məruz qalan tərəf kimi, məhz Azərbaycanın olması faktını qəbul etməsinə 18 il vaxt lazım gəldi. Ölkə başçısı İlham Əliyev tərəfindən torpaqlarımızın işğaldan azad olunması strategiyası uğurla inkişaf etdirilirdi. Artıq Azərbaycanın dünyada təhlükəsizliyin təminatçısı qismində beynəlxalq münasibətlərin subyekti rolunda çıxış etməsi zərurətə çevrildi.
Qələbənin əldə edilməsi ilə regionda və beynəlxalq müstəvidə Azərbaycanın siyasi nüfuzu artmışdır. Azad olunmuş torpaqlarda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanılıb. Ümumilikdə isə 2021-ci ildə Qarabağda infrastruktur layihələrin icrası və yenidən qurma işlərinin aparılması üçün Azərbaycanın dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdır. Görülən işlərin intensivliyini nəzərə alaraq, 2021-ci ilin sonuna kimi bu faktların və görüləcək işlərin ikiqat artacağını indidən proqnozlaşdırmaq olar. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısı olmaqla, ümumilikdə Qafqazda regional güc mərkəzinə çevrilmişdir.
Qələbə zəfərindən Böyük quruculuğa doğru
44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesinə start verilib. Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”-deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! Artıq tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur, artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub.
"Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 18 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Bütün müharibələrdə olduğu kimi, İkinci Qarabağ müharibəsinin taleyini də strateji bir hədəf həll edirdi ki, bu da Şuşa idi. Məhz buna görə 44 günlük müharibədə çox böyük uzaqgörənlik nümayiş etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşən ordunun böyük hissəsini Şuşa istiqamətində səfərbər etdi. Şuşa qələbəsindən sonra azğın düşmən ağ bayraq qaldıraraq təslim oldu, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı, hələ azad olunmamış üç rayonla yanaşı, bir neçə kəndimizi boşaltmaq öhdəliyini üzərinə götürdü və Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edildi.
2010-cu noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanın açılışında çıxışı zamanı Prezident İlham Əliyev demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Bu gün Azərbaycan ancaq öz gücü hesabına öz torpaqlarını azad etməli idi və bunu etdi. Bunu dövlət başçımızın dediyi kimi: “Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Düşmən qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur... Alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq”.
Və erməni vandalizminin şahidləri - güllələnmiş büstlər doğma Vətəninə qayıdıblar. Bu gün dəmir yumruğun gücü ilə Qarabağ Azərbaycandır - dirçəliş yolundadır. İlk öncə bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi əsas məsələlər sırasındadır. Doğrudur, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Bu, həm on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir.
Görülən işlər göz önündədir
Bu gün görülən işlər göz önündədir. Azərbaycan Prezidenti cəmi bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur. Şuşaya Zəfər yolu, Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, dini-tarixi abidələr bərpa olunur. İnfrastruktur layihələri icra olunur. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır. Cəmi bir il öncə Vətən müharibəsi başlayanda Azərbaycan Prezidenti xarici KİV-ə verdiyi müsahibələrdə qətiyyətlə, inamla deyirdi ki, işğaldan azad edilmiş torpaqlar yenidən qurulacaq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Yeni-yeni infrastrukturlar yaradılacaq. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda siyasi münasibətlər sahəsində də müsbət meyillər güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.
Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Hər kəs şahiddir ki, erməni vandallarının daşı daş üstündə qoymadığı torpaqlarımızda bir ildə hansı işlər görülüb və bu quruculuq işləri hər gün davam etdirilir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, yaxın illərdə Qarabağ yenidən cənnətməkana çevriləcək. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq. Bu günədək Azərbaycan Prezidentinin bəyan etdiyi bütün hədəflərə nail olunması bunu təsdiqləyir. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır. Yeni açılışlar, təməlqoymalar isə işğaldan azad edilmiş torpaqlarımızda başlanan tikinti-quruculuq, yenidənqurma işlərinin, yəni Qarabağın inkişaf planının tərkib hissəsidir.
Bir sözlə, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə bütün dünyaya səs saldı. Biz möhtəşəm Qələbə qazandıq, öz gücümüzə ərazilərimizi azad etdik. Biz Vətən müharibəsində qazanılan Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq. Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi kimi: «Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar. Xocavəndə birinci səfərdir, bundan sonra bu səfərlər təşkil ediləcəkdir. Biz çalışacağıq, necə ki, müharibəni qısa müddət ərzində başa vurduq, eyni zamanda, bu bərpa işlərini də maksimum qısa müddət ərzində başa vuraq ki, siz qayıdasınız, bu cənnət məkana qayıdasınız. Hər bir torpaq bizim üçün cənnətdir, əzizdir. Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır”.
Göründüyü kimi, qürurverici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin, qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB